Uzun ömür yaşayıb uzunömürlü əsərlər yaratmış Maral Rəhmanzadə

İmza ab-havası, adı, fotoşəkilləri də adamda gözəl hisslər, xoş əhval-ovqat yaradır bu xanımın. İlk gəncliyindən ələ aldığı sadə sənət fırçası ilə nəinki təkcə sənətsevərlərin zövqünü, öz “mən”i ilə ilgili sadaladıqlarımı da özəl-gözəl əsər-naxışlarla süsləyib. Enişli-yoxuşlu şəxsi ömür və ümumi sənət yolunda ilk baxışla görünən seçkinlərdən olub. Xoş hiss və duyğularını kiçik kətanlar üzərinə köçürə-köçürə qəlblər qədər böyük, zövqlər qədər müxtəlif gözəlliklər yaradıb...

Eşidib-bildiyimə görə, Maral xanım həm uzun, həm də “iki imicli” ömür yaşayıb; çöldə-bayırda son dərəcə ciddi (hətta qaş-qabaqlı), emalatxanada isə çox gülərüz olarmış.
Amma, nə “sirdir”sə, Maral xanımın əsərləri tamaşaçıya çox bütöv təsir bağışlayır. Düzdür, bu rəsmlərin çoxusunda müəllifinin həyat və emalatxana “dosye”si ilə bağlı notlar da var, amma bunlar “bütövlük” qənaətimizə xələl gətirmir...

“Fırçalı qızca”...

Bu adı ötən əsrin iyirminci illərinin sonlarında toxuyubmuşlar onun adına. O vaxtlar ki, “qız yükü - duz yükü”, “...vay o gündən qız qıza” kimi məsəllər qəzəllərə də sirayət etmişdi. On dörd-on beş yaşlı Maral isə öz gözəl əl işlərilə “köhnə kişi”ləri yavaş-yavaş yeniləşdirməkdə idi. Əlbəttə, hələlik öz məhəllələri dairəsində. Bir az sonralar isə...
1916-cı il iyulun 23-də Bakıda doğulan bu gözəl xanım, 40-cı illərdən etibarən bütün Azərbaycana, Sovetlər İttifaqına və dünyaya özəl bir sənətkar imzası doğurmağa başlayır. Hələ vur-tut 24 yaşı olan bu qızın təzə-tər tərcümeyi-halında artıq iki ciddi, sanballı məktəb adı vardı: Azərbaycan Dövlət Rəssamlıq Texnikumu (1930-1933) və Moskva Dövlət Rəssamlıq İnstitutu (1934-1940). İndilər çoxları üçün adi görünən, “asan” bilinən bu fakt və ünvanlar o dövrlər, o “köhnə kişi”lərçün “dəvədə buynuz”, “eldən dışarı” məsələlərmış; o çağlar Bakı hələ öz çadrasında, əba-qəbasında idi. Küçələrindəki soldatların hamısı yad, özünün əsgər yaşlı oğullarının çoxu isə “arşın mal”i-lad...
Və bu sayaq inanc-qısqanc bir şəhərin gənc bir qızı Moskvaya, oradan da bir çox “stilyaqa” ölkələrin “bradyaqa” salonlarına buyuracaqdı ki, nə var-nə var, Azərbaycan sənətini bütün dünyaya duyuracaqdı?!.
Bəli, sovetlərin yeniləşdirməyə çalışdığı köhnə Bakıda hələ belə nimdaş fikir yelləri əssə də, adına “Fırçalı qızca”, “Məhəllə Maralı” deyilən bu qız, heç nəyə bənd olmadan, əbədiyyət uzunlu sənət yoluna düşüb, dayanmadan getdi...

“Profilaktik proloq”

Bu söz Maral xanımın sənət diapazonu ab-havasından doğuldu; axı, Maral Rəhmanzadə çoxprofilli rəssam-sənətkarlarımızdandır. O, yaşadığı doxsan iki illik ömrün səksəni ərzində, hətta öz çəki-zəkisində olan sənətkarlardan da çox işlər görüb, təkrarsız gözəlliklər yaradıb. Sovet əda-modabazlığının, stilizm-futurizminin ən qızğın çağlarında öz möhtəşəm dəzgah rəsmləri silsilələri, çox maraqlı tabloları, qravürləri, kitab qrafikaları və sair janrlı əsərlərilə Azərbaycan qadınını “Fatma-tükəzbanlıq” etnoqəliblərindən xilas edən öncüllərdən olub.
Bu məlum məlumatlar içərisindəki “əsrə yaxın ömür” faktı məni bir yanı qaçaq bir mühakiməyə də iddiaçı edir. Belə ki, təbiət və cəmadətin vəhdət parça-üzvü olan insan - “hər zərrədə min zərrə” baxımından - mənsub olduğu həmin ümmanlarla müqayisədə mütləq geriliyə məhkumdur. Yəni ötən yüzildə təbiət-bəşəriyyət dünyasının yaradıcılıq qalereyası hara, ayrı-ayrı şəxsiyyətlərin, sənətkarların - “altı milyardda bir”lərin etdikləri hara?..
“Bəşər dünyasının yaradıcılıq qalereyası” dedim, yadıma dünyanın Maral xanıma da dəxli olan çox ünlü bir sənət ünvanı düşdü. Bu ünvanın adı “Tretyakov Qalereyası”, mənəvi dadı, söylənərkən yaratdığı ab-hava ladı özgə bir aləm! Və bu aləmdə Maral Rəhmanzadə guşəsi!
Beləliklə, “Qızıl meydan”lı o gözəl şəhərin ali-əyani sənət məkanına -

Xəyali bir ekskursiya

Böyük sənət şedevrlərinin saxlanc və nümayiş ünvanı olan o qalereyanın qapısından içəri keçməzdən əvvəl, bizim, rəsm edilməsi mümkün olmayan, olsa da, əsla oralara verilməyəsi bir “mentalitet tablomuz” haqda bir neçə kəlmə.
Bəli, sovet illərində çox eşitmişdim (səksəninci illərin əvvəllərində isə öz göz-qulağımla şahid oldum) ki, Moskva və Leninqrada (Sankt-Peterburq) gedən həmvətənlərimizin əksəriyyəti milisdən (polis), metro işçilərindən, avtobus, trolleybus, tramvay sürücülərindən daim hansısa univermaq, yarmarka, bazar və digər ticarət mərkəzlərinə necə getmək yollarını soruşurlar. O vaxtlar iş elə gətirdi ki, mənim də yolum Moskvaya düşdü və həmin “dükan-bazar” etiketimizdən xəcillik hissi keçirənlərdən biri kimi, “ayaqaçdı”nı Tretyakov Qalereyasına etdim. O qalereyaya ilk dəfə daxil olanların ecazkar sənət ab-havasından gicəllənmələrini eşitmişdim, mənsə əməlli-başlı səntirlədim. Əgər giriş qapısının üzbəüzündə asılmış “İsanın zühuru” tablosunun rəhmətlik müəllifi mənim o otuz-qırx metrlik məsafəni necə getdiyimi görmüş olsaydı, çox yəqin ki, “İnsanın təhər-tövrü” adlı daha bir şedevr yaradardı. Hətta mən - o vaxt alababat televiziya jurnalisti ola-ola, barmağımla İsa Məsihin sağ ayağına toxundum da ki, görüm, bu, doğrudanmı şanlı sənətdəndir, ya canlı ətdən?! Bələdçi qadın isə, yəqin ki, yalan olmasın, qırx ildən bir işlətdiyi bir irad bildirdi mənə: “Oğul, toxunmaq olmaz...”
Mən orada öz “Novruzəli”liyimə içimdə bir Vəli xan gülüşü gülüb, adlarını çoxdan eşidib üzlərini görmədiyim Azərbaycan imzalı sənət əsərlərini axtarıb-aramağa başladım. Başqa söhbət-yazıların mövzusu olan başqa sənətkarlarımızla bərabər, burada Maral Rəhmanzadənin də iki əsərini - “Qadınlar müharibə illərində” və “Azərbaycan” tablolarını gördüm. Bələdçi qızdan öyrəndim ki, Maral xanımın fondda daha beş əsəri var və o onlardan ikisinin (“Mənim bacılarım”, “Bizim qızlar”) adlarını çəkdi, üçünün adını isə - çox təəssüf hissi ilə - unutduğunu bildirdi. Dərhal da qeyd etdi ki, əgər vacibdirsə, kataloqa baxıb, deyə bilər. “Vacibdirsə”... Əlbəttə, milli sənətkarımızın həmin əsərlərilə də tanışlıq pis olmazdı. Amma... ortada bir “qan” məsələsi də vardı axı: mən də, Molla Nəsrəddin demişkən, “bizim kəndçi” idim və yüz ildə bir kərə üçgünlüyə yolum düşmüş Moskvanın “hər nə istəsən...” mağazalarına baş çəkməyi daha vacib saydım. Amma sonrakı saatlarda, günlərdə başqa bir fəndlə bu mental xəyanətimin əvəzini çıxdım. Belə ki, hər metro işçisi, milis və digər (ictimai rəy formalaşdıra biləsi) diqqətcil insanlarla rastlaşdıqca, yorulmadan, təkrar-təkrar (özü də, qəsdən, periferik aksentlə) soruşurdum: “Bağışlayın, Tretyakov Qalereyasına necə getmək olar?”
Maral xanımın sağlığında ondan xəbərsiz işlətdiyim həmin sual bu yazı əsnasında belə bir xəyali “deqredasiya”ya uğrayır: bağışlayın, bəs tamaşaçı qəlbinə necə getmək olar?..

Kişi... qadın... sənət...

Deyirlər (özü də düppədüz deyirlər): kişi qəlbinə yol mədəsindən, qadın qəlbinə - qulağından keçir. Qadın keçmişinə, kişi gələcəyinə görə seçilib-sevilir. Bəs sənət? Məncə, sənət özündəki iddiasızlığa, mahiyyətindəki qəlbə görə sevilir. Elə ki sənət qəlibə salındı, onda qəlb olmaz. Amma o əsərdə ki qəlb var, onun qarşısında heç bir laqeydlik tab gətirə bilməz. Oxucu, dinləyici, tamaşaçı qəlbi ilə əsər qəlbi tutuşanda isə “Tutuşdu qəm oduna şad gördüyün könlüm!” kimi şedevrlər yaranasıdır. Özü də ilk oxu, ilk dinləm və ilk baxışdanca! Belə hallarda istisnalar da mümkündür. Lakin nə qəm - sənətkarlar, müdriklər bunun da dərmanını deyiblər. Birini də Sokrat deyib: “İlk baxışda vurulmamaq və ya ikrah etməmək üçün nə etmək olar” sualına o, ikinci nəfəsini dərəndən sonra, belə cavab verib: “İkinci dəfə daha diqqətlə baxmaq gərək”...
Böyük yunun mütəfəkkirinin bu tövsiyəsinin əksi də, bəndənizin “bəs tamaşaçı qəlbinə” sualının cavabı da - “Şöhrət” və “Şərəf nişanı” ordenləri, Prezident təqaüdü şan-şöhrəti yaşayıb getmiş bu gözəlliklər xanımının bizə yadigar əsərlərində....

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar