Muğam ustadı Zülfünün oğlu, məşhur dirijor Yalçının atası - Vasif Adıgözəlov

1935-ci il iyulun 28-də Bakıda - böyük sənətkar Zülfüqar Adıgözəlovun ailəsində doğulmuş bu məşhurzadədən Azərbaycan mədəniyyətinin, hələlik, ən azı “nəsə” gözləntisi məlum və xeyli dərəcə məqbul. Amma, məncə, o vaxtlarçün gözlənilməz məsələ bu imiş ki, əsas sözü-söhbəti doğma “muğam”, “təsnif”, “mayə”, “zəngulə” və sair milli ifadələrdən ibarət bu ailənin leksikon bostanına, tezliklə Vasifin seçəcəyi sənət qolu hesabına “oratoriya”, “kantata”, “operetta”, “opera”, “romans”, “kamera-instrumental” kimi “yadelli” terminlər də tağ atacaqmış...

Öncə, bu gözəl bəstəkarımızın işgüzar həyat notlarından.
Parlaq gələcək aləmilə bağlı ixtisas təhsilinə 10 illik musiqi məktəbində (pianoçu) başlayan Vasif Adıgözəlov 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın siniflərində təhsilini davam etdirir və 1959-cu ildə konservatoriyanı iki ixtisas üzrə bitirir.
O vaxtlar tez-tez işlənən “əmək fəaliyyəti” aləminə 1958-ci ildən Azərbaycan Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayan Vasif sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A.Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru vəzifələrində çalışıb. 1972-ci ildən etibarən onun adı Azərbaycan Dövlət Konservatoriyasının məşhur müəllimləri sırasında çəkilib, 1989-cu ildə həmin təhsil ocağının professoru olub, “Xor dirijorluğu” kafedrasına rəhbərlik edib. 1973-cü ildə Əməkdar incəsənət xadimi, 1988-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib, Dövlət mükafatı laureatı adını alıb, 1995-ci ildə "Şöhrət ordeni" ilə təltif edilib.
Yetmiş bir illik ömrünün yarım əsrə yaxını qızğın, işgüzar və məhsuldar yaradıcılıq proseslərində keçən Vasif Adıgözəlov Azərbaycan musiqi xəzinəsinə bəxş etdiyi bir neçə əsəri ilə mədəniyyət tariximizə əbədi imza atmışdır. Onlardan “Ölülər” və “Natəvan” operalarının, “Hacı Qara” (Ramiz Mustafayevlə müştərək), “Nənəmin şahlıq quşu”, “Boşanaq - evlənərik”, “Lənət şeytana” operettalarının, “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala - 1915”, “Qəm karvanı” oratoriyalarının, “Novruzum”, “Təntənəli” kantatalarının adlarını çəkə, 4 simfoniya və instrumental konsertlərini, kamera-instrumental nümunələrini, kinofilm və teatr tamaşalarına yazdığı musiqiləri, romans və mahnıları qeyd edə bilərik.
Görkəmli bəstəkarın unudulmaz adı ondan çox ekran əsəri ilə də bağlıdır ki, onlardan bir neçəsini hörmətli oxucularımızın diqqətinə çatdırmaq istərdim: “Qaraca qız”, “Həyat bizi sınayır”, “Qəribə əhvalat”, “Skripkanın sərgüzəşti”, “Şərikli çörək”, “Zülfü Ocağı” və s.

Bəli, Zülfü ocağı!..

Dünyaya bu ocağın işığında baxa-baxa böyüyən, 1963-cü ilədək - “onsuz da şirin muğamlarımızı şipşirin edən Zülfü” ata dünyasını dəyişənə qədər bu ailə üçün hələ də “balaca” olan Vasif böyük sənətə ötən əsrin 60-cı illərində gəlib. O illərdə ki, bizim ümumsənət aləmimizin ovaxtkı ədəbiyyat mənsublarından ən yeni dünyabaxışlıları bu gün də həmin onilliklə bağlı xatırlanır: “60-cılar”! Bu isə, əlbəttə, daha çox, repressiya karandaşlı “maestro” stalinizm və “öz xoşumuzla” daxil olduğumuz SSRİ-də totalitarizm “yaradıcılığının” digər yaradıcılıqlarla əvəzlənməsilə əlaqədar idi. Hələlik, belə demək mümkünsə, ictimai üzdə o qədər də səsə salınmayan, yaradıcı fərdi içlərdə isə geniş üfüqlər açıb ilham şəfəqləri saçan bu yarımazadlıq eşqi söz, mətn, ədəbi yaradıcılıq ehtiyatkarlığına nisbətdə xeyli qorxusuz olan musiqi sahəsində də hiss olunurdu. Həmin “musiqi 60-cıları” içərisində Vasif Adıgözəlov isminə gəldikdə isə, bəlli bir “üstəgəl” qeyd olunmalıdır; onun genetik musiqi istedadı, dövrün ən ünlü sənətkarlarından olan atasına rəğmən ailə və bir də zəmanə məşhuru Qara Qarayevin sinfilə ilgili ali məktəb dünyası! Bütün bu mükəmməlliklər sayəsində özünü hər məqam və məkanda inamlı hiss edən Vasif ətraf aləmin də diqqət mərkəzinə düşür. Hələ tələbəliyində - konservatoriyanın ikinci kursunda ikən ona böyük konsertlərdə piano ifaçılığı etibar edilir. Haqqında yüksək fikirlər, “perspektiv qənaətlər” söylənir. Öz əsərlərindən birini tələbə Vasifin ifasında dinləyən o dövr məşhurlarından gürcü bəstəkar O.Taktakişvili deyir: “Eşitdiyiniz bu əsəri yüksək qiymətləndirdiyinizə görə hamınıza dərin təşəkkürdən sonra elan edirəm: mənə bu cavan oğlandan yaxşı solist lazım deyil”...
Vasif Adıgözəlovla bağlı belə nüanslar, neçə illərdir sevə-sevə dinlədiyimiz məlum və məşhur əsərlərinədək tarix “kölgəsində” qalmış epizodlar az deyil və zaman keçdikcə bütün bunlar haqda da yazılacaq. Bu məqamda sənətşünaslıq doktoru İmruz Əfəndiyevanın bu gözəl sənətkarımız haqda yazdığı dəyərli monoqrafiyanı xatırlatmaq yerinə düşür. Sözügedən monoqrafiya bəstəkarın ibrətamiz həyatı, örnək mühiti, rəngarəng və çoxcəhətli yaradıcılığı haqda hərtərəfli məlumat verir. Bir çox spesifik məqamlarla birgə, bu da məlum olur ki, Vasif Adıgözəlov sənət aləminə ilk addımını hələ 21 yaşında ikən atıb. Özü də hansı məkan, nə səviyyəli bir yığıncaqda! Bəli, Azərbaycan Bəstəkarlar İttifaqının I qurultayında (1956), “Simfonik poema” və “Sonata”sı ilə! Bu uğurlu debüt - Konservatoriyanın həm bəstəkarlıq, həm pianino siniflərini bitirmiş 24 yaşlı bu gəncin bir il sonra Bəstəkarlar İttifaqına üzv qəbul olunmasına da dilsiz bir xeyir-dua vermiş olub.
Onu daha geniş dairəyə tanıdan həmin debütədək, daha çox “gəlmə”, “yad” janr və üslublu musiqi taktları üstdə gəzişən gənc bəstəkar, o çağdan etibarən böyük həvəs və şövqlə meylləndiyi milli musiqimizin dərinliklərinə də baş vurur. Folklor və müasir ədəbiyyat nümunələrini musiqiyə gətirmək çabalarında bulunur və ilk olaraq, ictimai-milli ağrı-acılarımızın təkrarsız təcəssümçüsü C.Məmmədquluzadə yaradıcılığı üstdə dayanır. Ədibin eyniadlı tragikomediyası əsasında “Ölülər” operasını yazır. Bir az yuxarı sətirlərdə bəstəkar haqda monoqrafiyasını xatırlatdığım İ.Əfəndiyevanın sözü ilə desək, həmin operada müəllif “milli musiqinin qədim janrları ilə Avropa musiqi mədəniyyətini üzvi şəkildə qovuşdurmağa nail olur”.
Bu uğurdan ruhlanan bəstəkar az sonra, həmkarı R.Mustafayevlə müştərəklikdə, M.F.Axundzadənin “Hacı Qara” komediyası əsasında ilk operettasını yazır. Bununla çoxşaxəli yaradıcı diapazona malik olduğunu əməli nümayiş etdirmiş olan bəstəkar, sonralar, artıq bu yazının əvvəlində adları çəkilən operettalarını da tələbkar tamaşaçı auditoriyasına təqdim edir. 1968-ci ildə bitirdiyi “İkinci simfoniya” və əsrin böyük müəllimi, bütün zamanların ölməz bəstəkarı Qara Qarayevə həsr etdiyi 1 saylı “Fortepiano ilə orkestr üçün konsert” əsərlərilə daha da şöhrətlənir. Həmin illərdə dünya şöhrətli müğənni Rəşid Behbudovla birgə fəaliyyəti də onun yaradıcılığının təbliğində mühüm rol oynayır. Getdikcə ictimai fəaliyyəti ümumittifaq miqyas alan bəstəkar SSRİ-nin böyük mədəniyyət mərkəzlərində təşkilati və yaradıcı çıxışları ilə seçilir. Xüsusilə, ustad Tofiq Quliyevlə birgə fəaliyyət dövründə yeni ideyalar və estetik istiqamətlərdə dəyərli axtarışlar aparır.
Ölkəmizin ağır milli sınaq illərində vətən taleyi mövzusuna müraciət edən bəstəkar “Odlar Yurdu” və “Qarabağ şikəstəsi” oratoriyalarını yaratdı.
Lakin... bu kimi təsirli, Vətən rübablı çox əsər yaratmış bu gözəl sənətkarımız 2006-cı ildə həmin oratoriyalardan sonuncusunda ehtiva olunan müqəddəs Vətən torpağı parçamızın taleyindən nigaran köçdü...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar