Azərbaycan

1 avqust 1894 - Görkəmli yazıçı-dramaturq, maarifçi, dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda ilk ictimai kitabxana - qiraətxana açılıb.
1 avqust 1896 - Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafiki Həsənağa Hacağa oğlu Mustafayev (1896 - 22.4.1977) anadan olub.
1 avqust 1908 - Ədəbiyyatşünas, professor Hidayət Əfəndiyev (1908-1979) anadan olub.
1 avqust 1929 - Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Bağır İbrahimxəlil oğlu Bağırov (Bağır Ulduz) (1929 - 15.1.2010) anadan olub.
1 avqust 1933 - Azərbaycanın və Özbəkistanın Xalq artisti, rejissor Firudin Səttar oğlu Səfərov Bakıda doğulub. 1968-ci ildən Azərbaycan Akademik Opera və Balet Teatrında, 1977-ci ildən Ə.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrında quruluşçu və baş rejissor işləyib. Daşkənd Dövlət Konservatoriyasının professorudur.
1 avqust 1935 - Ədəbiyyatşünas alim, professor Xeyrulla Qulam oğlu Məmmədov (1935 - 8.9.2005) Lerik rayonunun Hoveri kəndində anadan olub. “Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda”, “XIX əsr Azərbaycan ədəbiyyatı” və s. dərslik və monoqrafiyaların müəllifidir.
1 avqust 1948 - Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Ələkbər Yunus oğlu Muradov (1948 - 1.8.2013) Bakıda doğulub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam”, “Mənim ağ şəhərim” (operator), “Güllələnmə təxirə salınır” (rejissor) və s.
1 avqust 1960 - Kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev anadan olub. “Yarasa” filmi (1995) bir sıra festival və müsabiqələrdə mükafat qazanıb. “Vahimə”, “Təxribat” filmlərində çəkilib.
1 avqust 1961 - Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916, Gəncə - 1961) vəfat edib. Məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.

2 avqust 1898 - Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti nümayiş etdirib: “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “İlişdin” (Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat). Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü elan olunub.
2 avqust 1955 - Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manaf oğlu Manafov Xankəndi şəhərində anadan olub. Çəkildiyi filmlər: “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Gecə qatarında qətl”, “Təhminə”, “Otel otağı”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm”, “Sübhün səfiri” və s.
2 avqust 1969 - Milli səhnəmizin ilk azərbaycanlı qadın müğənnilərindən biri, Xalq artisti Həqiqət Rzayeva (20.5.1907 - 1969) vəfat edib. Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.
2 avqust 1980 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (14.1.1923 - 1980) dünyasını dəyişib. 1952-ci ildən Dövlət Akademik Milli Dram Teatrında rejissor, 1964-cü ildən baş rejissor işləyib. U.Şekspirin «Antoni və Kleopatra» (1965), Anarın «Şəhərin yay günləri» (1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.
2 avqust 1984 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə, 20.8.1912 - 1984) vəfat edib. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.
2 avqust 2009 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (8.12.1942 -2009) vəfat edib. Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» filmlərinə çəkilib.

3 avqust 1993 - Bakıda ilk beynəlxalq peyk rabitə sisteminin açılışı olub. Amerika Birləşmiş Ştatlarının "IDB" şirkətinin quraşdırdığı kompleks Azərbaycanı beynəlxalq telekommunikasiya sisteminə qoşub.

Dünya

1 avqust 1819 - Amerika yazıçısı Herman Melvill (Herman Melville; 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.
1 avqust 1923 - SSRİ Xalq artisti, məşhur televiziya aparıcısı və diktoru Valentina Leontyeva (1923-2007) anadan olub.
1 avqust 1942 - İtalyan aktyoru Cankarlo Cannini (Giancarlo Giannini) anadan olub. Filmləri: “Həyat gözəldir”, “Lili Marlen” və s.
1 avqust 1948 - Tanınmış Latviya aktyoru İvar Kalnınış (Ivars Edmunds Kalnins) anadan olub. Filmləri: “Qreta” villasının sirri”, “Qış albalısı”, “Dronqo” teleserialı və s.
1 avqust 1965 - Amerika rejissoru Sem Mendes (Samuel Alexander Mendes) anadan olub. “Amerikansayağı gözəllik” filminə görə “Oskar”a layiq görülüb.

2 avqust 1834 - Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. ABŞ-ın Nyu-York şəhərindəki məşhur «Azadlıq» heykəlinin müəllifidir.
2 avqust 1892 - Amerikanın «Warner Brothers» kinokorporasiyasının qurucularından olan Cek Leonard Uorner (Jack Leonard Warner; 1892-1978) anadan olub.
2 avqust 1932 - İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole; 1932-2013) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.
2 avqust 1939 - Amerika rejissoru, prodüser və ssenarist Ues Kreyven (Wesley Earl Craven) anadan olub. “Qorxu filmləri”nin müəllifidir: “Soldan sonuncu ev”, “Təpələrin də gözü var” və s.

3 avqust 1832 - Xorvat bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.
3 avqust 1940 - İspan-irland əsilli Amerika aktyoru Martin Şin (Martin Sheen) anadan olub. Filmləri: “Apokalipsis bu gün”, “Uoll-strirt”, “Qandi”, “Amerika prezidenti” və s.
3 avqust 1994 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza”, “Ölü canlar” və s.
3 avqust 2008 - Rus yazıçısı, tarixçi, publisist, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (11.12.1918 - 2008) vəfat edib. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya edilib, ABŞ-da yaşayıb, 1994-cü ildə Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "Arxipelaq QULAQ", "Qırmızı təkər" və s. romanların müəllifidir.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar