Teatr səhnələrində minbir cür, kino-ekranlarda Professor, Çalpapaq Kərəm, Şərəfoğlu, Şirin kişi...

Xatirələrdə isə şipşirin kişi! Ötən yazımda “başdan-başa tamaşa kişi” başlığı ilə təqdim etmişdim - bu auraca nur Adamı, səs-sədaca gur Aktyoru, sənətcə, mədəniyyətcə və... elə görkəmcə də görkəmli Obrazı...
O, həyatda da eynən sənətdəki kimi seçilirdi. Yer üzünü “hamı” quruluşlu batal səhnəyə bənzətsək, Məmmədrza Şeyxzamanovu ayrıca-aydınca görünənlər sırasında görərdik...


Həmkarlarına nisbət çox yaşamasına və rollar oynamasına rəğmən onu sənət leksikonumuzdakı “baş rol”, “əsas qəhrəman” kimi terminlərin “tərəf-müqabil”i, “baş ömürçü”-“ali sənətçi”lərdən saymaq da məqbul...
Çağdaş gənc teatrsevərlərçün qeyd edək ki, Azərbaycan səhnəsində ayrıca bir era olmuş Məmmədrza Şeyxzamanovun böyük “tamaşalar portreti”, təəssüf ki, bu gün teleekranlarda adda-budda göstərilən fraqmentlərlə müşahidə olunur. Obyektiv-subyektiv səbəblərdən o qədər də çox çəkilmədiyi böyük kinoda isə... Bu məqam sözümü, onun özünün də iştirakçısı olduğu filmlərdən birindəki patetik-didaktik (çoxları üçünsə xeyli ritorik) xitabla davam etdirməli olsam, - ekranlarımızı onsuz təsəvvür etmək olarmı?
O, ayrıca bir teatral sir-sifət olduğu kimi, əlahiddəcə bir mental şəxsiyyət idi. Oynadığı hər rolun əsərdəki - teatr və ya kinodakı tipi ilə həyatdakı prototipini vəhdətə salırdı. Məsələn, o, “Əhməd haradadır?” filmindəki Şirin kişinin adını bir bədii isim olaraq yaddaşlara, özünə qədər müəllif və rejissor prosedurlarından keçmiş bu obraza əlavə etdiyi nüanslarla isə dadını damaqlara hopdura bilib. Məşhur “Bəxtiyar” filmindəki “barışmaz”, tələbkar professorluğu ilə “zorən-tələbə” Bəxtiyarı “məruz” qoyduğu rəsmi-akademik “seminar”-söhbətlərilə ekranın bu tərəfindəki milyonlarla tamaşaçıya çox xəlqi-emosional “mühazirə” oxumuş olub. Cəmi üç-dörd epizodda görsəndiyi “Böyük dayaq”da öz ağıryana təhər-tövrü, tabeliyində olan kolxoz sədri (və keçmiş döyüş yoldaşı) Rüstəm kişiyə tövsiyələrinin deyim tərzi ilə, dövrün nifrət subyektlərindən birinə çevrilmiş “raykom katibləri” kabusunu tamaşaçı-xalq gözündə, az da olsa, qaldırmağa nail olmuşdu. “Tütək səsi”ndə sinəsinə sıxdığı sazı ilə müharibə ağrı-acılarını, oğul itki-həsrətini necə “Ruhani”ləşdiribsə, mövzunu iliyinədək ifadə edən sir-sifəti, biri bədbinlik, digəri nikbinlik saçan gözlərilə küll-tamaşaçını eləcə irfaniləşdirərək, sənət və həyat dualizminə cəlb edib...
Yuxarıda bəhs etdiyim “ayrıca teatral sir-sifət, əlahiddəcə mental şəxsiyyət” məsələsinin hardan, nədən qaynaqlandığına dair də bir-iki sözüm var. Belə ki, Məmmədrza Şeyxzamanov sənət-mədəniyyətcə Nizamili, Məhsətili, qeyrət-şəxsiyyətcə Cavad xanlı bir ünvanda doğulmuşdu. Milli damarı ən çətin siyasi dönəmlərdə belə qırılmayan Gəncədə tərbiyə-təlim görmüş, heç nəyə tələsməyib, heç nəyə gecikməyən, heç nədə ifrata varmayan bir mühitdə formalaşmışdı. 1954-cü ildə - otuz doqquz yaşında ikən Mədəniyyət Nazirliyinin əmri ilə Bakıya gəlib, yaşla bağlı zərb-məsəlimizdəki (“qırxında öyrənən...”) məlum “perspektiv”i pozaraq, Azərbaycan teatr və kino aləmi qarşısında açılmaqda olan (o dövrün dəb ifadəsilə desək) “geniş üfüqlər”də bənzərsiz rol oynamışdır.

Hələ Gəncə illərindən...

O otuz doqquz ilin iyirmisi sənət-səhnə ilə bağlı...
Nə qədər hadisələr, olaylar olub o illər...
Məmmədrza ilə birbaşa bağlı olanından başlayaq: 1915-ci il. Üç ildən sonra bu şəhərdə - bir çox millisoy şəcərələr sırasından - Şeyxzamanovlara da böyük fəxarət hisslərilə bahəm, sonda bəlli əzab-əziyyət duyğuları da bəxş edəcək ilk müstəqil Cümhuriyyət doğulacaqdı. Amma hələ bundan bir il əvvəl, iki yaşlı Məmmədrzanın atası dünyasını dəyişəcək, ailənin bütün yükü - qəddar bolşeviklərə qədər evdar qadın, sonra isə bir tikə çörəkpulu üçün toxuculuq fabrikində məşəqqətlər yaşayan anasının çiyinlərinə düşəcəkdi. Cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan “təmizləmələr” Şeyxzamanovlar nəslinə də əl gəzdirir. Onun məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalır, ailənin taleyinə kədərli izlər düşür, hər xırdalıqlara görə təqiblərə məruz qalır, olmazın problemlərlə üzləşirlər. Bu çətinliklər Məmmədrza Şeyxzamanovun sənət yolunda da keçilməz baryerlər, çəkilməz sıxıntılar yaradır. Elə təkcə bunu demək kifayət ki, öz geniş səhnə-sənət fəaliyyətilə 35-40 yaşlarından layiq olduğu Xalq artisti adına 59-cu sinnində nail olur.
Bu boz münasibətlər onu orta məktəbdə də müşayiət edib. Lakin hamıdan fərqli qabiliyyəti, istedadı, tərbiyəsi, savadı, biliyi Məmmədrzanın xilaskarına çevrilir. Elə aktyorluğa həvəs “toxumları” da həmin yarı siyasi-para pedaqoji illərdə səpilibmiş Məmmədrza duyğularına. Belə ki, o, orta məktəbdə ikən teatr studiyasına daxil olur. 1934-cü ildə C.Cabbarlı adına Gəncə Dram Teatrına dəvət olunur və səhnəyə (“Hind qızı”nda Brahma) çıxır. Bu, gələcək aktyorun professional teatr səhnəsinə atdığı ilk müvəffəqiyyətli addımı olur, ardınca məşhur tamaşalarda ünlü obrazları (“Vaqif”də Eldar, “Fərhad və Şirin”də Fərhad, “Yaşar”da İmamyar və s.) yaratmağa başlayır.
Əllinci illərin əvvəllərində paytaxtımıza dəvət edilib, Akademik Dram Teatrında işə başlayan M.Şeyxzamanovun şəxsində Azərbaycan tamaşaçısı da müqtədir bir aktyorla tanışlığa başlamış olur. Onlar bu yeni ad-soyadda “Göz həkimi”ndəki Şahbazovu, “Qış nağılı”ndakı Polikseni, habelə Xosrovu (“Fərhad və Şirin”), Qacarı, Eldarı (“Vaqif”), Otellonu (“Otello”), Aydını (“Aydın”), Qaçaq Nəbini (“Qaçaq Nəbi”) xeyli yeni nüans və ampluada seyr edir, Azərbaycanın teatr ictimaiyyəti isə “təzə”, “ümid”, “perspektiv” ab-havalı söhbətlərdə bulunur.
Çağdaşları da vurğulayırlar ki, M.Şeyxzamanov çox cazibədar və nadir aktyorlardan olub. Onun səslər içində seçilən səs-sədasını ayrıca səhnə və kino obrazı kimi dəyərləndirənlər də var. “Mahnı dağlarda qaldı”, “İblis”, “Zamanın hökmü” tamaşalarındakı tərəf-müqabilləri söyləyirlər ki, M.Şeyxzamanov üçün keçilməz, aşkarlanmaz obraz yox idi. O, müxtəlif xarakter və səpkili qəhrəman surətlərini də, komik rolları da eyni məharətlə ifa edir, hər obrazın özünəməxsusluğunu bənzərsiz tərzdə yaradırdı. Vurğulayırlar ki, bu, onun öz şəxsi-həyati obrazından da qaynaqlanırmış; xaraktercə bütöv, zəngin dünyagörüşlü şəxsiyyət obrazından! Hər kəs “o çox mərd idi” fikrini xüsusilə qabardır. Heç kimdən qorxmazdı, deyirlər. Ürəyindən keçən sözü yalnız üzə deyər, heç vaxt kimsənin arxasınca danışmazdı. Düzlüyü çox sevirdi. Kimliyindən asılı olmayaraq, həmişə həqiqətin tərəfdarı olardı. Elə üzünə baxanda görünürdü ki, yerini bilən adamdır. Şit, yersiz zarafatları xoşlamırdı. Amma yaxın adamları, yoldaşları arasında duzlu-məzəli zarafatlarından da qalmazdı. Bir sözlə, o, əsl Azərbaycan kişisinin tipik nümunəsi idi.

Ekran...

M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə - “Bəxtiyar” filmində professor Rəcəbov rolu ilə çıxıb. Sonralar “Qızmar günəş altında” filmində Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm və s.
1963-cü ildə böyük sənətkarımız Ədil İsgəndərov Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi “Əhməd haradadır?” musiqili komediya filmində Nəcibə Məlikova, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınmış sənətçilər sırasında əsas rollardan birini - Şirin kişini məhz Məmmədrza Şeyxzamanovun timsalında görür.
Həmin filmdə epizodik, sonrakı ekran işlərində isə bir çox yaddaqalan surətlər yaratmış Əbdül Mahmudbəyov xatırlayır ki, əsasən “Əhməd haradadır?” filmindən görüb tanış olduğu M.Şeyxzamanovun sənəti ilə bahəm şəxsiyyəti də onu heyran etmişdi: “O, maraqlı insan, əsl teatr və kino xadimiydi. Elə yaradıcı sənətkarlardan ki, - böyüklüyünə, peşəkarlığına müqabil heç bir iddiada bulunmazdı. Çox rahat adam, çox yaradıcı sənətkar idi. Onunla çalışmaq da çox asan idi, hamıya xoş təsir bağışlayırdı. Yaxınları, dostları, tanışları arasında belə bir ləqəbi də vardı - "Yaxşı kişi".
...Bu dünyada hamının hörmət və rəğbətinə tuş gələn bu “Yaxşı kişi” o dünyaya - Allah rəhmətinə 70 yaşında gedib...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar