Azərbaycan

13 avqust 1941 - Xalq artisti, müğənni Elmira Allahverdi qızı Rəhimova anadan olub. 1957-ci ildə Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə bu ölkəyə gedib, hind rəqs sənəti və mahnılarını öyrənib. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib.
13 avqust 1947 - Tanınmış rejissor, Xalq artisti, professor Azərpaşa Zəfər oğlu Nemətov anadan olub. 70-80-ci illərdə Gənc Tamaşaçılar Teatrında işləyib, bir müddət Sankt-Peterburqda çalışıb. 1990-cı ildən Akademik Dram Teatrında rejissor kimi fəaliyyətə başlayıb, tamaşaları İstanbul, Moskva və digər şəhərlərdə festivallarda uğur qazanıb. Azərbaycan Teatr Xadimləri İttifaqının sədridir. “Şöhrət” ordeninə (2007) layiq görülüb.

14 avqust 1923 - Ədəbiyyatşünas alim, Dövlət mükafatı laureatı, akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 - 20.1.2006) anadan olub. “Abbas Səhhət”, “Qorki və Azərbaycan”, “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” və s. monoqrafiya və kitabların müəllifidir.
14 avqust 1933 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə "Ayrılma məndən", "Toy olsun, bayram olsun", "Əgər sevgi olmasa" və s. populyar mahnılar bəstələnib.
14 avqust 1940 - Yazıçı Asif Akif oğlu Əliyev (1940 - 8.9.2001) anadan olub.
14 avqust 1953 - Əməkdar artist Əjdər Qüdrət oğlu Həmidov Şabran rayonunun Aygünlü kəndində anadan olub. Milli Dram Teatrının aktyorudur. "Kişi sözü", “Girişmə, öldürər!”, "Lətifə" və s. filmlərdə çəkilib.
14 avqust 1957 - Xalq artisti, məşhur xanəndə Alim Həmzə oğlu Qasımov Şamaxıda doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Əsli və Kərəm”) çıxış edib. Azərbaycan muğamının dünyaya tanıdılmasına töhfələr verir, festival və müsabiqələrin qalibidir, UNESCO-nun musiqi mükafatını qazanıb. “Şöhrət” ordeninə (2007), mədəniyyət sahəsi üzrə Dövlət mükafatına (2010) layiq görülüb.

15 avqust 1784 - Görkəmli şair, Azərbaycan ədəbiyyatında satirik poeziyanın banilərindən biri Qasım bəy Əli bəy oğlu Zakir (1784-1857) Şuşada anadan olub. Əslən Qarabağ xanlarının Cavanşirlər nəslindəndir, ulu babası Kazım ağa Pənahəli xanın qardaşı olub. Rusiya-İran müharibələrində (1804-1828) rusların tərəfində vuruşsa da, bir çox satiralarında çar hakimlərini və yerli məmurları ifşa edib. Mənzum hekayə və təmsillərin müəllifidir.
15 avqust 1832 - Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvan (1832-1897) Şuşada doğulub (bəzi mənbələrdə doğum günü 6 avqust göstərilir). İbrahimxəlil xanın nəvəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada "Məclisi-üns" ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur. Rəssamlıq, bədii tikmə ilə də məşğul olub. Xeyriyyəçiliyi ilə tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.
15 avqust 1867 - Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) anadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edib.
15 avqust 1955 - Xalq artisti Afaq Bəşirqızı anadan olub. Lənkəran Dram, Sumqayıt Musiqili Dram teatrlarında çalışıb. 1989-cu ildən Dövlət Musiqili Teatrında fəaliyyət göstərir. Televiziya tamaşalarında (“Yaşıl eynəkli adam”, “Bala - başa bəla”, “Yarımştat” və s.), filmlərdə («Bəxt üzüyü», «Girov») yaddaqalan obrazlar yaradıb.

16 avqust 1925 - Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 - 13.2.2009) Şəkidə anadan olub. Azərbaycanın şimal və cənuba bölünməsindən bəhs edən "Gülüstan" poeması (1959) şairə məşhurluq gətirib. Ümumilikdə 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.
16 avqust 1925 - Yazıçı-dramaturq, şair, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 - 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” pyeslərinin, poema, şeir və hekayələrin müəllifidir. Azərbaycan KP MK-nın katibi olub.
16 avqust 1998 - Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 - 1998) vəfat edib. «Ulduz”, “Azərbaycan» jurnallarının baş redaktoru, Milli Məclisin deputatı (1995-1998) olub. «Qətl günü» romanı, «220 saylı otaq», «Qalaktika» kitablarının, “Yeddi oğul istərəm”, “Qətl günü” filmlərinin ssenari müəllifidir.

Dünya

13 avqust 1655 - Alman musiqiçisi, klarnet alətinin ixtiraçısı Yohann Xristof Denner (Johann Christoph Denner, 1655-1707) anadan olub.
13 avqust 1899 - Məşhur Amerika rejissoru, «Oskar» mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.
13 avqust 1907 - Rus aktrisası, SSRİ Xalq artisti Tamara Makarova (1907-1997) anadan olub. Filmləri: “Yeddi cəsur”, Gənc qvardiya”, “Pyotrun gəncliyi” və s.

14 avqust 1714 - Fransız rəssamı Klod Jozef Verne (Claude Joseph Vernet; 1714-1789) anadan olub.
14 avqust 1860 - Kanada yazıçısı, heyvanlar haqqında məşhur əsərlərin müəllifi Ernest Seton-Tompson (1860-1946) anadan olub.
14 avqust 1866 - Rus yazıçısı, şair, ədəbiyyatşünas, filosof Dmitri Merejkovski (1866-1941) anadan olub. Rus ədəbiyyatında simvolizmin banilərindən biri, tarixi-fəlsəfi roman janrının yaradıcısıdır: “Xristos və Antixrist” trilogiyası və s. 1919-cu ildən mühacirətdə yaşayıb.
14 avqust 1867 - İngilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (John Galsworthy; 1867-1933) anadan olub. “Forsaytlar haqqında saqa” trilogiyasının, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.
14 avqust 1945 - Alman rejissoru Vim Venders (Wilhelm Ernst Wenders) anadan olub. Filmləri: “Paris-Texas” (Kann festivalının qalibi, 1984), “Lissabon tarixi”, “Berlin üzərində səma” və s.

15 avqust 1771 - Şöhrətli şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott, 1771-1832) anadan olub. Tarixi roman janrının banisidir. Əsərləri: “Edinburq həbsxanası”, “Rob Roy”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (ilk mənzum roman) və s.
15 avqust 1879 - Amerika kinoaktrisası Etel Berrimor (Ethel Barrymore, 1879-1959) anadan olub. Filmləri: “Rasputin və imperatriçə” (“Oskar” mükafatı), “Spiralvari pilləkan” və s.
15 avqust 1890 - Fransız bəstəkarı Jak İber (Jacques François Antoine Ibert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” operaları, “Səyyah cəngavər” baleti və s.

16 avqust 1645 - Fransız yazıçısı və mütəfəkkiri Jan de Labryuer (Jean de La Bruyere: 1645-1696) anadan olub. Əxlaq və fəlsəfi dəyərlərdən bəhs edən “Xarakterlər” əsərinin müəllifidir.
16 avqust 1902 - Görkəmli rus şərqşünas alimi, sənətşünas və etnoqraf Yuri Rerix (1902-1960) anadan olub.
16 avqust 1934 - Fransız aktyoru, komik rolların məşhur ifaçısı Pyer Rişar (Pierre Richard - Pierre Richard Maurice Charles Leopold Defay) anadan olub. Filmləri: “Oyuncaq”, “Çətirin ucu ilə”, “Bəxti gətirməyənlər”, “Liftdən solda”, “Atalar” və s.
16 avqust 1954 - Amerika-Kanada kinorejissoru Ceyms Kemeron (James Francis Cameron) anadan olub. Filmləri: “Terminator” (1-2), “Özgələr”, “Titanik” (11 “Oskar” mükafatı), “Avatar” (3 “Oskar”) və s.
16 avqust 1958 - Amerika müğənnisi Madonna (Luiza Veronika Çikkone) anadan olub. Dünyada ən çox tirajla musiqi albomu (300 milyondan çox) satılan qadın müğənni hesab olunur. 9 dəfə “Grammy”, 24 dəfə “MTV Video Music Awards” mükafatı qazanıb.
16 avqust 1987 - Görkəmli rus aktyoru Andrey Mironov (8.3.1941-1987) vəfat edib. “Brillyant əl”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”, “12 stul” (1976, rej. Mark Zaxarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar