Azərbaycan

17 avqust 1933 - Ədəbiyyatşünas alim, professor Şamil Məmməd oğlu Salmanov (1933-2006) anadan olub. "Azərbaycan sovet ədəbiyyatı tarixi" ikicildliyinin, "Ədəbiyyat" dərsliyinin həmmüəllifidir.
17 avqust 1942 - Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 - 25.10.2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Helsinki (1962) dünya tələbə festivalının laureatı, Kann (1968) və Sopot (Polşa, 1969) beynəlxalq mahnı müsabiqələrinin qalibi olub. Rejissor Eldar Quliyevin “Nizami” filmində baş rola çəkilib, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” filmlərinə musiqi yazıb. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.
17 avqust 1943 - Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva Bakıda anadan olub. Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub. “Şöhrət” ordeni (2002) ilə təltif edilib.
17 avqust 1950 - Əməkdar artist Ənvər Həsənov Bakıda doğulub. Çəkildiyi filmlər: “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Qanlı zəmi”, “Cavad xan” və s.
17 avqust 1950 - Xalq artisti Cəfər Namiq Kamal (Əhmədov) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 1996-cı ildən Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında maraqlı rollar oynayıb. “Yalan”, “Yük”, “Günaydın, mələyim!” filmlərində çəkilib.
17 avqust 1958 - Şair, tərcüməçi Əjdər Ol (Əjdər Feyzulla oğlu Cəbiyev) Hacıqabulda anadan olub. Kitabları: “İndidən...”, “Könül vuruşu” və s. Latış və kumık folklorundan dilimizə tərcümələr edib.

18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust fərmanı ilə bu tarix Sərhəd Qoşunları Günü kimi təsis olunub.
18 avqust 1991 - Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 5.5.1905 - 1991) vəfat edib. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" və s. kitabların müəllifidir.
18 avqust 2006 - Prezident İlham Əliyev “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalayıb.

19 avqust 1901 - Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 - 11.11.1951) anadan olub. Opera və Balet Teatrında "Koroğlu", "Arşın mal alan" tamaşalarını səhnələşdirib. İlk milli baletimiz olan "Qız qalası"nın (bəstəkarı Əfrasiyab Bədəlbəyli) librettosunu yazıb. "Qız qalası", "Almaz" filmlərində çəkilib.
19 avqust 1912 - Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 - 13.7.2001) Qazax rayonunun Musaköy kəndində anadan olub. "Məhəbbət", "Əlcəzairli qız", "Partizan Aliyə", "Ana ürəyi", "Məhəbbətin göz yaşları" poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və s. kitabların müəllifidir. Nizaminin, Nəvainin (fars dilindən), rus şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. «İstiqlal» ordeni ilə təltif edilib.
19 avqust 1920 - Əməkdar incəsənət xadimi, musiqişünas Lyudmila Karagiçeva-Bretanitskaya anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib. Q.Qarayev, F.Əmirov və digər Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir. Hazırda Maykop şəhərində (Rusiya) yaşayır.

20 avqust 1901 - Məşhur xanəndə, muğam ustadı, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 - 18.3.1979) Şuşada doğulub. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, "Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s. mahnı və təsnifləri bəstələyib.
20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə, 1912 - 2.8.1984) anadan olub. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.
20 avqust 1929 - Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 - 28.1.1980) anadan olub. 1946-cı ildən radioda çalışıb.
21 avqust 1930 - Ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930 - 15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Ədəbiyyat İnstitutunun direktoru işləyib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.
21 avqust 1964 - Yazıçı-publisist, şair, Əməkdar mədəniyyət işçisi Rəşad Müseyib oğlu Məcidov Ağcabədi rayonunda anadan olub. 1995-ci ildən “525-ci qəzet”in baş redaktoru, 2004-cü ildən Yazıçılar Birliyinin katibidir. Kitabları: “Hələ ki vaxt var", "10 sentyabr", "Əlvida və salam" və s.

Dünya

17 avqust 1935 - Rus teatr və kino aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edir. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “D’Artanyan və üç muşketyor”, “Baharın on yeddi anı”, və s.
17 avqust 1941 - SSRİ Xalq artisti Nikolay Qubenko anadan olub. SSRİ-nin sonuncu (1989-1991) mədəniyyət naziri olub.
17 avqust 1943 - Amerika kinoaktyoru, rejissor və prodüser Robert de Niro anadan olub. Məşhur filmləri: “Xaç atası-2” (“Oskar” mükafatı), “Bir dəfə Amerikada”, “Qudurmuş öküz” (“Oskar”), “Taksi sürücüsü” və s.
17 avqust 1960 - Amerika kinoaktyoru Şon Penn (Sean Justin Penn) anadan olub. Filmləri: “Karlitoya yol”, “Sirli çay” (“Oskar”, 2004), “Harvi Milk” (“Oskar”, 2009) və s.
18 avqust 1850 - Böyük fransız yazıçısı Onore de Balzak (Honore de Balzac 20.5.1799 - 1850) vəfat edib. “Bəşəri komediya" silsiləsindən əsərləri («Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb.
18 avqust 1933 - Polyak (yəhudi) əsilli Amerika kinorejissoru Roman Polanski (əsl adı Rajmund Roman Liebling) anadan olub. Filmləri: “Acı ay”, “Çin məhəlləsi”, “Pianoçu” (Kann kinofestivalının qalibi və “Oskar” laureatı) və s.

19 avqust 1689 - İngilis yazıçısı, sentimentalizm cərəyanının banilərindən biri Semuel Riçardson (Samuel Richardson, 1689-1761) anadan olub. “Pamela”, “Klarissa”, “Çarlz Qrandison” epistolyar romanların müəllifidir.
19 avqust 1883 - Məşhur fransız modelyeri Qabriel (Koko) Şanel (Gabrielle Bonheur Chanel, 1883-1971) anadan olub.
19 avqust 1909 - Polyak yazıçısı Yeji Andjeyevski (1909-1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”.
19 avqust 1915 - Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (24.12.1867, İstanbul - 1915) vəfat edib.

20 avqust 1847 - Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski, 1847-1912) anadan olub. Əsərləri: “Forpost”, “Kukla”, “Firon” romanları və s.
20 avqust 1901 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959) Salvatore Kvazimodo (1901-1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.

21 avqust 1925 - Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925-2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.
21 avqust 1997 - Görkəmli rus aktyoru, sirk ustası, SSRİ Xalq artisti Yuri Nikulin (18.12. 1921-1997) vəfat edib. Moskva Sirkinə rəhbərlik edib. Filmləri: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar