Ədəbi-bədii, satirik-yumoristik qələmi, şəxsi-ictimai aləmilə xalqa bağlı - Seyfəddin Dağlı...

Bəli, məxsusi xarakter-imic “yaradıcılığına” rəğmən, hələ gəncliyindən “Köhnə” təltifli bu Kişi öz qələmilə daim şərliyi sancar, qədəmilə müdam düzlüyə varıb həqiqətlər arar, həmişə xeyir işlərə yarardı...
Sağlığında çox məkanda görünərdi. Arif-aqillər gözünə isə olmadığı yerlərdə də görünərdi...


Rəsmi-rəyasi sferalarda “qara camaat” qahmarı, xəlqi qut idi, sənət səltənətində “Fiqaro tam, Fiqaro tut”, mətbuat aləmində mütəhərrik fərdi bir “bunt”!..
Bəs cismani yoxluğunda?..
Gözəl ədib, alovlu publisist, vicdanlı jurnalistimizə yönəli bu yanğılı sualıma sükuti-söngülü bir cavab: hələ də sa-kit-lik, la-qeyd-lik...
Bu təəssüf dolu qənaətimin təəccüb dolu səbəbkar-təsdiqçiləri: illərdir onu xatırlayıb-xatırlatmayan müasir qəzet-jurnallar, bəzən (felyetonlarından birinə işarətlə desəm), “bağayarpağıyla quzuqulağının fərqsizliyi”, “müstəqillik illərimizin kərə, sovet dövrünün marqarin tortaları”, “düşmən qarğaları və Vətən qartalları” kimi “aktual” mövzularda çarpışan bəzi internet portalları və... bu genişlikdə ədəbi-bədii, publisistik-jurnalistik təsərrüfat sahibi haqda iki cüt-bir tək sözdən ibarət vikipediya mətni...
Bu gözəl qələm ustadı və özəl vətəndaşın ÖZü isə hər cür əyər-əyar dəyərlərin -

Fövqündə...

Təxəllüscə “Dağlı” olan bu ədib mahiyyətcə həryerli idi; gözəl nəsri-nəqli nümunələrini ağıl-başla iksirləsən, konkret süjet, hədəfi mətləblərdən əlavə, şair çağdaşlarından birinin “O zamanmı bitdi bizim dilimizin “haralısan” damarı da” kimi Bütöv Azərbaycançılıq ideyası da dalğalanar.
“İdeya” sözü dövrünün bu təkrarsız (yeri gəlmişkən, təkrarçılığı sevməyən) ədibi haqda “qaçaraq” yazdığım ilk yazıdakı bir ifadəni saldı yadıma: “Seyfəddin Dağlı bio-fizio-ideoloji surəti, şəxsi-ictimai mentallığı, özünə (və hamıya) məxsusluğu ilə seçilən bir Obraz idi...” Bu özəl Obrazı sözlə bir çim də obrazlaşdırmalı olsaq, - o, nəşrlər içrə “seçilmiş əsərlər” tutumlu ədiblərdən idi. Dost-doğma yaxındaşlarının, sıravi çağdaşlarının müşahidə-qənaət qənimətlərinin “xülasə”sinə cəhd etsək, - zahirən “qəzəb oğlu”, daxilən ülfət-məhəbbət dolu İnsan. Heyrəti-surət gözləri snayper, həyat-sənət baxışları super, sözü-vəzi məzə, iç özü qət təzə “Köhnə Kişi”. Ədəbiyyat-ədəb aləmində - öz heyranlıq bildirilərindən biriylə ifadələsək, - “alayı aləm” görkəmli, mətbuat, jurnalistika-publisistika sahəsində kotan görəvli, döyüşkən ziyalılıq səngərlərində artillerist, milli-mənəvi təsir, xəlqi-məhəlli təəssübkeşlik ləngərlərində avtoritet...
Daha nə qalır Seyfəddin Dağlı -

Qələmi, Aləmi və Kəlamından?..

Təkrar edək ki, haqq-halal bir həyat və yaradıcılıq ömrü yaşamış bu “Köhnə Kişi” haqda məlumatlar da köhnə olaraq qalır. Düzdür, onun 27 avqust 1921-ci ildə Xızıda dünyayagəlmə, 18 yanvar 1983-də Bakıda əbədiyyətəgetmə tarixçələrini, 1941-dən 1956-ya qədər sovet ordusunda xidmətetmə, “Kommunist”, “Ordu” qəzetlərində şöbə müdiri, Dövlət Tele-Radio Komitəsində direktor, sədr müavini, “Kirpi” jurnalında baş redaktor, “Azərbaycanfilm” kinostudiyasında (ssenari redkollegiyası), “Yazıçı” nəşriyyatında redaktor işləməsi faktlarının “yeni”ləşdirilməsinə ehtiyac yox. Bəs biri-birindən maraqlı on beş kitabının, neçə-neçə pyesinin “üç gündən bir-beş gündən bir çap və tele-təbliğ edilənlər cərgəsinə “üç ildən bir-beş ildən bir” daxil ediməsinə nə söz?
Bu, bir qisim üçün “bu nə söz!”, para qisimçünsə söz!

Belə...

əziz, hörmətli və başıqarışıq müasir oxucu!
Belə ki, deyirəm, bəlkə elə, çox maraqlı əsərlərindən birinin adı “Sabiqlər” olan bu “sabiq” sənətkarı da oxumağınız, “Bahar oğlu” əsərilə milli ədəbiyyat ailəmizin ən məhrəm-görkəmli üzvlərindən birini tez-tezisvarı tanıtdırmaq üçün yuxarıdakı “qaraçuxa” üslublu “tərcümeyi-hal” daha münasibdir? Bəlkə də. Amma, əlbəttə, əgər bir çox sahələrdəkindən fərqli olaraq, əndazələr gözlənilsəydi. Hər yerindən duranın açdığı qəzetstanda hər özündəndeyən haqda palaz-palaz yazılar, “tənqid və biblioqrafiya” yerinə, “tərif və bülbüloqrafiya”lar dərc edilməsəydi. Hər min nəfərə bir qəzet, hər yüz sözə yüzbir orfo-morfoqrafik səhv düşən indilərdəki kimi yox, hər sözün, hər cümlənin, hər mövzunun başına fır-fır fırlanan, hər təqdir-tənqidi ifadənin “çort”una gedən gözəl yazıçı, azman mətbuçu Seyfəddin Dağlı kimilərinin dövründəki sayaq - hər milyona biri düşməklə, qəzetlərin hamısı oxunsaydı...
Təbii, elədə, bu ədibi çoxdan oxuyub sevmiş “köhnə”lər də, Qərbin gözqamaşdırıcılıq bəndinə düşmüş ultrabənövşəyi “təzə”lər də klassik bir yeninin (müasir teleleksikonca desək) “dadını çıxarmış” olardı. Mənim bu “qeyri-demokratik”, senz-senzuralı qənaətlərimə ortaqlara təşəkkürüm, boğazdan yuxarı, müqəddəs Qələmdən aşağı düşünənlərə isə polemik bir xitabım var; hanı bəs indiki qəzetlər, jurnalistlər bolluğunda o vaxtkı “S.D” imzalı “Adı sənin, dadı mənim”, “Mənziliniz mübarək”, “Kəcil qapısı”, “Sabiqlər” kimi duzlu (bəzən, yaxşı mənada qırduz!) satirik-yumoristik nümunələr, yaxud onun qələmdaş sağdaşlarının “Sarı dana”, “Məndən ötdü” poeziyaları, “Yer üzünün Qarabağ düzü”, “Qızlar layla çala bilmir” publisistikaları?..
Həmin o öz nəfslərinə hakim, məxfi saxlamağa məhkum olduqları milli ideyalara qul şəxsiyyətlər və dövrün -

Doktrinal diktələri

Onun (və bir neçələrinin) gənclik illərinin qismətinə düşmüş diktələr...
Üzdə “birüzlü”, içdə yüzsifətli dövrün minsifət diktələri!
Yeganə və yazıq “həqiqət”də çoxplanlı, çox yalan-palanlı, hədsiz aman-yamanlı idi o diktələr. Məlum Diktator, milli inkişafa hava-su kimi vacib olan ədəbi-bədii, mətbu-informasiya kimi elitar sahə adamlarına, birləşməyə çağırdığı proletarlar adından durmadan diktələr edirdisə, düşüncə aləmi nə etməli idi? Bu diktələrə ikidən bir qulaq verib, beşdən üç yazmaqdan, sinələrində qövr edən hissi diktələri çox zaman “eşitməzliyə” vurmaqdan başqa qələm-əllərindən nə gələrdi belələrinin? Onlardan biri də Seyfəddin Dağlı idi ki, 1941-ci ildə - iyirmi yaşında müharibəyə getmiş, xalqımızın adına yamanmış “periferiya”-“patava” terminlərinə xilaf, “velikorus”lar içərisində seçilib-fərqlənərək, “Armiya” qəzetində “bezaksent-korrespondent”, “Diviziya” qəzetində baş redaktor olmuş və bir də on beş ildən sonra qayıtmışdı...
Deyirəm, bəlkə elə bu yüksək savad və qabiliyyətinə, eridusion səviyyəsinə müvafiq qiymətləndirilmədiyinə görə imiş onun - yuxarıda işlətdiyim “qəzəb oğlu” kimi epitetlərə “məruz” qalması? Çox güman ki! Bunu onun Dövlət Radio Komitəsində, Bakı Telestudiyasında, AzTV-də işlədiyi yüksək vəzifələrdəki fövri-fraqmental dövriliklər də təsdiq etmirmi? Axı, o vaxtlar hər şeyə haqqı olan bu personanın haqsızlıqlara qarşı çıxmaması mümkünsüz, belə bir “davakar”ın “işdə saxlanması” isə “qeyri-münasib” idi...
Nəhayət, bu qılıncqələmin ictimai sancıları -

Sancmalar dövrü

Seyfəddin Dağlının “Kirpi” jurnalında baş redaktorluq dövrünü Azərbaycan mətbuatının - “Molla Nəsrəddin”dən sonra - silsiləvi hadisəsi, ictimai təfəkkürümüzün (xəmirindəki sovet mayası istisna edilməklə) satira-yumor, felyeton, nəticə etibarı ilə tərbiyəvi-islah qabiliyyətinin mətbu sərgisi də hesab etmək olar. O vaxtların nəinki məlum, hətta “naməlum” antipodları da “Kirpi” tərəfindən iynələnmək təhlükəsi yaşayırdılar. Özü də təkcə ayda bir dəfə çıxan “Kirpi”dən yox, daha çox, prinsipial, sözü də üzü kimi dönməz baş “Kirpi”çidən! Eşitmişdim ki, Seyfəddin müəllim günahkarların “kandarkəsən”, “zəng-dəng”edən havadarlarından yaxa qurtarmaq üçün “day-day-vay-vay”lı felyetonları bir-iki nömrə sonraya saxlayar, sonra - jurnalın çap günü özünü harayasa “ezam” edib, “məndən xəbərsiz verilib” “təəssüf”ü ilə vəziyyətdən çıxarmış. O dövrün hərzələrini lərzəyə salmaqda yeganə mətbu nümunə olan o jurnalda oxuduğum materiallara, gördüyüm karikaturalara əsasən də bir neçə epizod söyləyə bilərəm. Məsələn, “yad” bir müəllimə qohum-əqrəbalarından dəfə-dəfə az dərs saatı verən və həmin “yad”ın şikayətlərinə əsasən “həftə səkkiz-mən doqquz” yoxlamaya gələnlərə həmin qohum-əqrəbasının saatından kəsib qazandığından da artıq məbləğdə rüşvət verməli olan bir məktəb direktoruna felyeton mətni içərisindəki “pəncərə”də büsbütün Seyfəddin Dağlı üslubunda belə bir “redaksiyadan” verilmişdi: “Hörmətli və mürvətli direktor-müəllim! Gəldi-gedər yoldaşlara etməyə məcbur olduğunuz o “hörmət”lərin yüzdə birini o həmişəqalar iş yoldaşınıza bir-iki saat əlavə dərs kimi versəniz, nə dünya dağılar, nə də təmiri üçün heç bir yerə müraciət etmədiyin məktəbiniz!”
Bir-iki kəlmə də əsl sənət səviyyəli karikaturalardan. Öncə deyim ki, bu səviyyə baş redaktorun tək elə şəxsi rəğbət hissilə yox, həm də ictimai anlam-amal duyğusuyla redaksiyaya cəlb etdiyi böyük rəssamlar hesabına alınmışdı. Onlardan kimisə unutma ehtimalına görə ad çəkmədən, misallara keçirəm: məhəllə içrə “böyüklüyü” papağını təvərə böyüklüyündə görən bir cayılın başı üzərindəki vertolyotda (helikopterdə) biri o birinə: “Bəlkə elə bu aerodroma enək?..” Qar-çovğun ucbatından ömründə bir kərə nəvəsini məktəbə ictimai nəqliyyatda aparmalı olan və bu zaman başı üstündə dayanmış “mamılı-matan”a gözü düşən “bazburut”lu bir çinovnik: “Mənim gül balam, dur yerini ver “çiçək” xalaya...”

Kitabları

Bir kitablıq fikir yürüdüləsi bu kitablar haqda söz deməyə yer qalmadı... Amma “Bahar oğlu”ndan danışmamaq qeyri-mümkün. Oxuyanlar yaxşı bilir - o kitabda necə bir bahar hərarəti, bütöv bir səhnə Azərbaycanı yaratmış dahi Cəfər Cabbarlıya nə tövr müəllif hüsn-rəğbəti, millət məhəbbəti var! Bu kitabı yazmağa başlayarkən qırx yaşı keçməkdə olan Seyfəddin Dağlı bütün təhkiyəvi elementləri, bədii uğurları ilə bahəm, bu dünyanı otuz beşcə yaşında dahi olaraq tərk etmiş təkrarsız Cəfərimizin bu qədər qısa olum aləmini tam verə bilməkdə çətinlik çəkdiyini də duyurmağa çalışıb. Böyük dramaturqun dünyabaxışına təsir edən əsas məsələ-məziyyətlər içərisində “Qəhr olsun dünyanın milyonlar içində vücuda gələn səadəti!” kimi fəlsəfi postulatlar, “Nə bağırırsan, xalq! Varındır (yəni aktrisan - T.A.) - ver, yoxundur - sus, öl!” kimi sərkərdəvi halətlərlə birgə, uşaqlıqda gördüyü dini şəbehlərin, eşitdiyi (“Necə qan ağlamasın daş bu gün, Kəsilib yetmiş iki baş bu gün!”) sədaların da rol oynadığını canlı boyalarla sərgiləmiş belə bir müəllifin özü də, təbii, əbədi bir ədib olaraq qalacaq...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar