Ey - illərdi bir məchul və nakam “qızıl gül”ü əsdirib, səbrimizi kəsən Kəs...

Ay öz bülbül rübabilə solğun könülləri belə gülləndirən Rübabə xanım!
Ey - avazı “dilini anası bilər”ləri də dilləndirən, cavan-comrul qəlblərini selləndirib, qoca-qarı xəyallarını tülləndirən canlı sənət Qəzəli!..
Ay doğma yurd-yuva həsrətindən yana o dünyaya Xan Arazı “qanlı” tutub gedən cənnət Gözəli!..
Bu qədər sənət yatırı, səs-avaz qatarı müqabilində əllicə illik bir ömür nəmənə imiş səni Tarı, ay saysız sevərlərinin qısqanılmaz Yarı?!.


...Amma hələ o dünyaya tez getməyindən və bununla bizə necə zülm etməyindən öncə, bu dünyadakı incə-mincə dəmlərin, qönçə-xonça bəmlərin, halay-vuray zillərin barədə, Xanım, hey!..
Onlardan bir dəsti də - nərmənazik könüllərə, qəlbi qəlblərə nəqş etdiyin “Sənsiz ey şux, mənim xoş güzəranım yoxdur” kimi hicr nalələri, “Ağac olaydım, yolda duraydım, sən gələn yollara kölgə salaydım” sayaq sevgi halələri, “Yar yardan ayrılsa da, məhəbbət ölüncə var” axar-baxarlı eşq şəlalələridir, ey fundamental-ornamental muğam və xalq mahnıları ustalığında ustad Nəqqaşə, XANım XANəndəliyində təkrarsız -

Bənzərsiz Bəndə!..

...Kaş Səndən qəzetimizin mart (22) tarixçəli sayında - bu dünyaya gəliminlə ilgili yazıb, canımı qurtarmış olaydım, ay Muradova Rübabə Xəlil qızı! Ki, ifalarındakı alov-atəşlərə, o tayımızdan, orda qalan ilk məhəbbətindən yana nisgil siləli həyat dramına, bu dünyadan yarımca əsrlik bir ömürcüklə getməyin ağrısına qüvvət verən bu qorabişirən avqust tilişkəsinə ilişməyəydim...
Sənə butaylı bizlərdən bir köynək yaxın həmyerlin Şəhriyar Dədə demiş, “bir biləydim”, bu saat mənim bu sözləri yazmaqdan əlavə, zümzümələdiyim də ruhuna əyanmı, ay qəlbi parə “Qaragilə” Qız?!.
Sən bu ilahi nəğməni bu tayda oxuyub lentə aldırmısan, bilirəm. Bəs Sən? Xəbərsənmi ki, bəndəniz Sənin o mahnıdakı “Dərbənd aralı, könlüm yaralı, Bir yar sevmişəm, Qaragilə, - ellər maralı” bəyanının Bakıdan yox, məhz Təbrizdən car etməyindən də xəbərdardı! Mən bunu elə o vaxtlardan həm Səsindəki Təbrizovuz nisgildən, həm də nəfəsindəki məsafədən - mənbə-mənsəb uzaqlığından hiss etmişəm: axı, sabiq “Dəmir qapı Dərbənd”imiz o tay paytaxtından bu tay paytaxtına nisbətdə daha “aralı”...
Hələ bunu demirəm ki, bəlkə elə bu qənirsiz ifaçının özü imiş - o mahnıdakı o müqəyyəd “dağlar maralı”...
Bir dəfə Rübabə xanımı AzTV-nin dəhlizində yaman halda, lap elə oxuduğu təsniflərdən birinin bir misrası (“Ay bu yaman gündə...) günündə gördüm və dilimdən bir söz çıxdı: “içdən çilik, üzdən əntiq termos...” Yan-yörəmdəkilər bu “obraz”ıma təbəssümləndilər, mənsə öz-özümə fikirləşdim: “haçansa bu kumirim haqda yazası olsam, sətirlərimdən qan-qada yağacaq...”
Və bu saat, deyəsən, -

Elə “o məsələ”...

Düz demirəmmi, ay təkrarsız messosoprana?!.
Düz deyirəm. Bununla belə, bilirəm ki, bir yazıda bu ton-baritonluqla ağılayıb-yuğlamaq olmaz. “Bilmədiyimiz” mətləblər də var, amma. Məsələn, Sən öz can-cismində yaylayıb-qışlayan qəmu-həsrətlərini dinləyici ilə o cür ahəngi-zəngulələr, o sayaq bərdaşi-güşələrlə paylaşırdın, həmi? Bəs bu saat Səni səssiz-səmirsiz bir “alət”lə - qələmlə ifa etməyə çalışan bu azarkeş-yazarkeşin neyləsin, “arxa-nova” yatmaz duyğularını oxucularıyla necə bölüşsün, ay görkəm-gözəllikcə major, özgür-özəllik, bəxt-talecə minor xanım?!.
Amma o bəxt, o tale - şair demiş, “çox da sevinməsin, qoy”. Axı Sən həm də 38 yaşında Xalq artisti olmusan! Özü də, çoxları kimi, tək elə “Azərbaycan SSR” sayalı yox, həm də əsli-fitrəti xalq artisti! Güneyimizin - ad-sanı Şah Xətai şöhrətli Ərdəbilində doğulmusan. Quzeyimizdə - ucqar bir rayon teatrında ikən öz ələm aləminlə bahəm, xoş avaz, bənzərsiz əda və davranışınla böyük aktyorumuz Ələsgər Ələkbərovun gözünə necə aləm görünmüsənsə, dərhal Bakıya dəvət edilmisən. Əvvəl Filarmoniyanın, sonra Opera və Balet Teatrının solisti olmusan. Asəf Zeynallı məktəbinin də bəxtəvərlərindən olmusan; bəxt vərinə “Seyid Şuşinski məktəbi” düşüb. Opera teatrında isə naxışın beş gətirib! “Sevimlimiz” çağırılmısan, adın dillərə “əsil Əsli”, “təkrarsız Xanəndə qız” kimi düşüb, “Ərəbzəngi”nə, “Şahsənəm”inə, “Sənəm”inə bir baxanlar növbəti çıxışlarını səbirsizliklə gözləyib. Oxuduğun muğamlar, təsniflər, xalq və bəstəkar mahnıları nəinki statistik heyranların, hətta təbiətən rəqabət-qısqanclıq damarlı sənətdaşların tərəfindən də möhürbənd, “avtoqraf-avtoportret” timsalında qəbul edilib.
Və elə bu heynidə həmin qəbil həmkarlarınla bağlı - heç zaman yadımdan çıxmayası bir olay...
“Məşhur” 20 Yanvarın ildönümündə “Qızıl gül əsdi...” adlı bir veriliş hazırlarkən gözəl müğənnimiz Flora xanımın ifasına da ehtiyac duydum. Mən onun oxuyacağı “Qaragilə” mahnısındakı poetik misralar üstə publisistik gəzişmələr (məsələn, “Şəhərin küçələri (əslində, “Təbrizin küçələri”) dolanbadolan” əvəzinə, “Bakının küçələri bulanbabulan” (yəni qan-qadaya) edəcəkdim. Lakin üç-dörd kərə zəngləşməyimizə, evinə iki dəfə çəkiliş qrupu göndərməyimə baxmayaraq, Flora xanım “mən elə bir korifeyin mahnısını oxuya bilmərəm” deyib, studiyaya gəlmədi...
Belə... Hətta “yoxluğunda” da bu dərəcəli hörmət-izzətdən sonra, daha nə xiffət, nə məlamət, ay rəhmətlik? Nə İran, nə əcəm, nə ah-uh, ay Ruh?..
“Yoxluğunda” dedim? “Ruh” deyə xitabladım? Bunlar nəymiş, ay əbədiyaşar “Qaragilə”, bu qeyri-əqli nəqlilik nəmənəymiş?! Bağışla məni, ay sağ olmuş!..
Bu minor-major sətirlər içrə, olsa-olsa, dəfn ünvanına təəssüflər, ey ulu muğam və gözəl vokal sənətimizin fəxri-fəxarətli nümayəndəsi! Belə ki, Fəxri xiyaban yox, kütləvi “Yasamal qəbiristanlığı”...
O əbədi dünyaya qədər bu təkrarsız səs-avaz mücəssəməsilə ilgili qəzavü-qədərlərdən -

Seçmələr...

Bu barədə düşünüb-daşınırkən onun haqqında oxuduğum yazılardan birinin gözəl başlığı gəldi gözlərim önünə: “Doldur piyaləmi Arazdan mənim...”
Sonra Üzeyir bəyin “Arazbarı”sı səsləndi ruhumda. Bəxtiyar Vahabzadənin “Yarım bu tayda qaldı, Yarım o tayda qaldı, Toyum burda çalındı, - Yarım o tayda qaldı” düşdü yadıma. Gördüm, belə getsə, bu Hicrançay ilə bağlı sabiq və sadiq söz-sov dalğaları bu yazımın əsas sütununa dov gələcək, keçdim onun barəsində oxuduğum, eşitdiyim xatirələrə və həmin o gözəl başlıqlı yazıdan bəzi fraqmentlərə...
Həmin real və irreal mənbə-məlumatlara görə, Rübabə xanımı dinləyəndə adama elə gəlir ki, cinayət etməyə hazırlaşan kəs də bu ecazkar səsin cazibəsi ilə pis niyyətindən əl çəkər...
Onun haqqında danışan xanımlardan birisinin xatirəsindən Xan Araz ləpələri sədalanır, “Xarı-bülbül” ab-havası yaşanır: “Rübabənin təkcə səsi yox, qəlbi də gözəllər gözəli idi. Mərd, ağayana hərəkətləri vardı. Məni Ərdəbildə qalan Mehrac adlı rəfiqəsinə bənzədirdi. Gecəmi gündüzə qatıb, Rübabə xanımçün ruhuna uyğun şeirlər, mahnı sözləri axtarıb tapırdım. Onun hal-əhvalının izharı olan sözlər, mətnlər...”
Kiçik bacısı Tahirə Muradova isə onu tək elə böyük bacısı kimi deyil, bu xalqın böyük müğənnisi olaraq xatırlayırdı: “Bacım özündən, bizdən çox bu xalqı, bu milləti oxuyurdu. Son günlərini də mahnıyla yaşadı. Şəkər xəstəliyi sağlamlığını, görkəmini alsa da, sonacan səsinə dəyə bilmədi. Mənim məətəl qaldığımı görüncə, deyərdi, ay qız, atamız tez-tez demirdimi ki, “səs bizdə həm Allah vergisidi, həm də ölüncədi?!.”
Bu məqamda onun avazını da yada salmayaqmı: “Yar yardan ayrılsa da, ay məhəbbət ölüncə var”?!.
Haqq dünyaya köç məqamında bacısına “ayrıca bir vəsiyyət” edir: “O taya yol açılarsa, Ərdəbildən bir ovuc torpaq gətirib qəbrim üstə səpərsən...”
Bir neçə ildən sonra Ərdəbilə gedən Tahirə xanım nakam bacısının verdiyi nişanələrlə ata-baba ocağını tapır. Şəhərdəki qohum-əqrəba, dost-tanış sovet vaxtı köçüb Şimali Azərbaycana getmiş Mirzə Xəlil İşraqinin “şuralı qızı”nın pişvazına çıxır. Mirzə Xəlil 1946-cı ildə ailəsilə Arazı adlayıb keçəndə, Rübabə, Firəngiz və Ənvər adlı üç övladı varmış, axı...
Mirzə Xəlil kişinin nələr saydığını söyləmək çətin, fələyin saydığından isə bir-iki “rəqəm”: Hələ uşaqkən bu ailə gözəl Ərdəbil dağlarına istirahətə gedir. Yeddi-səkkiz yaşlı Rübabə dağın döşündə bitmiş çiçəklərdən dərdikcə-dərir və nənəsi onlardan birini görəndə içini çəkib, vaysınır: “Ay bala, sən neyləmisən?! Bu “Gümüşxəncər” çiçəyi 20-25 ildən bir açır. Bunu dərən adamın əllərini üç ay sərasər yara basar, tale-qismətdənsə yarımaz...”
Belə, ay “Qaragilə”...

Tahir Abbaslı