Peşəkar xalq musiqisinin tanınmış nümayəndələrindən olan Əli Kərimov (1874-1960) sənətdə özünəməxsus iz qoyub. O, zurna, balaban, tütək kimi nəfəsli alətlərdə çox böyük ifa edib, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. Təkcə çalğıçı yox, həm də çoxlu mahnıların, rəqslərin yaradıcısı, Azərbaycan milli musiqisinin inkişafında önəmli rol oynayan sənətkardır. Hələ sağlığında ona el içində Əli Dədə deyiblər, bu, ölümündən sonra da belədir.

Əli Zülfüqar oğlu Kərimov 1874-cü ildə keçmiş Şamaxı qəzasının Kalva kəndində doğulub. Onun ustadı kalvalı Allahverən Şıxıoğlu olub. O, deyərdi ki, mən iki il ustadım Allahverənə şəyirdlik etmişəm.
Əli Dədə təkcə zurna-balabanın ustadı olmayıb, milli musiqi alətlərimizdən saz, tar, nağara və qoşanağarada gözəl çalmağı bacarıb, muğamlarımızı dərindən bilib. Milli muğamlarımızın sirrini çağının kamil və məşhur xanəndəsi olan Mirzə Məhəmmədhəsəndən (1831-1907) öyrənib, uzun müddət balabanda onu müşayiət edib (o çağlar balaban kamanı əvəzləyib - S.S). Mirzə Məhəmmədhəsən Şamaxıda ən çox Mahmud ağanın məclislərində oxuyarmış.
Filologiya elmləri doktoru, akademik Rafael Hüseynov Mirzə Məhəmmədhəsən, Əli Kərimov və Aşıq Bilal üçlüyü haqqında deyir: “Onların üçündə də həm yüksək ifa bacarığı, həm də bəstəçilik vardı. Və bu üç nəfər Azərbaycanımızın zəngin, əlvan musiqi xəritəsində Şirvan musiqisinin üç qanadını inkişaf etdirdilər, maraqlı ifaçılar nəsli yetişdirdilər. Mirzə Məhəmmədhəsən xanəndəlikdə bu vəzifəni yerinə yetirdi. Əli Kərimov balaban, zurna ifaçılığında bu işi gördü. Mirzə Bilal isə aşıq sənətində”.
Ustad sağlığında böyük şairimiz Mirzə Ələkbər Sabirlə dostluğundan belə danışardı: “Bir dəfə Sabir məni evinə dəvət etdi, heyranlıqla söylədi ki, sənə bəzi şeyləri göstərəcəyəm. Biz onun Sarıtorpaq məhəlləsindəki evinə getdik. Evində o qədər də əşya gözə dəymirdi. Mənim diqqətimi ilk olaraq çəkən rəfdə qoyulmuş və divardan asılmış musiqi alətləri oldu. Çox qəribə idi ki, şairin yoxsul komasında musiqi alətlərimizdən saz, tar, qaval, balaban, kamança, qoşanağara var idi. Mən heyrətimi gizlətməyib:
- Şair, bu qədər karastı (alət) sənin nəyinə gərəkdir?
Sabir:
- Gördüyün bu musiqi alətlərini ürəkdən sevir, bir çoxunu isə çalmağı bacarıram.
Mən soruşdum:
- Bunlardan ən yaxşı hansını çalmağı bacarırsınız?
O, bu an divardan asılmış sazı götürüb mənim üçün bir mahnı çaldı. Özüm də bilmədən qeyri-ixtiyari pencəyimin döş cibində gəzdirdiyim yastı balabanı çıxardım və hər ikimiz “gəzişdik”.
Əli Dədənin Üzeyir bəylə tanışlığının da maraqlı tarixçəsi yar. O, bununla bağlı deyərdi: “1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə mən, Cənnətalı (dəmkeş) və Əlibaba (nağaraçı, qardaşı) iştirak edirdik. Bundan sonra mənə “Şərəf nişanı” ordeni verdilər. Yadımdadır ki, biz ora getməmişdən öncə Bakıda Üzeyir bəyin başçılığı altında gərgin məşqlər keçdik. Mən öz dəstəmlə “Koroğlu nağarası”nı çalmalı idim. Bəstələdiyim “Koroğlu nağarası” Üzeyir bəyin çox xoşuna gəlmişdi. Ongünlükdə isə “Cəngi”ni zurnaçılar dəstəsi birlikdə çalmalı idi, məşqlərdə onu başa gətirincə çox çalışdıq. Dəstədəki zurnaçıların sayı yadımda deyil. Onu bilirəm ki, zurnaların səsi bir-biri ilə düz gəlmirdi. Üzeyir bəy də çox çalışırdı, bir şey alınmırdı, o, yamanca sinirlənmişdi. Mən ona dedim:
- Üzeyir bəy, icazə ver, mən bu alətlərin hamısının səsini bir “cığır”a salım.
Üzeyir bəy dedi ki, neçə saatdır biz çalışırıq, bir iş hasil olmur, sən nə edəcəksən?
Mən inad etdim:
- Siz icazə verin, indi görəcəksiniz ki, onu necə yoluna qoyuram.
Onun icazəsindən sonra dəstədən irəli çıxdım. Həmişə yanımda belə gözlənilməz məqamlar üçün arı mumu gəzdirərdim. Çalğıçıların alətlərini bir-bir yoxladım və həmin mumdan istifadə etməklə zurnaların deşiklərini az-çox qapamaqla hamısını bir kökə gətirdim. Sonra Üzeyir bəyə dedim:
- İndi birgə çalmaq olar.
Biz birgə “Cəngi”ni çalmağa başladıq. Artıq məqsədimizə çatmışdıq. Üzeyir bəyin də, Seyid Şuşiniskinin də sevinci yerə-göyə sığmırdı. “Cəngi”nin ifası ağır zəhmət bahasına belə baş tutdu”.
Əli Kərimov onlarla oyun havasının bəstəçisidir. Onların çoxu Azərbaycan Dövlət Radiosunun “qızıl fondu”na 1959-cu ildə yenidən təkmilləşdirilmiş şəkildə böyük ustadın öz çalğısında daxil olub. Bu gün ustadın öz çalğısında yazılan 19 hava “qızıl fond”da qalmaqdadır. Bunlar “Uzundərə”, “Azərbaycan rəqsi”, “Kalvalı rəqsi”, “Tərəkəmə”, “Toy rəqsi”, “Koroğlu nağarası”, “Xırdaca”, “Ağırlama”, “Çəmənlik”, “Dağ çiçəyi”, “Türk rəqsi”, “Turşəngi”, “Səlvəri”, “Heyvagülü”, “Alça çiçəyi”, “Şirvan gəraylısı”, “Qəhrəmani”, “Əfruzə”, “Koroğlu nağarası”dır.
Əli Dədəni uzun illər nağarada müşayiət etmiş Bəxtiyar Kərimov sağlığında deyərmiş: “İli yadımda deyil, bizi Bakıya çağırdılar. Rəhmətlik Üzeyir bəy Əlini böyük hörmətlə qarşıladı. Sonra Bülbülə tapşırdı ki, Əli kişi neçə hava bəstələyibsə, hamısını lentə yazsın. Bülbül də bizi bir qutunun (maqnitofon nəzərdə tutulur - S.S) qabağında əyləşdirdi. Əli nə havalar yaratmışdısa, üç günə hamısını çaldıq, bəstələri lentə yazıldı”.
Üzeyir bəy Əli kişinin xalq musiqisinin gözəl bilicisi olduğunu bildiyindən onu Dövlət Konservatoriyasında dərs deməyə dəvət edir. Lakin o, “kəndsiz yaşaya bilmərəm” deyib şəhərə gəlməkdən imtina edir.
Xalq musiqisinin gözəl bilicisi və ifaçısı Əli Kərimovun yaradıcılığı hələ sağlığında musiqişünaslar Bayram Hüseynli və Tahirə Kərimova tərəfindən araşdırılıb. 1950-ci illərdə onlar böyük sənətkarın yaşadığı kəndə gələrək bir müddət qonaq olmuş, bəstələrinin hamısını nota köçürmüşlər. Onların böyük ustad haqqında rus dilində yazdıqları kitab 1984-cü ildə Moskvada çap edilib.
2009-cu ildə araşdırmaçı Qalib Soltanoğlunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə ustad haqqında yazdığı «Asta çal balabanı» kitabı işıq üzü görüb. Həmin il Ağsu şəhər Mədəniyyət evində sənətkarın 135 illiyi qeyd olunub, bəstələrindən ibarət disk buraxılıb. Bu gün də Əli Dədənin çalğısı radio və televiziya efirindən eşidilməkdədir.

S.Soltanlı