Səsinin sehrinə qapılıb, o səsin ahəngi ilə başqa bir aləmə getdiyimiz, simasından süzülən səmimiyyəti, sənət aləmində xüsusi dəst-xətti ilə seçilən bir insanı itirdik bugünlərdə. Respublikanın Xalq artisti, Prezident mükafatçısı, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərovun vəfatını sənətsevərlər üzüntü ilə qarşıladılar.
Həyat yoluna Masallı rayonunda qədəm qoymuş sənətkarımız 30 ildən artıq səhnə fəaliyyəti boyunca unudulmaz obrazlar qalereyası yaratdı, onlarla əsərin qəhrəmanlarına səhnə həyatı verdi. Səsinin sehri ilə Akademik Milli Dram Teatrına üz tutan sevənlərinin gözlərini yolda qoydu bu vaxtsız əcəl.
İnsan düşündükcə qəbul edə bilmir. O səsi bir daha eşitməyəcəyini. Onun səsi ilə dinləyib sevdiyimiz, qəlbimizə yaxın bildiyimiz şeirlər belə adama ögey gələcək bu səsin yoxluğunda. Hər bazar radio dalğalarında suyuna hərarət bəxş etdiyi “Bulaq” qəribsəyəcək onsuz.
Onun haqqında keçmiş zamanda danışmağa insanın dili gəlmir. Hər kəsin bir gün gedəcəyi o məkana o vaxtsız getdi. Fəqət bu ayrılıq sadəcə cismanidir. Ruhən isə o hər zaman sevənlərinə miras qoyduğu obrazlarla qəlblərdədir. Əsl sənətkar ömrü cismani ölümlə bitmir, o, sonsuzdur, sənətin özü qədər əbədidir.

Rəfiqə Rafiqqızı,
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzinin mətbuat katibi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar