Məhərrəm Qasımlı
Dövlət mükafatı laureatı, professor

Tarix içindəki oğuz-türk mənəvi mədəniyyətinin ana axarlarından biri Dədə (Ata) Qorqud və onun çevrəsindəki mifoloji və tarixi proseslərlə bağlıdır. Babalarımız olan oğuzların mənəvi-ruhani hamisi, yol göstəricisi statusunda çıxış edən "Qorqud", şübhəsiz ki, yüzilliklərin dərinliklərindən gələn müdriklik, öncəgörməlik, ulusu-etnosu gələcəyə doğru istiqamətləndirmə düşüncəsinin ortaya çıxardığı rəmzi-mifoloji obrazdır. Oğuz-türk tarixinin çeşidli dönəmlərində, xüsusən də taleyüklü məqamlarında ulus-etnos içərisindən çıxmış (zühur etmiş!) qeyri-adi istedad, bilici-görücü keyfiyyətlərinə malik unikal şəxsiyyətlər sözü gedən mənəvi statusu ("qorqudluğu") öz üzərinə götürmüş, bu səbəbdən də "Qorqud" adı ilə çağırılmışlar. Bu baxımdan "Qorqud" tarixi-mifoloji statusunun yüzillər boyundakı daşıyıcılarının sayı, yəqin ki, onlarladır. Türküstan, Qafqaz və Anadoluda müşahidə olunan çoxsaylı Qorqud qəbirləri də həmin tarixi gerçəkliyin ifadəsidir.
"Qorqudlar" silsiləsi haradan və kimdən başlanır, hansı ardıcıllıqla davam edir, kiminlə qapanır? Bu suallara cavab vermək o qədər də asan deyildir. Hər halda folklor və tarix qaynaqlarından gələn bilgilərin tutuşdurulması belə bir təxmini sonucu söyləməyə imkan verir ki, deyəsən, "Kitabi-Dədə Qorqud" eposunda adı keçən Dədə Qorqud "Qorqudlar" silsiləsinin sonuncularından biridir. Burada bir məqama qarşı olduqca diqqətli və həssas davranmaq lazım gəlir. "Qorqudlar" silsiləsinə mənsub olan "sələf qorqudlar"ın barəsindəki əksər təsəvvür və düşüncələr, o cümlədən də sakrallıq-müqəddəslik, ilahi aləmə - ruhlar dünyasına bağlılıq və s. kimi mifoloji keyfiyyətlər "xələf qorqudlar"a da ötürülmüşdür. Buna görə də qorqudlar çevrəsində yüzillər boyunca yaranmış rəvayət və hekayələr, o cümlədən də oğuznamələr hər növbəti Qorqudla yenidən etnik-mənəvi dövriyyəyə daxil olaraq bir az da zənginləşmiş və irəliyə daşınmışdır. Dədə Qorqud oğuznamələrində çox fərqli zamanların, biri-birindən kifayət qədər uzaq olan tarixi dövrlərə məxsus relikt - əlamətlərin inikas etməsi də əsasən bu səbəbə söykənir. Qorqudlar silsiləsinin sözügedən səciyyəsi ən əski çağdakı Qorqudla nisbətən yaxın zamandakı Qorqud arasında kəskin ayrıntı yaratmaq imkanı vermir. "Qorqudluq" etnik-mənəvi statusu bir sistem kimi elə qurulmuşdur ki, xələf Qorqud bütün hallarda sələf Qorqudun davamçısı olduğu qədər həm də onun özüdür...
“Kitabi-Dədə Qorqud"un epik yaddaşından Dəmirqapı Dərbəndin adı bir dəfə keçir. Qazan xanın evinin dağıdılması ilə bağlı olan boyda hadisələr Dərbənd və onun yaxınlığında baş verir. Dərbəndin məşhur qapılarından birinin indinin özündə də "Bayat qapı" adlanması Dədə Qorqudun çıxdığı Bayat elinin bu yerlərlə nə qədər sıx bağlı olduğunun daş möhürüdür. Dədə Qorqud qəbirlərindən birinin Dərbənddə olması barədə çeşidli söyləntilər, hətta tarixi bilgilər də vardır. Qorqud qəbirlərinin say çoxluğu və türk dünyasının müxtəlif bölgələrində müşahidə olunması bir mənzərə kimi olduqca təbii və qanunauyğundur.
“Qorqudlar” silsiləsinin Dərbəndlə bağlı olan Dədə Qorqudu dastan-epos, rəvayət yaddaşı ilə yanaşı, tarix qaynaqlarında da iz qoymuşdur. Belə ki, məşhur alman səyyahı Adam Olearinin 1638-ci ildə Dərbənddə olarkən qeydə aldığı səfər təəssüratı Dədə Qorqud məsələsinə xeyli dərəcədə aydınlıq gətirir. Onun yol qeydləri Dədə Qorqudun, Qazan xanın və Burla xatının tarixi kimliyi, onların qəbirlərinin coğrafi və məhəlli koordinatları barədə qiymətli ip ucları verir. Adam Olearidən on bir il sonra Dərbənddə olmuş məşhur Osmanlı səyyahı Övliya Çələbi də Dədə Qorqudun qəbrinin Dərbənddə olmasını və ziyarətgah sayılmasını qeydə almışdır: “Ziyaretgahe Dədə Xorxud. Ullu sultandır, şirvanlılar bu sultana mötəqiddirlər” (O.Çelebi. Kniqa puteşestviə. Vıp. 3, M., 1983, s. 176).
Bu mənbələrlə yaxından tanış olduqdan sonra akademik V.V.Bartold 1908-ci ildə Dərbəndə elmi səfərə yollanmış və Adam Olearinin təsvir etdiyi şərti (sözlü) xəritəyə əsasən Dədə Qorqudun qəbrini axtarmağa başlamışdır. Onun aşağıdakı qeydi olduqca maraqlıdır: "İyulun 21-də kənd sakinlərinin biri və tələbə İsrafillə Olearinin təsvir etdiyi yeri - şəhərdən şimal tərəfdəki ərazini gözdən keçirtdim. Xüsusi hasara alınmış qırx şəhidin məzarı yerləşən böyük qəbiristanlığın Qırxlar qapısından keçdikdən sonra yol bulağın yanından keçir və daha sonra quru çay yatağı ilə kəsişir. Deyilənə görə, yağış yağan kimi bu çayın yatağı su ilə dolur. Şəhərin alaqapısından olan məsafə Olearinin göstərdiyi rəqəmlə (milin dörddəbiri, yəni təxminən iki verst) uyğunlaşır. Bulağa çatmamış, yolun sağında, üzümlüyün qarşısında düşüb iki yerə parçalanmış böyük qəbir daşı tapdıq. Daşın altında yerləşən quyuya endikdə, alt tərəfdəki yazıları görmək olurdu. Ancaq daşın ağırlığı imkan vermirdi ki, onu çevirib yazıları oxumaq mümkün olsun. Üst tərəfdə heç bir yazı yox idi. Çox güman ki, bu məzar daşı Olearinin dediyi və "Pir Muxar"a (Pir-Muxtara) aid etdiyi "çöldəki qəbir"lə bağlıdır. "Qayalı hündürlükdəki-dağdakı qəbir" buraya yaxın bir yerdəymiş. Doğrudan da, qayalı sıldırım qərb tərəfdən bu qəbir daşına çox yaxındır. Ancaq yerli sakinlər oradakı mağara və ziyarətgah-məzar barədə heç nə bilmirdilər. Qorqudun adı da onlara qətiyyən bəlli deyildi" (V.V.Bartold. Soçineniə, V tom, M., 1968, s. 379-380). Göründüyü kimi, V.V.Bartoldun Dədə Qorqudun qəbri ilə bağlı apardığı incələmənin əsas uğuru A.Olearinin göstərdiyi koordinatların xeyli qismini yenidən müşahidə etməsi və təsdiqləməsidir. Ola da bilər ki, yaşı və səhhəti ona qarşıdakı sıldırım qayalığa qalxmaq və orada axtarışlar aparmaq imkanı verməmişdir. Qızmar yay günlərində (iyulun 21-i) qayalıqlarda hərəkət etməyin təhlükəli ola biləcəyi də, çox güman ki, Bartoldu çəkindirmişdir. V.V.Bartoldun təqribən yüz il öncə cəhd göstərdiyi səthi axtarışdan sonra heç bir elmi ekspedisiya son dərəcə böyük tarixi əhəmiyyətə malik olan bu məsələ ilə maraqlanmamış, folklorçu, etnoqraf və arxeoloqların birgə tədqiqatları təşkil olunmamışdır. 1987-89-cu illərdə Nizami adına Ədəbiyyat İnstitutunun xətti ilə Dərbənddə elmi ezamiyyətdə olduğum zaman A.Oleari və V.V.Bartoldun göstərdiyi əlamətləri bir daha təsbitlədim.
Adam Olearinin səyahət dəftərindəki yol bələdçiliyi ilə Qırxlar qapısından və qəbiristanlığından adlayaraq quru çay yatağından sonra gələn sol tərəfdəki qayalığa çatanda orada qoyun otaran 55-60 yaşlarında bir yerli sakinlə rastlaşdım. Buralarda Dədə Qorqudun qəbri olması barədə bir söhbət eşidib-eşitmədiyini soruşdum. O, bu haqda heç kəsdən bir şey eşitmədiyini söylədi. Ancaq söhbət əsnasında qəribə bir məsələdən söz açdı:
- Dədə Qorqud deyə bilmərəm, ancaq mən eşitdiyimə görə imamlardan biri Dərbənddə süfrə açıb, yeyəndən sonra süfrəsini bu torpağa çırpıb, o səbəbdən də Dərbəndin ruzisi, xeyir-bərəkəti həmişə bol olur...
Bu söhbəti eşidəndə mən elə bil yüz ilin yuxusundan dik atıldım: Adam Olearinin 1638-ci ildəki məşhur yol qeydlərində də söhbət imamdan gedir - İmam Kurxuddan. Bilindiyi kimi, on iki imamdan hansısa birisinin Dərbənddə olması barədə heç bir tarixi bilgi yoxdur. Dərbəndlilərin yaddaşında qalan relikt əlamət də İmam Qorqudla bağlı mifoloji düşüncənin qalıntısından başqa bir şey deyildir.
Mən bu barədə söhbətləşdiyim yerli sakinə bir söz demədən yolun sol yaxasındakı qayalığa sarı üz tutdum. Sıldırım qayalıqlardakı aramalardan sonra belə bir qənaətə gəlmək olurdu ki, böyük ehtimalla XVIII-XIX yüzilliklərdən birində hansısa bir zəlzələ və ya uçqun nəticəsində qayalıqdakı mağara ya tam uçulub dağılmış, ya da düşən daşlar mağaranın girişini tutub qapamışdır. Bu məsələlərin aydınlaşması üçün mütləq və mütləq yüksəkixtisaslı mütəxəssislərdən ibarət ekspedisiya qrupu yaradılmalı və arxeoloji araşdırmalar aparılmalıdır. Nə o vaxt, nə sonralar - “Kitabi-Dədə Qorqud”un 1300 illiyinə həsr olunmuş tədbirlər zamanı bu məsələnin üstünə gedilmədi. Mənbələrdə göstərilən məşhur sıldırım qayalığın qarşısında (orada bunun üçün gözəl şərait var) “Dədə Qorqud” xatirə-kompleksi ucaltmaq olardı. Rusiya Federasiyası ilə bu barədə danışıqlar aparmaq-müştərək elmi ekspedisiya həyata keçirmək və xatirə-kompleksi qurmağı razılaşdırmaq indinin özündə də gec deyildir.

P.S. Elmi ictimaiyyət və bütövlükdə xalqımız üçün çox maraqlı olacağını nəzərə alaraq Adam Olearinin 1638-ci ildə Dərbənd səfərindən aldığı təəssüratın Dədə Qorqudla bağlı məqamlarını Ədəbiyyat İnstitutunun əməkdaşı Ruhəngiz Məmmədovanın alman dilindən etdiyi tərcümədə oxuculara təqdim edirəm.


Adam Oleari
"Səyahətnamə"dən bir parça

Biz Dərbənddə çoxlu məzarüstü kitabə və qəbirdaşları gördük. Onların sayı bir neçə min olardı. İnsan boyundan bir qədər hündür olan bu məzar daşları yarımdairəvi və çökək formada idi. Məzar daşlarının üzərində ərəb və Suriya hərfləri ilə yazılar vardı. Yerli camaat arasında bu məzarlar haqqında belə bir rəvayət dolaşır: Qədim zamanlarda, hər halda Məhəmməddən sonra, əslən Okus (Oğuz - M.Q.) olan Midiya hökmdarı Kassanın (Qazan xanın - M.Q.) xalqı Elbrus dağının arxasında Tabasaranda yaşamışdır. Orada indi yəhudilər çoxluq təşkil edir. Oğuzların "ləzgi" adlandırdığı Dağıstan tatarları ilə Qazanın tayfası arasında qəddar, qanlı döyüş baş verir. Sonda Qazan xan qalib gəlir. Dağıstan tatarlarından isə bir neçə min kişi həlak olur. O, həlak olanlardan ən məşhurlarının məzarının üstünə yuxarıda təsvir olunan forma və üslubda məzar daşı qoyulmasını əmr edir.
Dəniz kənarında yerləşən digər məzarlıq hasarla əhatə olunmuşdur. Burada əvvəlkilərə bənzər qırx böyük məzar daşı yerləşirdi. Onların üzərinə bayraqlar sancılmışdı. Farslar buranı “Çeltenan”, türklər və tatarlar isə “Kerxler” (“Qırxlar” - M.Q.) adlandırırlar. Deyilənə görə, burada həmin döyüşdə həlak olmuş 40 hökmdar (xan), müqəddəs kişi dəfn olunmuşdur. Farslar və tatarlar dua etmək üçün hər gün bu yerə gəlirlər. Əvvəllər bura bol sədəqə verilən yer kimi tanınırdı. İndi isə orada yaşayan yaşlı bir kişi məzarları qoruyur və ziyarətə gələnlərdən sədəqə alır. Öz əcəli ilə dünyadan köçən Kassan xan Təbrizdə Acı çay yaxınlığında dəfn olunmuşdur, onun məzarını bu günədək orada görmək olar. Kassan xanın həyat yoldaşı şahzadə Burlenin (Burla xatın - M.Q.) məzarı Urmiya qalasının yaxınlığında yerləşir. Deyilənlərə görə, onun qəbrinin uzunluğu 40 futdur. Sakinlər iddia edirlər ki, bu nəslin (oğuzların - M.Q.) keçmiş insanları indikindən çox güclü və ucaboy olmuşlar.
Aprelin 13-ü oraya (Qırxlara) 50 tatar kişi və qadın gəlmişdi. Belə ki, növbəti gün "Zülhatcə" (zülhiccə) ayının 10-u İbrahim qurbanı gününə təsadüf etdiyindən onlar qurban mərasimini "Kerxler"də (Qırxlar) keçirirdi. Bir-birinin ardınca gələnlər məzar daşını öpür, sonra əllərini açıb dua edirdilər.
...Dərbənddə beş gün gözlədikdən sonra yola düşməyə hazırlandıq. Atları minib, qəfil yola düşmək istəyəndə sultan (Dərbənd hakimini nəzərdə tutur - M.Q.) darvazaları bağlamağı əmr etdi. Biz buna çox təəccübləndik. Səbəbini öyrənmək üçün öz nümayəndəmizi onun yanına yolladıq. Ondan cavab gəldi: "Ona dəqiq məlumat gəlib ki, sərhədi Dərbəndə yaxın olan tatar knyazı Osmik böyük bir ordu ilə silahlanıb. Bizə basqın edib böyük xərac tələb edəcək. Tələbi yerinə yetirilməsə, bizi soyacaq. Bunları nəzərə alaraq, xan bizə müşayiətçi-keşikçilərsiz hərəkət izni vermir. Bizimlə bağlı bir bədbəxt hadisə olarsa, o, şahın qarşısında böyük məsuliyyət daşıyar. Ona görə ki, biz şahın yaxın dostlarıyıq. Keşikçilər isə hələ bu gün yaraqlana bilməzlər. Müşayiətçi-keşikçilərə elə də əhəmiyyət vermədən, xanın həqiqi rəğbətini hiss etdikdən sonra biz yenə də xahiş etdik ki, şəhərdən çıxmağa icazə versinlər. Söz verdik ki, şəhərin kənarında o biri günədək gözləyərik ki, keşikçilər hazır olsunlar. Bundan sonra darvazalar açıldı, biz şəhərdən çıxıb milin dörddə biri qədər getdik və üzümlüyün yanında düşərgə qurduq. Farslar və Dağıstan tatarlarından bizi kiçik çay yatağı ayırırdı. Burada biz daha iki müsəlman müqəddəsinin (övliyasının) məzarına rast gəldik. Onlardan biri Pir Muxtar çöldə (düzənlikdə), digəri İmam Kurxud isə dağda dəfn olunmuşdu. Rəvayətə görə, Məhəmmədin dostu olan Kurxud həmişə onun yanında olmuş və ondan çox şey öyrənmişdi. Kurxud Məhəmməddən sonra 300 il də yaşamışdır. Kassan xanın hüzuruna gələn Kurxud ud (qopuzu nəzərdə tutur - M.Q.) çalır və oxuduğu nəğmələrdə hökmdarı ləzgilərlə müharibəyə çağırırdı. O, bütpərəst ləzgilər, yaxud Dağıstan tatarları arasında dini təbliğat apardığı, onları doğru yola dəvət edərək dua etdiyi vaxt qətlə yetirilmişdir. Onun məzarı qayalı dağdakı mağarada yerləşir. Dörd taxta lövhədən hazırlanmış tabut mağaranın dərinliyində (girişdən uzaq tərəfdə) yerdən iki arşın hündürdə elə qoyulmuşdur ki, onu hamı görə bilsin. Keçən gün mən orada idim, hər şeyi öz gözümlə gördüm. Tabut çox sadə görünüşə malik idi. Mən heç bir bəzək tapa bilmədim. Tabutun yanında qoruyucu kimi yaşlı bir qadın oturmuşdu. Bu ziyarət qurban mərasimi ilə bağlı olduğundan tabutun qarşısındakı arakəsməyə qızıl parça (qızıl suyuna salınmış parça) asılmışdı. Şəhərdən çoxlu qadın və qız ayaqyalın mağaraya gəlir, məzarın yanında oturub dua edir və arzularının yerinə yetməsini diləyirlər. Bu duadan sonra onlar müqəddəs qocanın məzarının yanında bir gecə oturur və əllərində yanan lampa tuturlar. Mağarada qurbanın yanına pendir, yağ, süd, çörək, pul, mum və s. qoyurlar. Həmin gecə biz düşərgəmizdə bu məzardan və 40 müqəddəsin məzarı olan yerdən ətrafa yayılan qışqırıqları və uğultunu eşitdik. Ora gələn adamlar nəyi isə bayram edir, oynayır, oxuyurdular...

P.S. Adam Olearinin nişan verdiyi ünvan üzrə dəfələrlə Təbrizdə-Acı çay sahilində Qazan xanın qəbrini çox axtarsaq da, hələlik bir nəticə hasil edə bilməmişik...
Burla xatının Urmiya qalası yaxınlığındakı məzarının yerini öyrənmək məqsədilə 2004-cü ildə professor Asif Rüstəmli ilə birlikdə səfərə yollandıq. Durmadan qar yağmasına və çox soyuq, küləkli hava olmasına baxmayaraq, israrla axtarışa başladıq. Yolun xeyli hissəsini piyada yoxuşa dırmanmalı olduq. Yarım saatdan sonra həyəcan və qan-tər içində qalanın ətəyinə yetişdik. Bu da çiy kərpicdən hörülmüş qala divarları. Bu da qalanın içinə və çölünə səpələnmiş xeyli sayda məzar yeri. Və ən nəhayət, Burla xatının uyuduğu məzar... Urmiyanın iyirmi beş kilometrliyində hündür təpə üzərində uçub dağılmaqda olan qədim qala divarlarının içərisində təqribən səkkiz-on metr uzunluğu olan Burla xatın türbəsinin, demək olar ki, qalıntıları gəlib çatıb. Bu böyük məzarın yanında nisbətən kiçikölçülü xeyli sayda başqa oğuz qəbir yerləri də var idi. Həmin günü, demək olar ki, müqəddəs və mübarək oğuz ruhlarının əhatəsində keçirdik.
Qorquda doğru, Oğuza doğru gedən yollarımız yorulmasın və qırılmasın!







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar