Taleyinə üç dəfə dəfn olunmaq yazılan el şairi Ağacan

Ötən əsrdə yazıb-yaradan, taleyinə acı günlər düşən şairlərimizdən biri də Ağacandır. O, ömrünün sonlarında məcburən el-obasından ayrı düşüb, sürgündə dünyasını dəyişib və üç dəfə torpağa tapşırılıb. Borçalıdan olan aşıq Tərmeyxanla görüşümüzdə həmsöhbətim bu nisgilli şairin faciəli taleyindən söz açdı...

Şair Ağacanın soy-kökü indiki Ermənistanın Gümrü bölgəsinin Qarakilsə kəndindəndir, 1886-cı ildə doğulub. Ağacan 1905-ci ildə erməni zülmündən baş götürüb Borçalının Quşçu kəndinə gəlir. Onun ailə üzvləri isə Türkiyə və İrana pənah aparırlar.
Kənddə mollalarla yola getməyən el şairi qonşu Qaçağan kəndinə köçməli olur. Burada da onun günü xoş keçmir, bir neçə dəfə həbs edilir. Həbslərin birində böyük şair Səməd Vurğuna şeir yazır, ondan kömək istəyir. S.Vurğun onun dadına yetişir və həbsdən qurtarır.
1943-cü il şair Ağacan üçün böyük faciə ilə yadda qalır. Onu beş nəfərlik ailəsiylə birlikdə Sibirə sürgün edirlər. Uzun illər qürbətdə əzaba qatlaşan şair 1951-ci ildə dünyadan köçür. Ölümündən öncə həyat yoldaşı Zəhra xanıma deyir ki, haçansa el-obaya qayıdası olsanız, sümüklərimi burada qoymayın, özünüzlə vətənə aparın.
1953-cü ildə SSRİ-nin rəhbəri Stalin ölür, günahsız insanlar yavaş-yavaş sürgündən yurd-yuvalarına qayıdırlar. Vətənə dönəcəklərini düşünən Zəhra xanım günlərin birində gecəylə ərinin basdırıldığı yerə gedib qəbrini açır, onun sümüklərini bir torbaya yığaraq evə gətirir. Qadın övladlarına xəbər vermədən sümükləri evin həyətində basdırır.
Sonra şair Ağacanın ailəsinə də bəraət verilir. Zəhra xanım həyat yoldaşının nəşini götürüb övladlarıyla öz yurduna - Qaçağan kəndinə gəlir. Sürgündə çəkdikləri əzab-əziyyət, qorxu onu tərk etmədiyindən ərinin sümüklərini evdə yatağın altında gizlədir, kimsəyə heç nə demir. Uzun müddət sümüklər orada qalır.
1958-ci ildə şairin böyük oğlu Ənvər rəhmətə gedir, yas qurulur. Qohum-qonşulardan kimsə qənd götürmək üçün taxtın altına baxanda bir torbaya rast gəlir. Onu qənd zənn edib açanda sümükləri görür. Məsələnin üstü açılır, Zəhra xanım başına gələnləri hamıya danışır. Deyir, ona görə sümükləri taxtın altında gizlətmişəm ki, kimsə bilməsin, yoxsa bizi yenidən Sibirə sürgün edərlər. Bundan sonra ata-oğulu yanaşı dəfn edirlər. Beləliklə, şair Ağacan üçüncü dəfə torpağa tapşırılır.
Şair Ağacandan çoxlu şeirlər günümüzə gəlib çatıb. Onu da bildirək ki, aşıq Hüseyn Saraclının ustadı Quşçu İbrahim, onun da ustadı şair Ağacan olub. El şairinin bir çox şeirləri əxlaqi-tərbiyəvi səciyyə daşıyır, rəvan üslubu ilə diqqəti çəkir. Bu baxımdan müəllifin “Dilim” qoşması xarakterik örnəkdir.

Daha sənə çox ixtiyar vermərəm,
Durmursan yerində farağat, dilim.
Danışanda ziyanını çəkirəm,
Açırsan başıma əlamət, dilim.

Ağacan, düşünmə çox tarixləri,
Şüəra elmiylə doludur səri.
Söylə, diş olmazmı dilin çəpəri?
Dolandır başını salamat, dilim.


Deməli, Zəhra xanımın ehtiyatlılığı, sədaqəti, diribaşlığı bir el şairinin şəxsiyyətinin, yaradıcılığının, keşməkeşli taleyinin unudulmasına imkan verməyib, onu yaddaşlara yazıb...

S.Soltanlı