Ötən yüzilliyin əvvəllərində Azərbaycan ziyalıları xalqın haqq və hüquqlarının müdafiəçisi kimi özlərini oda-alova atıb, bu yolda təqib və təzyiqlərə məruz qalıblar. Jurnalist, tərcüməçi və tarixçi kimi xalqına sədaqətlə xidmət edən həmin ziyalılarımızdan biri də Rəşid bəy İsmayılov olub.

Rəşid bəy Əsəd oğlu İsmayılov 1877-ci ildə İrəvan şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra İrəvan Müəllimlər Seminariyasında oxuyub. 1903-cü ildə “Şərqi-rus” qəzetində işə başlayır, Məhəmməd ağa Şahtaxtinski, Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə ilə birlikdə çalışır. Rus dilini yaxşı bildiyi üçün Qafqazda və Rusiyada çap olunan rusdilli mətbuat orqanlarında müntəzəm çıxış edir. Dövrün görkəmli ədib və ziyalıları ilə dostluq əlaqələri qurur. “Şərqi-rus”un nəşri dayandırıldıqdan sonra “Novoye obozreniye” qəzetinin müsəlman həyatı və Yaxın Şərq şöbələrinə rəhbərlik edir.
Sonra “Təzə zaman” adlı qəzet nəşr etdirmək istəyir. Bunun üçün Qafqaz canişininə ərizə ilə müraciət edir. Bildirir ki, geniş proqramlı bir qəzet çap etmək, onun vasitəsilə Qafqaz xalqları arasında dostluq və birlik ideyaları yaymaq istəyir. Lakin onun panislamist olması bəhanə gətirilərək qəzetin nəşrinə icazə verilmir. Hətta ona qarşı əsassız iddia da irəli sürülür.
Öz amalından geri çəkilməyən R.İsmayılov Qafqaz canişinliyinə təkrar-təkrar müraciət edir. Xeyli yazışmadan sonra “Təzə zaman” qəzetinin nəşrinə icazə alır. Ancaq müəyyən mülahizələr üzündən C.Məmmədquluzadə ilə birlikdə Məmmədbəy Vəkilovun “İqbal” qəzetinin xeyrinə “Novruz” və “Təzə zaman” qəzetlərinin nəşrindən imtina edirlər.
O, publisist fəaliyyətlə yanaşı, elmi yaradıcılıqla da məşğul olub. “Müxtəsər Qafqaz tarixi və Zaqafqasiyada zühur edən məşhur türk ədib və şairlərinin müxtəsərən tərcümeyi-halları” kitabı 1904-cü ildə “Şərqi-rus” mətbəəsində çap olunur. Kitabda Qafqazın, o cümlədən XIX əsr Azərbaycan tarixindən bəhs olunur. R.İsmayılovun tərcüməçilik fəaliyyəti də diqqəti çəkir. O, rus dili ilə bərabər gürcü dilini də yaxşı bilib. Tiflis ədəbi mühiti onda teatra da dərin maraq doğurur. Çox keçmir beynəlmiləl tərkibli Azərbaycan teatr truppası ilə sıx əməkdaşlıq edir. Teatrın repertuar baxımından yeni əsərlərlə zənginləşməsinə böyük səy göstərir. Bu məqsədlə o, gürcü dramaturqu Zurab Antonovun mövzusu Azərbaycan folklorundan alınan “Koroğlu” pyesini dilimizə tərcümə edir. Bu, Azərbaycan səhnəsində tamaşaya qoyulan ilk faciə əsəri olur.
Bu haqda 1889-cu ildə “Kafkaz” qəzeti öz səhifəsində yazırdı: “Bu gün, iyunun 9-da Bank teatrında Azərbaycan dilində tamaşa göstəriləcək. Tamaşaya gürcü dramaturqu Zurab Antonovun Rəşid bəy İsmayılov tərəfindən tərcümə edilmiş “Koroğlu” dramı qoyulacaqdır. Tamaşada yığılan pul Azərbaycan teatr fondunun yaradılmasına sərf ediləcəkdir”.
R.İsmayılov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasında məsul vəzifəyə irəli çəkilir. 15 yanvar 1919-cu ildə Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlıların fövqəladə iclası keçirilir. İclasda “Həmyerlilər Cəmiyyəti” təsis edilir. R.İsmayılov bu cəmiyyətin məsul katibi seçilir və qurumun fəaliyyəti sahəsində səmərəli işlər görür.
Almaz Yurdsevər R.İsmayılovla bağlı araşdırmasında yazır ki, o, Cümhuriyyətin süqutundan sonra Bakıda 18 saylı məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. Bu müddətdə vaxtını boş keçirmir, “Azərbaycan tarixi” adlı kitab üzərində işləyir. Əsərin “Mavəyari-Qafqazın elani-istiqlalı” hissəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə, “Azərbaycan Cümhuriyyəti” bölməsi isə hökumətin fəaliyyətinə həsr edilib. Müəllif əsərində Azərbaycan tarixinin qədim dövrlərdən başlayaraq 1920-ci ilin aprelinə qədər olan dövrünü işıqlandırır. Kitab 1923-cü ildə çap olunur. Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində Abbasqulu ağa Bakıxanovdan sonra ikinci təşəbbüsün R.İsmayılova məxsus olduğu bildirilir. Kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapıb.
Vətənpərvər jurnalist, pedaqoq və tarixçi Rəşid bəy İsmayılov 1941-ci ildə Bakıda vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar