XX əsr ali təhsil-tədris, elm-irfan aləmimizdə ayrıca bir Abbas Zamanov ZAMANı...

Başlıqaltıda Abbas müəllimin milli-mənəvi görəvlərinə aid işlətmədiyim (əlbəttə, yığcamlıq xatirinə) vacib keyfiyyətlərdən birini də burada qeyd edim: elmi kadrlar yetişdirmə aləmində!
Məsələ burasındadır ki, Abbas müəllim onların hamısını bilavasitə - yəni “elmi rəhbər”, “məsləhətçi”, “rəyçi”, “opponent” olaraq yetişdirmirdi; onların çoxu bu “universal-universitet Müəllim”ə baxıb müşahidə etməklə də yetişirdi...


Onun özü də ətraf aləmə baxa-baxa, hamı üçün ortaq ailə olan bu aləmi çoxlarından fazla fəhmlə müşahidə edə-edə yetişibmiş. O vaxtlar “universitet” ad-şöhrətini şəriksiz daşıyan Azərbaycan Dövlət Universitetinə (BDU-ya) “çöl-biyaban” auditoriyalı həyat universitetindən gəlibmiş. Ona başdan-başa xoşbaxt insan, büsbütün rahat adam, hər şeydə ali alim kimi baxan (mən özüm də daxil) tələbələrinin çoxu bu “aldanış”dan çox sonralar, xüsusən də 1993-cü ilin 1 aprelində - vəfatı ilə ilgili nekroloq və ənənəvi “xatirə” yazılarından duyuq düşəcəkdi.
Yetmiş illik ədəbi-ideoloji yasaqlar, sosio-psixoloji qoruq-qaytaqlar dönəmində nələr çəkdiklərindən az xəbərdar olduğumuz milli şəxsiyyətlərdən biri olan bu sanballı alimi məhz müstəqilliyimizin ilk ilində tanıyacaqdıq. Biləcəkdik ki, sonralar siyasi quruluş fəsadları, inzibati kələk baryerlərilə üzləşəsi bu bəndə tale-fələk əlindən də az çəkməyibmiş. 10 oktyabr 1911-ci ildə Şərur rayonunun Maxta kəndində anadan olmuş Abbas Fəttah oğlu Zamanov 17 yaşınadək Naxçıvan və Bakı şəhərlərindəki uşaq evlərində yaşayıb, Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işlərinə cəlb edilibmiş. Ürəyinə yatmayan bu işdən onu özü - öz elmi-publisistik fəhmi, obrazlı təfəkkür tərzi azad edir; 23 yaşında ikən “Gənc işçi” qəzetinin redaktor müavini təyin edilir. Ardınca “Ədəbiyyat" qəzetinin məsul katibi, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsinin müdiri olur. Bütün bunlara (yəni maddi ehtiyac və şəxsi qabiliyyət, istedad “günahlar”ına) rəğmən gecikmiş ali təhsilə - 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsini bitirməklə yetir. Yuxarıda işarət etdiyim səbəblərə bağlı bu “gecikmə”çilik və “qiyabi”çiliyə baxmayaraq, onu həmin institutun müəllimliyinə dəvət edirlər...
Onun əşhədi-“gərəklilik” əmsalı tək elə mətbuat həyatı, elm-təhsil silsiləliyilə bitmirmiş; iyirmi doqquz yaşında ikən Azərbaycan Dövlət Filarmoniyasının, otuzunda Opera və Balet Teatrının direktoru kürsüsünə qalxacaq, 1941-ci ildə bu teatrın Təbrizə, sonralar bir neçə başqa ünvana qastrol səfərlərinə rəhbərlik edəcəkmiş. İkinci Dünya müharibəsi zamanı ordu sıralarında xidmətə isə hərbi “dəvət”lə yox, könül çağırışı ilə gedəcəkmiş. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948-1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960-1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968-1971), ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979) vəzifələrində çalışacaq, ADU-da Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olacaqmış.
Bir qədər “bitərəf”, müzare-nəqli keçmiş təhkiyəli “cansız reportaj”ın sonu və onun əsas fəaliyyət sahəsinin -

Əvvəli

Ədəbi-publisistik, elmi-populyar yaradıcılıq fəaliyyətinə 1937-ci ildə çap etdirdiyi məqalələrlə başlayan Abbas müəllim az müddət sonra ölkəmizin hüdudlarından uzaqlarda da (Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrin mətbu səhifələrində) XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərlərilə müntəzəm olaraq çıxış etmişdir. Böyük alimin monumental “Sabir və müasirləri” monoqrafiyası Ə.Behrənginin çevirməsində Təbrizdə, bugünədək san-sanbalını saxlayan “Cəlil Məmmədquluzadə” oçerki Ə.Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunmuşdur.
Bütün bunlar Abbas Zamanov imzasını, onun alimlik aura-arealını genişləndirir, elmi arena cəzbini artırırdı. Onun tituloqrafiyasına yeni-yeni qeydlər düşürdü: Türk Dil Qurumunun müxbir üzvü, Konya və Səlcuq Universitetlərinin fəxri doktoru, mətnşünaslıq sahəsində çox ciddi, özgür milli simalardan biri və s. Göründüyü anlarda gözlərə işıq, dodaqlara təbəssüm də gətirən bu imza milli qənimətlərimiz olan klassik ədiblərimizin əsərlərinin Azərbaycan və rus dillərində tərtib və nəşr işlərində də parlamaqdadır: C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə, Q.Zakir və başqaları. M.Ə.Sabir və H.Cavidlə bağlı şifahi-yazılı xatirələri, arxiv-“podşibka” ünvanlı məqalələri toplayıb, maraqlı “Ön söz”lərlə kütləvi tirajla çap etdirdiyi “Sabir xatirələrdə” və “Cavidi xatırlarkən” nəşrlərinin hər biri isə bir fədakarlıq nümunəsi!
Yarımbaşlıqdakı təkcə mənə məxsus “Əvvəli” ifadəsi belə bir ümuminformasion sonluğa da şəhadət verir: Abbas Fəttah oğlu Zamanov - görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü...
Bu gözəl insan və böyük alimin əsərlərinin şərhi, Müəllimliyinin “sintaktik” təhlili, filmoqrafiyasının “Bəxtiyar” (1942) qısametrajlı və “Sovet Naxçıvanı - Şərqin qapısı” (1949) sənədli filmlərinin ssenari müəllifi) “panoram” vəsfi mənimçün çətin olduğundan, keçirəm -

“Xatirələr”ə

…Və elə bu saysız xatirələrin “montaj”ı da xeyli mürəkkəb işdir deyə, hələ də “zəhmətkeş” titulu ilə kifayətlənən (bəlkə - kifayətləndirilən?..) araşdırmaçı Əli Şamilovun Azərbaycan Milli Ensiklopediyasının qrup rəhbəri ikən yazdığı bir xatirə-məqalənin ixtisarı ilə kifayətlənməli oluram:
“Universitet tələbəsi ikən professor və müəllimlərimiz çox halda bizim suallarımıza aydın cavab vermir, hər şeyi “1937 irticası”na bağlamaqla, yaxalarını qırağa çəkirdilər. Bunlar isə mənim kimi gəncləri qıcıqlandırır, yeni axtarışlara, qızğın fikir mübadilələrinə həvəsləndirirdi.
İkinci kursda ikən (1969-70) repressiya qurbanı Əmin Abid ömürlüyünü araşdırmaq istəyilə, onun qohumlarını, onu tanıya biləcək adamları aramağa başladım. Professor Abbas Zamanov da müraciət etdiyim insanlar sırasındaydı. O, bəzi başqa müəllimlərimiz kimi, məni başından eləmədi. Əksinə, otağına dəvət etdi və sorğu-suala tutdu (özü də - bir çox başqalarından fərqli olaraq, mənim haralı olmağım, öz əsərlərini oxuyub-oxumamağımla bağlı deyil, Ə.Abidin hansı məqalələrini oxumağım, hansı kitabxanalarda olmağım, diqqətimi daha çox nələrin çəkməsilə əlaqədar sorğu-suala).
Get-gedə münasibətlərimiz yaxınlaşdı. 1984-cü ildə “Sovet Naxçıvanı” qəzetinin H.Cavidin 100 illiyinə həsr olunmuş yubiley nömrələrini götürüb, təntənəli yubiley mərasiminin keçirildiyi Azdramaya gəldim və onları tanıdığım alimlərə, yazıçı və şairlərə payladım. Abbas müəllim qəzetlərə ötəri göz gəzdirib: “Halal olsun, - dedi. - Yaxşı hazırlayıbsız. Bunların hərəsindən bir nümunə olmaqla verərsən türkiyəli qonağımız İbrahim Bozyelə”.
Aradan üç-dörd gün keçmiş Abbas müəllimdən, öz təbirincə desək, “milliüzgün” bir xəbər gəldi ki, bəs, gömrükdə İbrahim Bozyeldən qəzetləri alıblar...
...İ.Bozyel Naxçıvana 1992-ci il səfərində səkkiz il öncə sovet gömrüyündə onu necə incitdiklərini, bütün qəzet, jurnal və kitabları əlindən aldıqlarını söylədi və dərhal da əlavə etdi ki, Abbas Zamanov Azərbaycan SSR Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xəttilə həmin şeylərin hamısını yenidən ona göndərib...
Abbas müəllim ədəbiyyat tariximizin qaranlıq səhifələri ilə bağlı çox şey bilirdi. Çox təəssüf ki, sovet irticasının xofundan onların əksəriyyətini nə yaza, nə də deyə bildi. Çünki azacıq etirazı, düşündüklərinin az bir qismini demək cəhdi başını bəlaya salırdı. Onun Bakıda çıxan nəşrləri yorulub-usanmadan dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımıza, xüsusən Atatürk Universitetinə (Ərzurum) və müxtəlif simsar kitabxanalara yollaması da sabahı düşünmək demək idi.
Azərbaycan müstəqillik əldə etdi. DTK arxivindəki bəzi sənədlərlə araşdırıcıların tanış olmasına icazə verildi. Türkiyəyə yollar açıldı. Azərbaycan şairlərinin 1928-ci ildə İstanbulda əski əlifba ilə çap olunmuş “İstiqlal uğrunda” şeirlər toplusu ilə, “Yeni Qafqaz” dərgiləri, eləcə də Mirzə Balanın 1948-də İstanbulda çap etdirdiyi Gültəkinin “Buzlu cəhənnəm” kitabı və başqa qaynaqlarla tanış olmaq imkanı əldə etdik. 1998-ci ildə həmin arxivdə Ə.Abidin istintaq materialları ilə tanış olarkən, bir vaxt Abbas müəllimlə “siyasi pıçıltı” ilə bəhs etdiyimiz bir məsələni - onun “Gültəkin” imzası ilə şeirlər yazdığını yəqinləşdirdim və “Ruhun şad olsun, Abbas müəllim!” pıçıldadım. Bu pıçıltı qəlbimdə çox ucadan səslənirdi...”
...Bütün hiss-həyəcanı ilə bu pıçıltılara qoşulan:

Tahir Abbaslı