Orta əsrlərin sənət növləri içərisində xəttatlıq özünəməxsus yer tutub. Dekorativ-ornamental sənətlə qovuşan bədii yazı mədəniyyəti kitabların, saray binalarının, məscidlərin, saxsıdan, metaldan, ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrinin bəzəyi olub. Böyük səbir və dəqiqlik tələb etdiyindən bu işlə məşğul olanların sayı o qədər də çox deyildi.

Əli Rza Təbrizi

Xəttatlıqda özünəməxsus iz qoyan istedadlı miniatürçü rəssam, naqqaş və şair Əli Rza Təbrizi yeddi xətlə məharətlə yazmağı bacarıb. Xüsusilə nəstəliq və nəsxisüls xətlərinin bilicisi kimi tanınıb. Mənbələrdə bu görkəmli sənətkar haqqında geniş məlumat yoxdur. Bircə o məlumdur ki, Əli Rzanın gəncliyi Təbriz şəhərində keçib. Nəsxisüls xəttini Əlaəddin Məhəmməd Təbrizidən, nəstəliqi isə Məhəmməd Hüseyndən öyrənib. Məhəmməd Hüseyn Əli Rza üçün bədii yazı növlərinin əhəmiyyəti haqqında şeir də yazıb. Şeirdə qeyd olunur ki, “qələm öz mərtəbəsinə görə qılıncdan ucadır”, “bir əli qələmlinin qabağında yüz əli qılınclı cəngavər dayana bilməz”.
Osmanlı dövləti ilə Səfəvilər arasında müharibə (1585) zamanı əhali işğal olunan Təbrizi tərk edir. Əli Rza da Qəzvinə köçməli olur. Burada tikilməkdə olan Cümə məscidinin tərtibat işlərində iştirak edir. Yüksək bədii ustalıqla Quranın bir neçə nüsxəsinin üzünü köçürür və tədris işi ilə məşğul olur. Az sonra Əli Rza sərdar Əbül Mənsur Fərhad xan Qaramanlının dəvəti ilə Xorasana gedir. İstedadlı sənətkar haqqında xəbər tezliklə saraya çatır. I Şah Abbas Əli Rzanı öz yanına qulluğa götürür.
Əli Rzanın Şah Abbasın sarayındakı xidməti barədə müasirlərindən biri yazıb:
“...O, burada yorulmadan çalışır və əhəmiyyətli üstünlüklər qazanmaq üçün can qoyur. Əyanlar siyahısına daxil olduqdan sonra daim şərəf yiyəsinin yaxınlığında qərar tutub. Şahın səxavətindən bəhrələnən, mərhəmətindən faydalanan, qiymətli hədiyyələrindən və qayğısından barınan, şan-şöhrət yiyəsi olan ən yaxın adamların sırasındadır”.
Əli Rza yalnız xəttatlıq sənətində deyil, həm də saray diplomatiyası və mədhiyyə söyləmək sahəsində də uğur qazanır. Bu qabiliyyətinə görə ona “Abbasi” ləqəbi verilir. Sonradan özünə “Şah Nəvaz” təxəllüsü götürür...
Şah bu istedadlı gəncin qabiliyyətini yüksək qiymətləndirir, kitabxanasının müdiri təyin edir. O, vəzifəyə keçən kimi Şah Abbasın tapşırığı ilə dövrün ən gözəl xəttatlıq nümunələrindən və ən məşhur miniatürçü rəssamların əsərlərindən ibarət albom hazırlayır. Şah Abbasın göstərişi ilə 1602-1604-cü illərdə Əli Rza Məşhədə gedir və bir neçə il orada qalır. Burada İmam Rzanın məqbərəsinin yazılarını və naxışlarını hazırlayır. Bu işi elə yüksək səviyyədə başa çatdırır ki, şah bundan sonra İsfahan məscidlərinin və inzibati binalarının tərtibatı kimi məsul işləri də ona tapşırır. Sənətkar sonralar Maqsud bəyin, Şeyx Lütfullahın və Şah Abbasın özünün adını daşıyan məscidlərin qapılarında iri süls xətti ilə yazılar həkk edir.
Əli Rza tərəfindən işləndiyi bilinən bir çox əlyazmalar günümüzə qədər gəlib çıxıb. Tədqiqatçı A.Qaziyevin araşdırmasında sənətkarın əlyazmalarından Hatifinin 1568-ci ildə üzü köçürülmüş “Teymurnamə”si, I Şah Təhmasibin türk sultanı I Süleymanın səfirləri ilə söhbətləri (1601-1602), Əbdürrəhman Caminin “Söhbətül-əbrar” (1613) əsəri, “Mehri-şəfai” (1616) nüsxəsi və digərlərinin adını çəkir.
Orta əsr təzkirəçisi Mirzə Sənklaxın yazdığına görə, uzun ömür yaşayan Əli Rza müdrik çağlarında “xəttatların şeyxi” adına layiq görülüb.

Mir İmad Qəzvini

Yaratdığı nəfis xəttatlıq nümunələri ilə dünyanın bir çox muzeylərini bəzəyən xəttatlardan biri də Mir İmad Qəzvinidir. 1553, yaxud da 1554-cü ildə Qəzvində doğulduğu bildirilən sənətkarın uşaqlıq və gənclik illəri Təbrizdə keçib. Dövrünün ən yaxşı xəttatlarından biri kimi ona “İmad ül-mülk” (“Dövlətin dayağı”) adı verilib. Xəttatlıqda nəstəliq xəttinin mahir ustadı Mövlana Məhəmməd Hüseyn Təbrizinin ən sevimli şagirdi olub. Ondan bu sənətin sirlərini öyrənib. O, ölümünə az qalmış Mir İmaddan xahiş edir ki, qələmin mədhinə həsr etdiyi şeirlərini təlimat şəklində tərtib etsin.
Şərq ölkələrinə səyahət edərkən Mir İmad bir neçə ildən sonra vətənə qayıdır. Fərhad xanın yanında qulluğa qəbul olunur. Xanın ölümündən sonra, 1599-cu ildə Gilana, oradan da Qəzvinə gedir. Məktəb-mədrəsələrdə gənclərə xəttatlıq dərsi keçir.
Bir müddət sonra paytaxt İsfahanda I Şah Abbasın dəftərxanasında işə qəbul olunur. Lakin sarayın sərt qayda-qanunlarına uyğunlaşa bilmədiyi üçün oradan uzaqlaşır. Qəzvinə dönərək müəllimlik fəaliyyətini davam etdirir. Eyni zamanda saray əxlaqına və Şah Abbasın siyasətinə qarşı kəskin çıxışlar edir. İctimai yerlərdə çıxışlar edərək qanlı savaşlara səbəb olan sünni-şiə ziddiyyətlərini yaradanları lənətləyir. Bu problemin aradan qaldırılması ilə bağlı söhbətlər aparır. Sənətkarın bu fəaliyyəti sarayda etiraz doğurur və 1615-ci ildə Qəzvində edam olunur.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar