Sözü atəş, gözü şimşək, mahiyyətcə ulu, fəaliyyətcə olu Türk - Xəlil Rza Ulutürk!..

Hələ sovetizmin dəc vaxtında, az qala başdan-başa “şurabazlıq” edən ədiblər arasında “azadlığı zərrə-zərrə, qram-qram” istəməyən, “zəncirləri, buxovları gərək qıram, qıram, qıram!” - deyə hayqıran bu şair milli müstəqillik uğrunda bəlli mübarizə dönəmimizdə tarixi “qələm və qılınc” fəlsəfəsinin, əbədi “ədib və istiqlaliyyət”, “şair və xalq” tandemlərinin vəhdət daşıyıcısı oldu.

21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində növbəti Azərbaycan uşağı kimi anadan olmuş, 2 saylı Salyan şəhər orta məktəbində oxuyarkən ədəbiyyat dərnəyinin üzvü olmuş, ilk mətbu şeiri (“Kitab”) 15 yaşında çap olunmuş bu oğlan Azərbaycan Dövlət Universitetinə daxil olduqdan sonra əsl Vətən oğlu kimi yenidən doğulmuşdur! Universitetdə fəaliyyət göstərən (görkəmli ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi) ədəbi dərnəyin, Yazıçılar İttifaqında Mirzə İbrahimovun rəhbərliyi ilə keçirilən “Gənclər günü” məşğələlərinin təsiri öz yerində, bu gənc həm də təbiətən sönməz vulkan, dostlarının təbirincə “canlı civə” imiş. Bu təbii əlahiddəliyi onun universiteti bitirən kimi “Azərbaycan qadını” jurnalına ədəbi işçi vəzifəsinə dəvət olunmasına, burada çalışdığı iki ildə dövri mətbuatda çap etdirdiyi məqalə və şeirlərilə ədəbi ictimaiyyətin diqqətini cəlb etməsinə, 32 yaşında SSRİ Yazıçılar İttifaqının üzvü seçilməsinə səbəb olur.
1957-ci ilin avqustunda Azərbaycan Yazıçılar İttifaqının onu Moskvaya - M.Qorki adına Dünya Ədəbiyyat İnstitutuna göndərməsi də gənc şairin parlaq gələcəyinə inamla bağlı idi. Orada rus ədəbiyyatının görkəmli simalarından Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənən, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olan, məşhur şair Samuil Marşakın evində, “Yasnaya Polyana”da dahi Lev Tolstoyun xatirə muzeyində, Ermitajda (Sankt-Peterburq) olması, əsrin bir çox ədəbi nəhənglərilə (Nazim Hikmət, Mixail Şoloxov və b.) görüşləri gənc ədibin xatirəsinə dərin izlər salır.
1959-cu ildə Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirən Xəlil Rza 1963-də “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda dissertasiya yazır, filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülür, institutda müəllim saxlanılır və elə hər şey də bundan sonra başlanır; ələlxüsus da - sonralar götürəcəyi təxəllüsün leqal və qeyri-leqal simptomları. O, tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən məlum “sovet-sosialist cızığı”nı pozmağa çalışır, dərs proqramı çərçivəsi ilə məhdudlaşmır, vətənpərvərlik ruhlu mühazirələrində öz milli-bəşəri dəyərlərimizdən, keçmiş və gələnəklərimizdən də danışır, rəsmi-rəyasi salonlardan, işgüzar-kargüzar məkanlardan tamamilə çıxarılma təhlükəsi qarşısında olan ana dilimizdən ürək yanğısı ilə söhbətlər açır. Dilimizin tək elə əcnəbi dil təsirinə məruz qalmaması uğrunda yox, onun “qatqar-qatışıqsız saflığı” üçün də çalışan Xəlil Rza bu “yeni moltanılıq məsələsi”ndə özünəməxsus mübarizə yolu da seçmişdi; bütün məqam-məkanlarda doğma dilində təmiz danışmayan müsahibindən hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı soydaşlarını isə “məcburi olaraq” bir manat məbləğində mükafatlandırar, bu minvalla müasirlərinin diqqətini ana dilimizin saflığını qorumağa cəlb edərdi. Bu da - vətəndaş-şairin dövrün ruslaşdırma siyasətinə qarşı apardığı mübarizə formalarından biri idi.
Bütün bunlar isə, əlbəttə, dövlət-siyasət dairələrinin nəzər-diqqətindən yayınmadı və çox çəkmədi ki, bu milli ədib-müəllimin ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırıldı, bir çox mətbu orqanlarda “ziyanlı ziyalı”, “bəsirətsiz şair”, “qorxulu pedaqoq” kimi qələmə verildi. Şair Sabir Rüstəmxanlı çox sonralar qələmə aldığı “Ömür kitabı”nda yazacaqdı: “Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şeirlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər”.
“Xəlil Rza” imzası ilə bağlı siyasi cizgi-ülgülər həddən çox qatı, “əskilər hədsiz tüstülü” idi və iş o yerə çatmışdı ki, -

Hətta -

SSRİ aləmində ən məqbul, ən mübahisəsiz məsələlərdən bəhs etdiyi misralarına, səmimi söhbətlərinə belə şübhə ilə yanaşılırdı. Məsələn, 1984-cü ildə onun “Ömürdən uzun gecələr” adlı kitabı ilə yanaşı, SSRİ xalqları şairlərindən tərcümə etdiyi poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Lakin bu növbəti soyuq münasibət də milli məqsəd hədəfli şairi sarsıtmadı. Milli amala yetmək üçün hər əzaba qatlaşan Xəlil Rza yorulub-usanmadan çalışır (bir çox ədəbi əsərlərlə bahəm, 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası və s.), təsəllisini yeni-yeni şeirlərdə, elmi araşdırmalarda, sadə xalq nümayəndələrilə canlı söhbətlərdə və bu “atüstü gaplar”ın əksəriyyətini yerindəcə bloknotlara köçürüb gələcəyə saxlamaqda tapırdı.
Və həmin gələcək gəldi! 1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı başlandı və bu ümumxalq mübarizəsinin tək elə Söz-Fikir köşəsində yox, Əməl aləmində də Xəlil Rzanın gur səsi, alovlu nitqləri Azərbaycanın bütün regionlarında eşidildi. O, bu fütuhatal hərəkata bütün varlığı ilə qoşuldu, odlu baxışı, ildırım çaxışı, anadangəlmə natiqlik naxışı ilə bənzərsiz bayraqdara çevrildi. Hər yerdə, hər münasib məqamda İttifaq mərkəzinin şovinist siyasətindən tutmuş Dağlıq Qarabağ torpağına təcavüz edən “ələkçi daşnaklara Bakıdan qıl ötürən namərd ermənilərə qədər” hər şeydən danışdı, hər nəsnədən yazdı.
Mərkəz məlum və müdhiş 20 Yanvar hadisəsinə qol qoydu və bunu misli görünməmiş aktla həyata keçirdi. Dünyanın ədalətliləri bu aksiyanı milli qətliam adlandırdı, lənətlə qarşıladı. Bu bəşəri azğınlıq müəlliflərindən olan SSRİ DTK-sı isə dünyəvi ədalət və gözəlliklər müəlliflərindən biri olan Xəlil Rzanı yanvarın 26-da həbs edib, Lefortovo həbsxanasına atdı. Lakin aramsız sorğu-suallar, ağır ittihamlar şairin iradəsini qıra bilmədi. O, 8 ay 13 gün yatdığı zindanda da mübarizəsini davam etdirdi, o günlərədək çıxış etdiyi mərd mübariz “Xəlil Rza” imzasına əlavə etdiyi müdrik “Ulutürk” təxəllüsü ilə 200-dən çox şeir, poema və hər biri bir əsər təsirli məktublar yazdı. 1991-ci il mayın 6-da “Türk milləti mükafatı laureatı”, 1992-ci ildə Xalq şairi fəxri adlarına layiq görüldü.
Bütün bunlar - ədəbiyyata təbii-təbiət baharı hesab edilən “Bahar gəlir” kitabı ilə gəlmiş bu şairin sonrakı düşüncələri, söhbətləri, yazılı və hərəki (!) yaradıcılığı göstərdi ki, o, doğma məmləkətinə siyasi bahar gəlişi üçün doğulubmuş! Buna onun son kitablarının adları da şəhadət verir: “Bağışla, ey Vətən”, “Lefortovo zindanında”, “Mənim dilim” və sair.
Mənən əbədi davam edəcək bu ömrün -

Cismani sonu...

Lefortovo həbsxanasında şəkər xəstəliyinə mübtəla olan Xəlil Rzanın səhhəti hədsiz dərəcədə pisləşir. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən şair bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılır. Süleyman Dəmirəlin tapşırığı ilə o, Türkiyədə (cərrah Paşa adına Şəfa evində) müalicə olunur. Mayın 19-da ürəyində əməliyyat aparılır. 1993-cü ilin fevralında Bakıya gətirilən şair həkimlərin nəzarəti altında saxlanır. Lakin çox çəkmir ki, müalicə üçün Almaniyaya göndərilir. Bakıya qayıdandan bir müddət sonra vəziyyəti yenidən ağırlaşır...
Belə məqamda elə söz də, qələm də ağırlaşır; bu qədər çarpışmalardan sonra “vəziyyət”in vəziyyəti necə olmalı imiş ki?..
...Hesablasan, bu şairin hər sırf məhəbbətanə bir şeirinə yüzbir siyasətanəsi düşər. Bunları dövrün “qlavlit” gözündən yayındırmaq üçün bəzən, bəzi kitablarının çöl üzünü “Sevən gözlər”, “Məhəbbət dastanı” adlandırsa da, iç üzündə “Hara gedir bu dünya” kimi xitablar, “Məndən başlanır Vətənim!” sayaq bədii-publisistik hökmlər saçırdı. Xalqımızın müstəqillik uğrunda davamlı çarpışmaları zamanı öz vulkanik mübarizliyinin ədəbi-bədii davamı olan “Davam edir 37” kitabı isə hər kəsə bəlli!..
Daha bir-iki bəlli fakt: “Təki Vətən şəhid olmasın” fikrilə yaşayıb-yaratmış bu Vətəndaşın oğlu Təbriz döyüş cəbhəsində şəhid oldu, özü isə ali-milli cəbhədə. 1994-cü il iyunun 22-də bu od-alov şairin vətən eşqi, xalq məhəbbətilə çırpınan ürəyi əbədi susdu...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar