Zəngilan rayonunun işğalından 22 il ötdü

Oktyabrın 29-da Azərbaycanın Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22 ili tamam oldu. 1988-ci ildən 1993-cü ilin oktyabrınadək düşmənin hücumlarına məruz qalan Zəngilan 188 şəhid verib. Rayonun 44 sakini itkin düşmüş sayılır. 1993-cü ilin avqustunda Qubadlı və Cəbrayılın işğalı ilə mühasirəyə düşən Zəngilan düşmən əlinə keçən sonuncu rayon oldu...
Zəngilan inzibati ərazi vahidi rayon kimi 1930-cu ildə təşkil edilib. Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat kilometrdir, əhalisi işğal zamanı 35 mindən çox olub. İqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edirdi.
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər düşmən tərəfindən talan edilir.
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
İndi doğma yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayırlar, dövlət qayğısı ilə əhatə olunublar. Lakin bu diqqət doğma ocağa qayıtmaq arzusunu unutdurmayıb və onlar çinarlar yurduna qayıdacaqları günü gözləyirlər...







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar