XIX əsrin sonlarında Tiflisdə müxtəlif millətlərə məxsus mədəniyyət ocaqları fəaliyyət göstərirdi, Avropadan teatr truppaları tez-tez şəhərə qastrol səfərləri edirdi. Bu da şəhər mədəni mühitinin formalaşmasına öz təsirini göstərirdi.

Bu mədəni tərəqqi XX əsrin ilk onilliyində Azərbaycan səhnə sənətinin inkişafına da güclü təsir göstərir. Azərbaycan teatr sənətinin ilk milli aktrisalarından olan Gövhər Qazıyeva da belə bir mühitdə dünyaya gəlmişdi.
Gövhər Əhməd qızı Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində doğulub. Valideynləri onu ilk olaraq rus məktəbinə qoyurlar. Orta təhsilini başa vurduqdan sonra Gövhər xanım Nəcib Qızlar İnstitutuna daxil olur. Burada rus və Azərbaycan dillərində mükəmməl təhsil alır.
Bu illər şəhərin gürcü zadəgan teatrı özünün parlaq dövrünü yaşayır. Burada həvəskar azərbaycanlı aktrisa və aktyorlar da tamaşalar göstərir. Çox keçmir Tiflisdə Azərbaycan teatr truppası yaradılır. Mirzə Əli Abbasovun rəhbərlik etdiyi “Dram cəmiyyəti” yaranır, sonra bu sıraya Həbib bəy Köçərlinskinin başçılıq etdiyi “Səadət” truppası qoşulur.
Səhnə fəaliyyətinə başlayan (1906) Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış edir. Onun Tiflis zadəgan teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi olur. Əsər 1910-cu il oktyabrın 9-da müvəffəqiyyətlə tamaşaya qoyulur. Həmin il oktyabrın 30-da “Səadət“ dram dəstəsi Şəmsəddin Saminin “Gaveyi-ahəngdar” pyesini tamaşaya hazırlayır. Xubçöhr rolunda isə Gövhər Qazıyeva çıxış edir.
Bir-birinin ardınca oynadığı uğurlu rollar onu Tiflisin mədəni həyatında çox tez tanıdır. Bakı qəzetləri ona məqalələr həsr edir. “Nicat” cəmiyyəti aktrisanı Bakıya dəvət edir.
Araşdırmalardan məlum olur ki, Gövhər Qazıyevanın repertuarı geniş və əhatəli olub. O, Henrix Heynenin “Əlmənsur”, Namiq Kamalın “Qara bəla”, Azərbaycan dramaturqlarından Nəriman Nərimanovun “Nadir şah”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, Zülfüqar Hacıbəyovun “Evliykən subay” əsərlərində oynayır, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasında Gülnazı özünəməxsus şəkildə canlandırır.
1911-ci il mayın 26-da və 30-da Tiflis şəhərində aktrisanın benefisi keçirilir. Gecədə ilk dəfə Zülfüqar Hacıbəyovun “On bir yaşlı arvad” pyesinin tamaşası göstərilir. Ancaq Gövhər Qazıyevanın səhnə fəaliyyəti bəzi dairələrdə birmənalı qarşılanmır, ona qarşı fitnə-fəsadlar törədilir. Din xadimləri müsəlman qadının səhnəyə çıxması əleyhinə olur.
Gövhər Qazıyeva Azərbaycan teatr səhnəsinin bir çox görkəmli aktyorları - Hüseyn Ərəblinski, Mirzə ağa Əliyev, Hüseynqulu Sarabski, Mir Seyfəddin Kirmanşahlı və başqaları ilə birgə tərəf-müqabil olub. Onun Mirzağa Əliyevlə tərəf-müqabilliyi ilk dəfə Tiflisdə “Əlli yaşında cavan” tamaşasında olur, sonra onlar İrəvanda səhnəyə çıxırlar. Bu sənət dostluğu sonralar məhəbbətə çevrilir. Onlar 1912-ci ilin mayında ailə həyatı qurur və Bakıya köçürlər. Bu nikahdan onların İsmayıl adında bir övladları olur. Qəribədir ki, evlənəndən sonra Mirzağa Əliyev həyat yoldaşının səhnədə çıxış etməsinə icazə vermir. Bundan sonra onlar ayrılmalı olurlar.
Çar hökuməti orqanlarının fitnəkarlığı nəticəsində Mirzağa Əliyev həmin il Həştərxana sürgün olunur. Gövhər Qazıyeva isə 1913-cü ildə Polşaya gedir. Varşavada “Müqəddəs Sofiya” tibb məktəbinə daxil olur. 1915-ci ildə təhsilini başa vurur və Bakıya qayıdır, tibb ixtisası üzrə fəaliyyətə başlayır.
Bir müddət keçdikdən sonra ikinci dəfə ailə həyatı qurur və bir daha səhnəyə çıxmır. Sonra İrana köçür və uzun illərdən sonra, 1937-ci ildə bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə yoldaşları onu böyük təmtəraqla qarşılayırlar. Hətta teatrda şərəfinə qəbul da düzəldirlər. Keçmiş aktrisa Cəfər Cabbarlının “Almaz” pyesinin tamaşasına baxır. Tamaşa və qəbul günü qeyri-adi bir hadisə baş verir. Gövhər Qazıyeva on beş il olar ki, itirdiyi və üzünü görmədiyi oğlu İsmayılı tapır. Qəfil sevincdən özünü itirən xanım hamıya hədiyyə paylayır...
Azərbaycan teatrının ilk qaranquşu kimi tanınan Gövhər Qazıyeva 1960-cı ildə Cənubi Azərbaycanda vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar