Azərbaycan

6 noyabr 1926 - Azərbaycan radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. Sonradan 4 saata, daha sonra 6 saata çatdı. 1956-cı il fevralın 14-də isə Azərbaycanda ilk televiziya verilişi efirə çıxdı - Bakı televiziya studiyası fəaliyyətə başladı.
6 noyabr 1931 - Şair, nasir Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931-1997) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Uşaq və gənclər üçün əsərlərin müəllifidir.
6 noyabr 1974 - Şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923 - 1974) vəfat edib. Sözlərinə populyar mahnılar ("Bakı, sabahın xeyir", "Bakılı qız" və s.) bəstələnib. "Göz həkimi", "Ana ürəyi", "Yolayrıcı" və s. pyeslərin müəllifidir. Rus poeziyasından tərcümələr edib.
6 noyabr 2009 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 11.4.1914 - 2009) vəfat edib. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.

7 noyabr 1906 - Aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1906-1993) anadan olub. “Ögey ana” , “Arşın mal alan” (1965), “Dağlarda döyüş” filmlərinin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” və s. filmlərdə çəkilib.
7 noyabr 1908 - Şair, alim, pedaqoq Maqsud Məsim oğlu Şeyxzadə (1908 - 19.2.1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb. Özbəkistanın məşhur ədibi olub, özbək dilində çoxsaylı əsərlər, ssenarilər yazıb, tərcümələr edib.
7 noyabr 1917 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (1917 - 4.10.2000) anadan olub. Azərbaycan estrada musiqisinin yaradıcılarından biri, çoxsaylı mahnıların müəllifidir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
7 noyabr 1917 - Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev (1917-1993) Bakıda anadan olub. "Qara Qarayev", "Səttar Bəhlulzadə", “Koroğlu”, “Babək” tablolarının müəllifidir.
7 noyabr 1920 - Azərbaycan radiosunun ilk diktorlarından biri, Xalq artisti Fatma Ağacabbar qızı Cabbarova (1920-2008) anadan olub.
7 noyabr 1923 - Dilçi alim, filologiya elmləri doktoru Rəhilə Cavad qızı Məhərrəmova (1923-2011) Bakıda doğulub.
7 noyabr 1925 - Əməkdar incəsənət xadimi, teatr rəssamı Əyyub Səfər oğlu Fətəliyev (1925 - 21.4.2000) İrəvanda anadan olub.
7 noyabr 1934 - Tanınmış müğənni, Xalq artisti Oqtay Ağayev (1934 - 14.11.2006) Bakıda anadan olub. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosunun estrada orkestrinin solisti olub.
7 noyabr 1940 - Məşhur xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 1940 - 6.12.2006) Qazax rayonunda doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm" və s.) əsas partiyaları ifa edib.
7 noyabr 1945 - Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində anadan olub. Teatrda, teletamaşalarda (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”), filmlərdə ("Dantenin yubileyi", “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) maraqlı obrazlar yaradıb.
7 noyabr 1990 - Rejissor, ssenarist, operator, rəssam Əlisəttar Atakişiyev (25.12.1906 - 1990) vəfat edib. Filmləri: “Bir qalanın sirri”, “Bizim küçə” (quruluşçu rejissor), “Uzaq sahillərdə” (operator) və s.

8 noyabr 1923 - Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1923 - 23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.
8 noyabr 1930 - Bəstəkar Əfsər Bayram oğlu Cavanşirov (1930-2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. AzTV-nin «Bənövşə» uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olub. Simfoniyalar, poemalar, uşaq xoru üçün əsərlərin müəllifidir.
8 noyabr 1944 - Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.
8 noyabr 1967 - Bakı metrosu fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli sərəncamı ilə noyabrın 8-i metropoliten işçilərinin peşə bayramı günü elan edilib.

9 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı qəbul edilib. Azərbaycan sovetləşəndən sonra qırmızı sovet bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.
9 noyabr 1954 - Bəstəkar, Xalq artisti, professor Siyavuş Əşrəf oğlu Kərimi Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosu estrada simfonik orkestrinin bədii rəhbəri olub. 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektorudur. “Sarı gəlin”, “Girov” və s. filmlərə, tamaşalara musiqi yazıb.
9 noyabr 1973 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə, 15.5.1899 -1973) vəfat edib. Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
9 noyabr 1994 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (11.12.1918, Ağdam - 1994) vəfat edib. “Yarpaqlar”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.

Dünya

6 noyabr 1814 - Belçikalı musiqi aləti ustası, saksafonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax, 1814-1894) anadan olub.
6 noyabr 1936 - Moldova kinorejissoru, ssenarist, şair Emil Lotyanu (1936-2003) anadan olub. Filmləri: “Tabor səmaya gedir”, “Mənim nəvazişli və zərif heyvanım”.

7 noyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957) Alber Kamyu (Albert Camus, 1913 - 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.

8 noyabr 1837 - Gürcü yazıçısı, publisist, şair İlya Çavçavadze (1837 - 12.9.1907) anadan olub. “Erməni alimləri və fəryad edən daşlar” adlı əsərində ermənilərin qonşu xalqların tarixinə və mədəniyyətinə qarşı saxtakarlıq əməllərini ifşa edib.
8 noyabr 1900 - Amerika yazıçısı Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell, 1900-1949) anadan olub. “Küləklə sovrulanlar” romanı ilə məşhurlaşıb.
8 noyabr 1935 - Fransız aktyoru, rejissor, ssenarist Alen Delon (Alain Fabien Maurice Marcel Delon) anadan olub. Filmləri: “Macəra axtaranlar”, “Polis əhvalatı”, “Zorro”, “Kazanovanın qayıtması”, “Tehran-43” və s.
8 noyabr 1961 - SSRİ-nin mərkəzi televiziyasında Şən və Hazırcavablar Klubunun (rusca “KVN”) ilk buraxılışı efirə çıxıb. 2001-ci ildən 8 noyabr beynəlxalq “KVN günü” kimi qeyd olunur.

9 noyabr 1818 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 - 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin”, “Asya”, “Ovçunun qeydləri” (hekayələr toplusu).
9 noyabr 1832 - Fransız yazıçısı, detektiv janrın banilərindən biri Emil Qabrio (Emile Gaboriau, 1832-1873) anadan olub.
9 noyabr 1929 - Məşhur bəstəkar, SSRİ Xalq artisti Aleksandra Paxmutova anadan olub. Əksəriyyəti bu gün də populyar olan 400-dən çox mahnı bəstələyib.

Hazırladı: Vüqar Orxan