ki, adını radioda eşidə, valda oxuya bilməsən də, əlbəəl tanına...”
Bu sözləri düz qırx beş il əvvəl, keçənlərinizə rəhmət, qulaqları ağır eşidən yetmiş beş yaşlı nənəmdən eşitmişəm. Nənəm bunu deyib, əlini 3-4 yüz metrliyə uzadaraq (sonralar öyrənəcəyəm ki, bizim Arazqırağı kənddən 30-35 kilometr aralıdakı Sərdarlı kəndini nəzərdə tuturmuş) əlavə etmişdi: “Bude - bu sərdarrı balası kimi! Bəxdəvər səni doğanın başına...”
O yaş, o huş-başda olan bir adamın bu “bəxtəvərliyindən” sonra mən həmin radio konsertinə daha diqqətlə qulaq asmağa başladım və ötən il (hələ onuncu sinif şagirdi ikən) bu “savadsız arvad”ın böyük qardaşımın üç-dörd yaşlı qızını sevələyərkən “Bir evdə ki sən tək gözəl olmaya, O evi dağıdıb, talamaq gərək” deməsinin fərqinə vara bildim. Fikirləşdim ki, ey dadi-bidad, məsələ təkcə məktəb oxuyub savadlanmaqda, tutalım, M.P.Vaqifin şeirlərini əzbərləməkdə deyil, onların mahiyyətini dərk etməkdə imiş. O vaxt nənəmin sir-sifət qırışlarına, danışırkən çatılan ağappaq qaşlarına, bəzən qonşu arvadlar içərisindəki sözanlamazlara acıqlananda “Keçəlliyimi neynirsən, keçərliyimdən danış” kimi məsəllərinə fikir verə-verə belə qənaətə gəlirdim ki, bax, tez-tez - yaxşı ya pis - qarasına danışdığımız xalq budur!..
Həmin günlərin bir günündə ədəbiyyat dərsindən (şeiri yaxşı əzbərləyə bilmədiyimə görə) “3” alıb gəlmişdim və istəmişdim qarşımdakı bu “xalq”dan soruşam ki, “ay tez-tez nəvələrinin adlarını yanılan nənə, axı sən bu qədər atalar sözünü, zərb-məsəlləri yadında necə saxlaya və özü də hər birini məqamında deyə bilirsən”, o, sol əlinin dörd barmağını dodaqlarına çırpa-çırpa işarə etmişdi ki, “dinmə, qulaq asıram”. Və bu anlar o “sərdarrı balası” elə oxuyur, qırıq-qırıq sözləri bir-birinə elə toxuyurdu ki, lap “adamın anasını ağlatmaq” dərəcəsində! Nənəm isə... bu dəqiqə həqiqətən ağlayırdı. İstədim ondan bunun səbəbini soruşam, alınmadı. Çünki bu an başım tamam ayrı məsələyə qarışmışdı; “sərdarrı balası”nın özgə bir şövqlə oxuduğu “Bir tama-şa-dır o çat-ma qaaş-laar” misrası mənə - birinci sinifdən on birinci sinfə qədər lap qabaqkı partalarda oturan və həmişə bütün dərslərdən “5” alan Filankəsova Filankəsi xatırlatmışdı...
Mən o qızın çatma qaşlarını axıracan xəyallayıb qurtarmamış “sərdarrı balası” o mahnını oxuyub qurtardı və diktor elan etdi ki; “Hörmətli tamaşaçılar, siz İslam Rzayevin konsertini dinlədiniz”...
O vaxt o diktor hardan biləydi ki, hələ nə əməkdar, nə xalq artisti olan o İslam Rzayev ucqar bir kənddə qoca bir nənəni necə ağlatdı, yeniyetmə bir nəvəni sənətə necə bağlatdı və çox sonralar paytaxtın say-seçmə sənət adamlarından -
Eşitdi ki;
“İslam Rzayev tək elə dinləyicilərinin zövqünü yox, mahnıların, muğamların da qəlbini bilirdi” (Xalq artisti Əlibaba Məmmədov).
“İslam Rzayev zəngulələri kişmişi üzüm salxımları kimi gilələyirdi. Onun ifaları xalq zümzümələrinin şirəsi ilə professional musiqi təmrinlərinin cəmi idi. Qədimdən-qədim muğamın müasir ifaçılığındakı yeni nüanslarda İslamın improvizə payı yetərincədir. Şəxsən mən özüm onun özünəməxsus guşəxanalıqlarından çox şey öyrəndiyimi və bu sənətkarı ustad kimi qiymətləndirdiyimi fəxrlə elan edirəm!” (Xalq artisti Canəli Əkbərov).
Məşhur ədəbi-bədii kəlamlardan olan “Biz də öz dağarcığımızı çəkək çuvallar cərgəsinə” (Mirzə Cəlil) replikasını tez-tez işlədən iki tələbə yoldaşımın ötən əsrin 70-ci illərində metronun “Bakı Soveti” stansiyası qarşısında İslam Rzayevin özünə dediklərini də xatırlatmaq istərdim. Mais Kazımov: “İslam müəllim, orta məktəb dostlamdan biri ilə yeddi il idi küsülü idim. Keçən həftə səhər-səhər Sizin “Segah təsnifi”nizə qulaq asdım, axşam bilet alıb getdim Füzuliyə, onunla barışdım, “Quruçay” restoranında bir stipendiyalıq qonaqlıq verdim, qayıtdım”. Tofiq Abdullayev: “Ay İslam müəllim hey, mən kürdəmirliyəm, ancaq Siznən Süleyman Abdullayevin səsindən sonra həm də qarabağlı olmuşam. Ola bilər ki, nə üçünsə sizin ikinizlə də gündüz parta-part vuruşa bilərəm, ancaq, atamın canıyçün, axşam gedib radioda konsertinizə qulaq assam, zülüm-zülüm ağlayaram!”
İnsan xatirələrindən keçək fono-filmoteka yaddaşlarına.
“Şur”
Yəqin, hörmətli oxucularımız özlərini dinləyici-tamaşaçı “status”una keçirib, qırx səkkiz il bundan əvvəl istedadlı bir gənc rejissorun - indi artıq Xalq artisti olan Arif Qazıyevin lentə aldığı bu televiziya filmini xatırladılar. O filmin bir çox digər keyfiyyət və məziyyətləri öz yerində, İslam Rzayevin ifası özgə bir aləm deyilmi?! Ehtiyac varmı ki deyək; o filmdə qeyri-adi forma və məzmunda təqdim olunan “Şur” muğamının ən zil məqamının ifaçısı məhz İslam Rzayevdir! Bəli, ekranda milli rejissor traktovkası ilə alovlanan məşəllər, məşhur sənətkarlardan - Əbülfət Əliyev və Əlibaba Məmmədovdan keçidlər və bu yazı qəhrəmanımızın, gah bəm, gah zil gəzişmələrdən sonra avaz estafetini ustalıqla həmkarına ötürməsi...
Bu filmdən sonra İslam Rzayev səsinin sorağı digər kino və telefilmlərdən gəlməyə başladı. Bunlardan - 1965-ci ildə ekranlara çıxan “Yenilməz batalyon” filmini xüsusi qeyd etmək gərək. Çünki bu ustad sənətkarın səs tonu, ifa dinamikası orada araba qovlayanların məqsəd-məramı və elə atların çapış dinamikası ilə başabaş uyğun gəlir. Sonralar onun gözəl sədası ilə süslənən “Azərbaycan elləri”, “Bakı bağları”, “Havalansın Xanın səsi” və s. televiziya filmləri də o cümlədən.
Və nəhayət, ilk olaraq “sərdarrı balası” kimi tanımağa başladığım bu sənətkarın sənəd tərcümeyi-halından -
Qısa “zəngulələr”
İslam Tapdıq oğlu Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Musiqi-sənət ədəbiyyatında o, Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri kimi təqdim edilir. Peşəkar musiqi təhsilini A.Zeynallı adına Musiqi Məktəbində alıb (1951-1956), Seyid Şuşinskinin sinfində muğam dəsgahlarını mükəmməl öyrənib. Onu başqa həmkarlarından fərqləndirən cəhət kimi, muğam dərsləri aldığı Zülfü Adıgözəlov və Həqiqət Rzayeva məktəblərinə sədaqətini də vurğulayanlar var. O, indiki Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət Filarmoniyasının adlı-sanlı solisti kimi fəaliyyətə başlamışdır. Böyük məharətlə oxuduğu və Azərbaycan televiziya və radiosunun fonduna daxil edilmiş “Çahargah”, “Bayatı-kürd”, “Mahur-hindi”, “Rast” muğam dəsgahları milli musiqi xəzinəmizi zənginləşdirən nümunələrdən hesab edilir. Bir çox xalq mahnılarının əvəzsiz ifaçısı olan xanəndə bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun “Nəsimi”, “Aşıq Alı” və s. kantatalarında solo partiyaları oxumuşdur.
İslam Rzayev mahnı bəstəçisi kimi də tanınır. Onlardan “Gəl, inad etmə”, “Dağlar başı duman olar”, “Almadərən” və başqaları geniş yayılmış, müəllif tərəfindən də ustalıqla ifa olunmuşdur.
Yüzə qədə qastrol səfərlərində (Kolumbiya, Peru və Kubadan Yaponiyaya, Hindistan və Nepaladək) olmuş, pedaqoji sahədə çalışmış ustad sənətkarın yetirdiyi tələbələr də hazırda xanəndəlik məktəbimizin layiqli davamçıları kimi tanınmaqdadırlar.
Tahir Abbaslı