Azərbaycan

10 noyabr 1997 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında" fərman imzalayıb.

11 noyabr 1907 - Şair, dramaturq Mirmehdi Həsən oğlu Seyidzadə (1907 - 31.8.1976) Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində doğulub. İbtidai təhsilini İranın Məşhəd şəhərində alıb. 1920-ci ildə ailəliklə Bakıya köçüb. Uşaqlar uçun şeirlər, mənzum nağıllar, kiçik pyeslər yazıb. Rus ədiblərinin əsərlərini dilimizə tərcümə edib.
11 noyabr 1921 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 - 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana, Ərdəbil şəhərinə köçüb, milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb, ADU-nun filologiya fakültəsini bitirib, ədəbi yaradıcılığını davam etdirib.
11 noyabr 1934 - Xalq artisti, görkəmli xanəndə, pedaqoq İslam Tapdıq oğlu Rzayev (1934 - 28.1.2008) anadan olub. 20 ilə yaxın Muğam Teatrının bədii rəhbəri olub, 100-dən çox gənc ifaçı yetişdirib.
11 noyabr 1948 - Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının tikintisi bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi.
11 noyabr 1951 - Xalq artisti, aktyor, rejissor İsmayıl Hidayətzadə (19.8.1901 - 1951) vəfat edib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyi "Koroğlu" və "Arşın mal alan" tamaşaları böyük uğur qazanıb. İlk milli baletimizin - "Qız qalası"nın librettosunu yazıb. Bir neçə filmdə ("Qız qalası", "Almaz" və s.) çəkilib.

12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. 1995-ci il noyabrın 12-də yeni Konstitusiyanın qəbulu ilə bağlı ümumxalq referendumu və çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri keçirilib. Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edildi.
12 noyabr 1950 - Əməkdar artist Pərviz Sadıq Saleh oğlu Bağırov anadan olub. 1972-ci ildən Milli Dram Teatrında çalışır. "Azərbaycanfilm"də lentə alınan bir çox ekran əsərinin səsləndirilməsində, filmlərin dublyajında iştirak edib.

13 noyabr 1945 - Xalq artisti Elmira Məhərrəm qızı İsmayılova İrəvanda doğulub. 1968-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.
13 noyabr 1960 - Kinorejissor, rəssam Şamil Kamil oğlu Nəcəfzadə anadan olub. Filmləri: "Qala" (ssenari müəllif və rejissor), "Cin mikrorayonda", "İmtahan", "Yarasa" (rəssam).
13 noyabr 1948 - Aktyor, dramaturq Arif Mədətov anadan olub. "Qatır Məmməd", "Dərviş Parisi partladır", "O qızı tapın" və s. filmlərdə çəkilib. Pyesləri: "Şeytan", "Sezarın qətli" və s.
13 noyabr 1983 - Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1905, Tiflis - 1983) vəfat edib. Filmləri: "Qara daşlar", "Kölgələr sürünür" və s.

Dünya

10 noyabr Dünya Gənclər Günüdür. 1946-cı ildə Dünya Demokratik Gənclər Federasiyası (World Federation of Democratic Youth, WFDY) tərəfindən təsis edilib.
10 noyabr 1483 - Alman teoloqu və filosofu, xristianlıqda Reformasiya (islahat) hərəkatının rəhbəri Martin Lüter (1483 - 15.2.1546) anadan olub. Xristianlıq dinində protestantizm məzhəbinin qollarından biri onun adı ilə lüteranlıq adlanır.
10 noyabr 1759 - Görkəmli alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi İohann Fridrix Şiller (Johann Christoph Friedrich von Schiller, 1759 - 9.5.1805) anadan olub. Pyesləri: "Qaçaqlar", "Məkr və məhəbbət", "Mariya Stüart", "Orleanlı qız" və s.
10 noyabr 1846 - Finlandiya bəstəkarı və dirijoru Martin Veqelius (Martin Wegelius, 1846-1906) anadan olub.
10 noyabr 1928 - Məşhur italyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone) anadan olub. 400-dən çox filmə musiqi yazıb, kinematoqrafiyaya töhfələrinə görə "Oskar" mükafatına (2007) layiq görülüb.

11 noyabr 1821 - Böyük rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (1821 - 9.2.1881) anadan olub. "Alçaldılmış və təhqir olunmuşlar", "Ölü evindən qeydlər", "Cinayət və cəza", "Qumarbaz", "İdiot", "Şeytanlar", "Yeniyetmə", "Karamazov qardaşları" romanlarının, povest və hekayələrin müəllifidir.
11 noyabr 1944 - Məşhur türk aktyoru, komik rolların mahir ifaçısı Kamal Sunal (1944 - 3.7.2000) anadan olub. 100-ə yaxın filmdə çəkilib: "Salako", "Hababam sinfi", "Tosun Paşa", "Zibilçilər kralı", "Qərib Şaban", "Kreslo bəlası" və s.
11 noyabr 1962 - Amerika akrtisası Demi Mur (Demi Moore) anadan olub. Filmləri: "Kabus", "Ədəbsiz təklif", "İfşa" və s.

12 noyabr 1840 - Fransız heykəltəraşı, heykəltəraşlıqda impressionizmin ("Mütəfəkkir" heykəli) banilərindən biri Fransua Ogüst Roden (François-Auguste-Rene Rodin; 1840-1917) anadan olub.
12 noyabr 1929 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Rolan Anatolyeviç Bıkov (1929-1998) anadan olub. Filmləri: "12 stul" (Mark Zaxarovun quruluşunda, Fyodor ata), "Əlibaba və 40 quldurun macəraları" (sovet-hind filmi).
12 noyabr 1935 - Tanınmış rus aktrisası və müğənnisi, SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 - 30.3.2011) anadan olub. Filmləri: "Mexanik Qavrilovun sevimli qadını", "İki nəfər üçün vağzal" və s.

13 noyabr 1745 - Fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy, 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr "Beynəlxalq gözdən əlillər günü" kimi qeyd olunur.
13 noyabr 1850 - Məşhur ingilis (şotland əsilli) yazıçı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson, 1850- 3.12.1894) anadan olub. Əsərləri: "Dəfinələr adası", "Şahzadə Otto", "Qara ox" və s.

Hazırladı: Vüqar Orxan