Dövrünün nadir şəxsiyyət şərəfzadələri və sənət azmanlarından - Abbas Mirzə Şərifzadə!

Bu tip insanlarçün, birüzlü şəxsiyyətlərçün ikiüzlü siyasi quruluşlarda yaşayıb-yaratmaq - bütöv bir tragediya!
İşə baxın ki, kiçik bir cümlədə iki xoşagəlməz və bir minor ifadə işlətməli oldum (bəhsində olduğum bu böyük sənətkarın səhnələrdə saysız tiplər, ikiüzlü, tragik obrazlar oynamasına baxmayaraq, bu terminlər heç də xoş assosiasiya yaratmır)...


Məncə, bu məsələlərin psixoloji-praktiki dərkində aktyorlar, onlarçün obraz-rol “istehsal” edən ədiblərdən daha irəlidədirlər; ikincilərin hərəsi bir cür (və ya yüz cür) tip yaradırsa, birincilər hər cür tipi oynamalı olurlar. Deməli, tək elə sənətin yox, siyasətin də “ekvator xətti” aktyor ürəyindən keçir. Davamıyca da deməli ki, siyasi dövran dəyişimlərində dəyişilən rəhbərlik-müdiriyyətlərdən fərqli olaraq, aktyor qismi olduğu kimi qalır. Yəni onlar, dünən səhnədə böyük istedad, ecazkar əda-səda və digər mimikalarla tənqidində (yaxud təqdirində) bulunduqlarını bu gün eyni elementlərlə təqdir (və ya tənqid) etməli olurlar. Amma bu, onların şəxsi aşınma-amartizasiyası, psixoloji deqradasiyası kimi yox, sənət repressiyası kimi anlaşılmalıdır.
Bütün bunlardan sonra bunu da deməli ki, hər hansı bir Zaman, Dövr, Quruluş aktyor sinfinə qarşı daha diqqətli, daha ehtiyatlı olmalıdır...

Belə ki; -

bu dünyada tez-tez (və ya vaxtaşırı) rola girmək həyat səhnəsindəkilərə tör-töhmət gətirər, sənət səhnəsindəkilərə isə şan-şöhrət. “Birinci”lər haqda “hər gün bir rola girir, cilddən-cildə düşür” deyərlər, ikincilər barədə isə “hər gün bir rol oynayır, obraz yaradır”. İkincilərin rolunu xalqın ədəb-irfan ədibləri yazır, “birinci”lərinkini isə öz şeytan xislətləri...
“Birinci”lərə məxsus xir-xislət hökmü-rəyasət səhnəsindəkilərə də keçirsə, onda - (elə bu yazı qəhrəmanımızın dövründəki bir dramaturqdan iqtibasla) “vay şəələküm-məələküm!” Və dünya dramaturgiyasının əbədilik laureatı olan məlum monoloqdakı (“qaş ilə göz arasında”kı) “Olum ya ölüm?!”ün ehtivası...
Bu mətləbə həm də ona görə toxundum ki, dramlar dramı “Hamlet” Azərbaycan səhnəsinə ilk dəfə Abbas Mirzənin qədəmiylə ayaq açıb. Dünya teatrının (və teatr dünyasının) bu əbədi baş monoloqunun ədəbi-fəlsəfi sual-nidasının ilk səslənişi onun dilindən eşidilib. Və sən demə, 1927-ci ildə baş vermiş bu teatral “ayaqaçdı”nın həyati-repressial mənzil başına onca il, bu qoşa antonim xitabdakı ikinci səslənişin “vüsal”ına on bircə il qalırmış... Bu adlı-sanlı aktyoru ad günü ərəfəsində həbs ediblər. Öz evində qandallayıblar. Mənzilində çox ciddi axtarış aparıb, “ciddidən-ciddi” “əşyayi-dəlil”lər tapıblar: “bir ədəd teatr qılıncı”, “iki ədəd teatr tapançası”. Dərhal da həbsi barədə arayış tərtib ediblər: “Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq edib”. “Əldə edilmiş” bu məlumatlar isə, əslində, “dil”lərdən edilmiş böhtanlardan ibarətmiş. Məsələn, ağlagəlməz işgəncələrdən bezmiş Ruhulla Axundov belə bir məlumat verib: “...Mən özüm Milli Dram Teatrının direktoru Əli Kərimovu əksinqilabi millətçi təşkilata cəlb etmişəm, o isə öz növbəsində Abbas Mirzə Şərifzadəni həmin təşkilatla tanış etmişdir”.
Hə, həmin “əmrə-nömrə”li illərin milli mədəniyyətimizi ucaldası ən istedadlıları bir-bir seçib, birər-birər gülləyib güllələmə günləri, sürgün-sürmə “vəsməli” saatları belənçik-belənçik davam edir, siyasət-sənəd yaradıcılığı millət-sənət yaradıcılığını üstələyir, “plan-öhdəlik!” bağıran hökumətlə işbirliyinə girmiş “filan-filan” lakeyzadələr bəyzadələri, zatıqırıqlar əslzatları bolşevik maşınının baqajına qoymaqdan yorulmur, milli düşüncələr inter-“redaksiya”larda işlənir, sitatlar zaldan-zala, ali zatlar “padvaldan-padvala” ötürülürdü. Deyirlər, onlardan biri - guya R.Axundovun “əksinqilabçı millətçi təşkilata cəlb etdiyi” teatr direktoru Ə.Kərimov fiziki zərbələrdən necə sustalıbsa, müstəntiqin israrla, dönə-dönə soruşduğu “Şərifzadə də?!” sualını yalnız gözlərilə rədd edirmiş...
Lakin Şərifzadənin Gəncədə olarkən (1932) iki-üç yol İran konsulluğuna getməsi, teatra, xüsusən Abbas Mirzə sənətkarlığına hədsiz sevgisindən hər axşam tamaşalarına gələn konsulun onları bir neçə dəfə iqamətgahına dəvət etməsi bu müqtədir teatr aktyoru, teatr-kino rejissoru, filmlər rəhbəri və bu qədər böyüklüklərə qadir ola-ola, tarixə həm də “ustad filmmontajçı” kimi düşmüş bir korifeyimizin ömür kitabının bağlanmasına bəhanə-bəs olur...
Qısa bir ömürdə çox uzun, çox zəngin bir sənət yolu getmiş, yüzlərlə təkrarsız obrazı, həyat və sənət duallığını ehtiva edən dialoqları, ayrı-ayrı “gizli” qəlbləri hayqıran monoloqlarıyla salonları lərzəyə gətirən bu fenomen zirzəmilərdə qeyri-adi pantomimliklə susurmuş. Ona ölüm hökmünü imzalayanların bir aya qədər susmaları haqda isə o, güman ki, öz-özüylə - ürək dialoqu edirmiş. Bu gümani dialoqa səbəblər vardı: “Bəziləri haqda bəzi ifadələrə qol qoyacağın təqdirdə güllələnmə hökmünü dəyişə bilərik” təklifinə “- Mən bilmədiyim bir məsələ, tanımadığım bir kəs haqda heç nə deyə bilmərəm!”- dirənişi etmiş, çox o yan-bu yandan sonra, son sözünü demişdi: “Ümumiyyətlə, mən teatr, kino, səhnə-sənətdən başqa bir şey bilmirəm, vəssalam!”
Və uzun ömürdən məhrum edilmiş bu nakam mərhumun - qəti “vəssalam!” sahibinin əbədi gələcəyinə ehtiram, yaşıl keçmişindən isə -

Bir neçə kəlam...

Ömrün son kəlməsi olan “vəssalam!”a qədər böyük əməllərə imza atmış Abbas həmin aləmə doqquz yaşında (əmisi Mirzə Məmməd Tağının sayəsində) qədəm qoymuşdu. Teatr sənətinə meylli, Şamaxıda dini tamaşalar hazırlayan M.M.Tağı günlərin birində “Şəbeh” tamaşasındakı əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. O, Şümür surətini daha canlı yaratmaqçün gözlərində qəzəb, əlində qılınc bu zavallı əsir “qız”ın üstünə cumarkən Abbas qışqıra-qışqıra qaçıb, məzlum-müslimə qadınlar arasındakı anasının qucağına atdanır. Dindarların “mərasimi pozmuş bu uşağın” üstünə daha çılğınlıqla acıqlanıb-qəzəbləndiyini görən Abbas sonrakı tamaşalarda əmisini mələk, qılıncı lələk gözündə görür. On yaşında gimnaziyaya daxil olub, səhnə ilə daha böyük həvəslə maraqlanmağa başlayan bu əlaçı şagird məktəbin bütün tədbirlərinin baş qəhrəmanına çevrilir. Rola girərkən neçə-neçə “yad” insanın ona valideyn məhəbbətindən artıq nəvaziş və sevgi ilə baxmasından xüsusi zövq alan Abbas o illərdəki bir hadisəni bütün həyat və yaradıcılığı boyu xüsusi bir həyəcanla xatırlayırmış. O “hadisə”nin içində on bir yaşlı Abbas, onun tədbirdə şeir söyləmək arzusunu məmnuniyyətlə qəbul edən gimnaziya müəllimi və söylədiyi “Şairin ölümü” şeirinə gurlayan alqışlar vardı. “Şeiri söyləyəndə elə bilirdim, dilim ağzımda şişibdir. Bədənim gah qızır, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmununda idi. Bu, məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.
On beş yaşında Molyerin “Zorən təbib” əsərinin tamaşasında oynadığı epizodik roldan üç il sonra onu bir sənətkar kimi təsdiq edən Qacar obrazını yaradır. Bu ilk böyük uğur, hətta əsərin müəllifi Ə.Haqverdiyevin onu “Şah Qacarın padşah yaradıcısı!” adlandırması Abbas Mirzədə qətiyyən arxayınçılıq yaratmır. Sənətin “gecə-gündüz”, “vaxt-bivaxt” təyinli axtarışlarını, ləzzət dolu narahatlıqlarını davam etdirən gənc aktyorun adı - otuz yaşına çatmamış, artıq müqtədir səhnə ustaları sırasının önlərində yer alır. Teatr tənqidi, neçə-neçə adlı-sanlı sənət xadimi “Abbas Mirzə fenomeni” haqda danışır, məqalələr yazır, fikir bölüşürlər. Bu fikirlərdən ən ümumşayanı səhnəmizin əbədi atası C.Cabbarlıya məxsus idi: “Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənmişdir. Lakin o, böyük bir talantdır. O öz-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər, o, sənətlə bahəm doğulmuşdur. Sənət onun qanında, iliyindədir. Zatən məktəb sənətkar yetişdirmir. Sənət sənətkara öz təbii istedadını genişləndirməyi, onu necə işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bir zövq vardır. O bir sənətkar, yaradıcı bir talantdır!”
Bu talant Azərbaycan səhnəsi və bu məbəd-məktəbin davamçıları üçün Otello, Şeyx Sənan, Don Kixot, Oqtay, Karl, Teymur Ağa, Maqbet, Səyavuş, Hamlet, İblis, Dəli Knyaz kimi nümunə-obrazlar qalereyası yaradıb getdi. O, roldan-rola inkişaf edir, dəyişir və zaman keçdikcə Azərbaycanın teatr salonunun ab-havasını da dəyişirmiş. Bu dəyişimi kino sahəsində də reallaşdıracaqmış ki, bundan duyuq düşən milliliyi lilli, örüşü sürüşkənlər qarşısını alıblar...
O başqalarını yaşaya-yaşaya özünü unudubmuş. Başı başqalarını yaşamağa necə qarışmışıbsa, bu sənət qeyrətli yolun onu “37” doğanağına doğru aparacağının fərqinə vara bilməyib. Bəlkə elə yaxşı eləyib; əks təqdirdə bu gün mən sıradanbir aktyordan yazmalı olacaqdım...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar