Saleh Qazıyev arxeologiya elminin inkişafına mühüm töhfələr verib

Ötən yüzillikdə Azərbaycanda arxeologiya elminin inkişafına öz töhfəsini verən görkəmli alimlərimiz içərisində Saleh Qazıyevin də adı ehtiramla çəkilir. O, həmçinin Mingəçevir abidələrinin ilk arxeoloji təsnifatı və səciyyəsini verən alim kimi tanınıb.

Saleh Mustafa oğlu Qazıyev 1893-cü ildə indiki Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Atası əvvəlcə onu molla məktəbinə qoyur, sonra Saleh təhsilini kənddə açılmış “Rövzət-ül-maarif” məktəbində davam etdirir. 1918-ci ildə ailəyə ağır itki üz verir, o, ali təhsil ala bilmir. Ancaq 1918-1927-ci illərdə hər il Nuxada (indiki Şəki) təşkil olunan pedaqoji yay kurslarına gedir. Bir müddət sonra buradakı Pedaqoji Texnikumda qiyabi təhsil alır. İlk olaraq rayonun Filfilli kəndində, Şəki Şəhər Pedaqoji Texnikumunda, Bakı məktəblərində, Ağdaş Şəhər Pedaqoji Texnikumunda çalışır. Şəki və Ağdaş rayon maarif şöbələrinin müdiri vəzifəsində işləyir.
Saleh Qazıyev erkən çağlardan tarixi və arxeoloji memarlıq abidələrinin araşdırılmasına dərin maraq göstərib. Araşdırmalardan məlum olur ki, 1926-cı ildə arxeoloq kimi fəaliyyətə başlayıb. Qədim Albaniya mədəniyyətini öyrənməyə cəhd göstərib. Bakıdan Şəki və Oğuz rayonlarına gələn ekspedisiyaları müşahidə edib. O, 1928-ci ildə Pedaqoji İnstituta qəbul olunur. Təhsilini başa vurduqdan sonra Azərbaycan Elmlər Akademiyasının aspiranturasında oxuyur. 1941-ci ildə gərgin araşdırmaların nəticəsi olan dissertasiyanı müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alır.
Saleh Qazıyev 1939-cu ildən indiki Milli Azərbaycan Tarixi Muzeyində işləyir. Oğuz və Qəbələ rayonlarının qədim abidələri ilə bağlı araşdırmalar aparır. Eyni zamanda Azərbaycan arxeologiya və etnoqrafiyasına dair məlumat və materiallar toplayır. Tunc dövründən orta əsrlərə qədər olan dövrə aid müxtəlif abidələrin tədqiqatı ilə məşğul olur. O həm də Bakı Dövlət Universitetinin tarix fakültəsində mühazirələr oxuyur və arxeoloqların hazırlanması sahəsində geniş fəaliyyət göstərir. Saleh Qazıyev Azərbaycan Tarix Muzeyinin direktoru, sonra akademiyanın Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbəsinin rəhbəri olur.
Tanınmış alim uzun müddət Mingəçevir arxeoloji ekspedisiyasının rəhbəri olub. O, sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını və səciyyəsini verib. Qədim Qəbələnin, Qazax və Ağstafa rayonu ərazisindəki abidələrin tədqiqi sahəsində böyük xidmətlər göstərib.
Saleh Qazıyev 40-dan çox elmi əsərin və məqalənin müəllifidir. O , Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsərin - “Azərbaycan arxeologiyası”nın müəlliflərindən biri olub. “Azərbaycan maddi mədəniyyəti” silsiləsinin 4 cildi onun redaktəsi ilə hazırlanıb. “Azərbaycanın qədim abidələri” (1948), “Qədim Mingəçevir” (1950) əsəri, “Mingəçevir küp qəbirləri” (1960) albomu arxeologiya elminə , tariximizə və mədəniyyətimizə dəyərli töhfələr hesab olunur.
Araşdırıcı Nazim Hüseynov “Oğuzdur elim mənim” adlı məqaləsində yazır ki, 1941-ci ildə arxeoloq Saleh Qazıyevin rəhbərliyi altında Mingəçevir abidəsinin kompleks öyrənilməsindən geniş bəhs edib.
Xalq şair Səməd Vurğun həmin illərdə “Muğan” poeması ilə bağlı Mingəçevirdə tez-tez olub, görkəmli alimlə təkrar-təkrar görüşüb və elmi axtarışlarla bağlı maraqlı söhbətlər aparıb. Şairin poemada bəhs etdiyi “qoca alim” də məhz Saleh Qazıyev olub:

Ekskavator təpələri lay-lay açıb, lay-lay qazır,
Qoca alim saxsı yığıb, yer altından tarix yazır.


O, şairlə söhbətində aşkar etdiyi Qədim Muğanda-Mingəçevirdə e.ə. “Amazonkalar” adlı döyüşçü qadın qəbilələrin yaşadığı haqda da məlumat verib.
Arxeoloq eyni zamanda Oğuz rayonunda da silahlı qadın qəbiri aşkar edib. Arxeoloji materiallara əsaslanaraq həmin qadınların döyüşlərdə iştirak etdiyini faktlarla təsdiqləyib. Alimin elmimizə verdiyi töhfələr yüksək qiymətləndirilib, o, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilib.
Saleh Qazıyev 1971-ci ildə dünyasını dəyişir. Bu itkidən təsirlənən şair Hüseyn Arif “O getdi” adlı şeirini qələmə alır:

Arxeoloq dedim, sıxıldı ürək,
Bir xəbər... saçıma vaxtsız düşən dən.
Yer kimi içimdən silkələnərək,
Uçundum bir ölüm zəlzələsindən.


Görkəmli alimin anadan olmasının 90 illik yubileyi 1983-cü ildə respublika səviyyəsində geniş qeyd edilib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar