Prezident İlham Əliyev dekabrın 22-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun idarə edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu 2012-ci il yanvarın 1-dən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarılaraq, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyinə verilib. Nazirlər Kabinetinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazi dairəsinin və fəaliyyət istiqamətlərinin genişlənməsi ilə əlaqədar olaraq onun strukturunda və əsasnaməsində müvafiq dəyişikliklər edilməsinə dair təkliflərini hazırlayıb prezidentə təqdim etmək, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun sərhədlərini müəyyənləşdirib təsdiq etmək tapşırılıb.
   Prezident həmçinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Qoruğun maddi-texniki bazasının gücləndirilməsi, ərazinin mühafizəsi, turizmin inkişafı məqsədi ilə yeni obyektlərin yaradılması və s. işlərin görülməsi məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ilkin olaraq 1 milyon manat ayrılıb.