İyulun 22-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XV konfransı keçirildi. Əvvəlcə yaradıcılıq qurumunun hesabat dövründəki fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.

İclasın sədri və katibi seçildi. Əməkdar artist Azad Şükürov sədr, ATXİ-nin katibi Aida Qafarova iclasın katibi olaraq işlərinə başladılar.

Qurumun idarə heyətinin sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılovun geniş məruzəsi dinlənildi.

Sonra təftiş komissiyasının sədri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, mandat komissiyasının sədri, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov komissiyaların fəaliyyəti barədə məlumat verdilər.

Daha sonra çıxışlar başladı. İlk çıxış edən professor, elmlər doktoru Məryəm Əlizadə bu yaradıcılıq qurumunun son dövrlərdəki fəaliyyətini müsbət dəyərləndirdi.

Bakı Bələdiyyə Teatrının baş rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov    ittifaqın binası, hətta səhnə məşqi üçün yeri olmayan bələdiyyə teatrına qayğısı, tamaşaların səhnə məşqinə belə təmənnasız şərait yaratdığına görə təşəkkür etdi.

Xalq artisti Sabir Məmmədov sədr əvəzi Hacı İsmayılovun təşəbbüsü ilə başlamış "Qonaq teatr" layihəsini xüsusi vurğuladı.

Dramaturq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar incəsənət xadimi Əli Əmirli ATXİ-nin hesabat dövründəki fəaliyyətini müsbət qiymətləndirərək yeni seçiləcək heyətə uğurlar arzuladı.

Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu teatr fəaliyyətinin, teatr işçilərinin maddi-məişət vəziyyətinin yaxşılaşmasına dair öz təkliflərini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Mingəçevir Dövlət Dram Teatrının direktoru Əməkdar artist İntiqam Soltan bölgə teatrlarının problemlərinin də Teatr Xadimləri İttifaqı idarə heyətinin yeni heyətinin diqqət mərkəzində olmasını arzuladı.

Xalq artisti İlham Namiq Kamal yaradıcılıq qurumuna himayədarların cəlb edilməsini, ittifaqın Aktyor evinin gəncləri öz ətrafına toplaması üçün şərait və mühitin yaradılmasını arzu etdi

Əməkdar artist Şövqi Hüseynov öz festival təcrübəsini bölüşmək üçün yeni seçiləcək heyətə təklif verdi. Onun digər təklifi də beynəlxalq milli tamaşalar festivalı ilə həm də Azərbaycan dramaturgiyasını təbliğ etməklə bağlı idi.

"Günay" uşaq teatrının direktoru Larisa Tarasova ATXİ-nin rəhbərliyi və əməkdaşlarının teatr həvəsli uşaqlara köməyinə görə minnətdarlığını bildirdi.

Əməkdar artist Rəhman Rəhmanov yeni seçiləcək heyətdə ölkədəki 5 dövlət kukla teatrını təmsil edən bir sənət adamının da yer almasını təklif etdi.

Çıxışlar başa açandan sonra sədr seçkisinə başlanıldı. Açıq səsvermə ilə Xalq artisti Hacı İsmayılov yekdilliklə ATXİ idarə heyətinin sədri seçildi.

Təftiş komissiyasına Hafiz Quliyev, Firudin Məhərrəmov və Nadir Xasıyev seçildilər.

Sonda yeni sədr Hacı İsmayılov indiyədək bu təşkilata rəhbərlik etmiş 10 böyük teatr xadiminin varisi olmaqdan qürur duyduğunu bildirdi. Bu qurumun, Aktyor evinin bütün teatr sənətçilərinin doğma evinə çevrilməsi üçün səylərini əsirgəməyəcəyinə söz verdi.

Qeyd edək ki, konfransda mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov da iştirak edirdi.

Sonda XV konfransın qərar layihəsi qəbul edildi və iştirakçılara paylanıldı.

Bununla da konfrans öz işini başa çatdırdı.

Gülcahan