Şahdağın ətəklərindən Bakıya Şollar ərməğanı

XIX əsrin ikinci yarısında sürətlə inkişaf edən Bakıda demoqrafik vəziyyətin dəyişməsi şəhərin içməli suya olan tələbatını da ciddi şəkildə artırmışdı. 1879-cu ildə neft sahibkarı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təklifi ilə su kəmərləri komissiyası yaradılır. Su mənbələrinin axtarışına vəsait ayrılır. Lakin Şabanov, Uspenski, Baseviç və Sokolovski kimi geoloq və mühəndislərin axtarışları nəticəsində məlum olur ki, Bakı ətrafında kifayət qədər içməli su ehtiyatı yoxdur.

Tağıyev Avropa ölkələrinə səfərlərinin birində texniki yeniliklərlə, Almaniya və Fransanın su sistemi ilə yaxından tanış olur. Bakıya qayıdarkən şəhər Dumasına Avropanın ən yaxşı hidravlik mühəndisi sayılan Vilyam Harleyn Lindleyin şəhərə dəvət olunmasını təklif edir.
Onu da deyək ki, V.H.Lindley dünya texniki tərəqqisinə bir çox töhfələr vermiş Lindleylər sülaləsinin nümayəndəsi olub. Ata və oğul Lindleylər Avropanın 30-dan çox şəhəri üçün su kəməri və kanalizasiya xətti inşa edib.
Məşhur mühəndis 1899-cu ilin payızında Bakıya gəlir, tədqiqat işlərinin nəticələri ilə tanış olur. Lakin V.Lindleyin diqqətini Şahdağ, Qusar yaylası və Qusar çayının yatağı daha çox cəlb edir. Gəldiyi qənaəti Bakı dumasında diqqətə çatdırır. O, opponentlərini öz seçiminin düzgünlüyünə inandırmaq məqsədilə indiki Xaçmaz rayonunun Şollar kəndi ərazisində hidroloji ekspertiza aparılmasını təklif edir.
Lakin Şollar bulaq sularının böyük şəhəri su ilə təmin edə biləcəyinə az adam inanır. Şəhər Duması vəsait çatışmazlığını əsas gətirərək bu təklifi qəbul etmir. Bu zaman H.Z.Tağıyev lazımi işlərin görülməsi üçün 25 min rubl kredit təklif edir. Onun təklifi Bakının gələcək su təminatında həlledici rol oynayır.
1905-ci ildə çar Rusiyasında da baş verən siyasi proseslər sözügedən su kəmərinin tikintisini bir neçə il ləngidir. 1909-cu ilin martında Tiflisdə Rusiya su kəmərləri işçilərinin 9-cu qurultayı keçirilir. Dəvət olunanlar arasında V.Lindley də olur. O, qurultayda çıxış edərək çay suyu ilə müqayisədə bulaq suyunun daha üstün olmasını diqqətə çatdırır. Həmçinin Bakının su təchizatında məhz Şahdağdan, Şollar bulaqlarından istifadənin zəruriliyini qeyd edir. Qurultayda Bakı su kəmərinin Şollardan çəkilməsinin məqsədəuyğunluğu barədə qərar qəbul olunur. Qurultay başa çatdıqdan sonra V.Lindley Bakıya gəlir. Duma nümayəndələri qarşısında çıxış edir. Şollar-Bakı su kəmərinin çəkilişi razılaşdırılır. Layihə və inşaat işlərinə ümumi rəhbərlik və nəzarət baş mühəndis V.Lindleyə tapşırılır.
Bütün ölçmələr, hesablama və s. işlər 1911-ci ilin martında tamamlanır. Tikinti tenderində qalib gələn İngiltərənin “Qriffits” şirkəti Xaçmaz və Dəvəçidə beton boru istehsalı zavodu inşa edir. Ancaq tikinti işləri ləng gedir. Şirkət müqavilədə nəzərdə tutulan işlərin 16 faizinə əməl edə bilir. Şəhər idarəsi şirkətlə müqaviləni pozur və inşaat işlərini öz üzərinə götürür. Bütün inşaat işləri ilə Bakı Şəhər İdarəsi nəzdində təsis edilmiş su kəmərinin inşası şöbəsi, həmçinin şəhər dumasının deputatlarından yaradılmış su kəmərləri icraçı komissiyası məşğul olur. H.Z.Tağıyev də komissiyanın tərkibinə daxil edilir. Marşrut boyunca bölünmüş 9 iş sahəsi üzrə tikinti aparılır.
Şollar su kəmərinin inşası miqyasına görə o dövr “əsrin tikintisi” olub. Şəhər rəhbərliyi kəmərin çəkilişi üçün 23 milyon 500 min rubl məbləğində dövlət istiqraz vərəqələrinin buraxılması üçün hökumət qarşısında vəsatət qaldırır. Çar II Nikolay məbləği 27 milyon rubla qədər artıraraq bu vəsatəti təmin edir.
Ancaq 1914-cü ilin yayında, tikinti işlərinin qızğın çağında I Dünya müharibəsi başlanır. Tikinti üçün nəzərdə tutulan yüklərin daşınması xeyli çətinləşir. Bağlanmış müqaviləyə sadiq olan V.Lindleyin inadkarlığı sayəsində kəmərin inşası davam etdirilir. Komissiya üzvləri tez-tez tikinti meydançalarına baş çəkir, hazır obyektləri təhvil alır. Nəhayət, 1917-ci il yanvarın 22-də Şollar suyu 187 kilometrlik məsafəni qət edərək Bakıya çatır. Martın 1-dən su kəmərinin istismarına başlanılır.
Duma V.Lindleyi Bakının fəxri vətəndaşı seçir. Birja küçəsinin adının dəyişdirilərək Lindley küçəsi adlandırılması barədə sərəncam verilir. Bakıda Şollar suyunun istismara verilməsindən 9 ay sonra tanınmış mühəndis Londonda ürək xəstəliyindən vəfat edir.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar