Xalq yaradıcılığı nümunələrinin toplanılması və nəşri əsrlərin ruhunun, dünyagörüşünün gələcək nəsillərə çatdırılması deməkdir. Ötən yüzillikdə bu istiqamətdə fəaliyyət göstərən qələm sahibləri, folklor toplayıcıları mühüm bir missiyanın öhdəsindən gəlməyə çalışıblar. Onlardan biri də dramaturq, cəfakeş folklorçu Səttar Axundovdur.

Səttar Mirzə Əli oğlu Axundov 1914-cü ilin aprel ayında Qaryagin (Füzuli) qəzasının Alxanlı kəndində ruhani ailəsində dünyaya göz açıb. İlk təhsilini molla məktəbində alıb. Sonra qəza məktəbində oxuyub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsində ali təhsil alıb.
Ali təhsilini başa vurduqdan sonra Bakıda Respublika Xalq Yaradıcılığı Evində işə düzəlir. 1939-cu ilin payızında ordu sıralarına çağırılır, 1941-ci ildə başlanan Böyük Vətən müharibəsinin iştirakçısı olur. Ordudan tərxis olunduqdan sonra əvvəlki iş yerinə qayıdır. Asudə vaxtlarında ədəbi yaradıcılıq və folklor araşdırması ilə məşğul olur. Aşıq yaradıcılığına dair xeyli nümunə toplayır.
O, ədəbiyyata “Çətin dərə” adlı əsəri ilə gəlib. Müharibə illərində azərbaycanlı gənclərin ön cəbhədə göstərdiyi qəhrəmanlıqlardan bəhs edən əsər Gənc Tamaşaçılar Teatrında səhnələşdirilir və maraqla qarşılanır. Bu, müəllifin dramaturgiyaya həvəsini artırır. “Qayğı”, “Dostlar”, “Məhəbbət nişanı”, “Məzəlizadələr”, “Almasın qızları”, “El gücü, sel gücü”, “Nişan üzüyü” və başqa pyesləri Naxçıvan, Gəncə, Ağdam, Xankəndi, Mingəçevir, Lənkəran teatrlarında müvəffəqiyyətlə tamaşaçılara təqdim edilir. “Zərif tellər” əsəri isə 1951-ci ildə Akademik Milli Dram Teatrında oynanılır.
Səttar Axundov xalq sənəti nümunələrinə, folklor yaddaşımıza böyük maraq göstərib, bu irsin toplanması işinə töhfələr verib. Müəllifin “Araz əfsanəsi”, “Güllü xalça” hekayələrində xalçaçılıq sənətindən bəhs olunur. O, eyni zamanda aşıq Teymur, aşıq Ədhəm, Şeyda Əziz və başqalarının şeir və qoşmalarını toplayıb. Şair Mir Mehdi Xəzaninin XIX yüzillikdə topladığı şeirlər dəftərini əldə edir. Həmin dəftərdə Q.Zakir, M.S.Sabahi, M.P.Vaqif, Aşıq Pəri, Həsən Əlioğlunun bir neçə şeirləri yer alıb.
Uzun müddət Xalq Yaradıcılığı Evində işləməsi S.Axundovu özfəaliyyət teatrlarına daha çox yaxınlaşdırır. O, özünün kiçik pyeslərini yazarkən rayon mərkəzlərindəki klub və mədəniyyət evlərinin səhnə imkanlarını, habelə həvəskar artistlərin ifaçılıq səviyyəsini nəzərə alıb.
S.Axundov 1949-cu ildə Xalq Yaradıcılığı Evində folklor şöbəsinin (poeziya bölməsində) baş metodist vəzifəsinə irəli çəkilib. Onun bu sahədəki fəaliyyəti də çox səmərəli və faydalı olur. O, 150 min misra aşıq şeiri, bayatı, atalar sözü, 15 dastan, 100-dək nağıl və s. toplayıb nəşr etdirib. 12 min misradan ibarət “Aşıqlar”, “Dəniz haqqında nəğmə”, “Çoban Əfqan”, “Aşıq Bilal” və s. kitablarını tərtib etdirib.
İstedadlı ədib fəaliyyətini iki istiqamətdə böyük maraq və səylə davam etdirib. Yorulub usanmadan həm xalq poeziyası nümunələri toplayıb, həm də yeni-yeni dram əsərləri qələmə alıb. Onun komediyaları da ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Müəllifin “Düşərgədə nişan” əsəri Ağdam Dövlət Dram Teatrının repertuarına daxil edilib.
Ədəbiyyatımızın və teatrımızın inkişafı üçün çalışan S.Axundovun yaradıcılığı vaxtilə Xalq yazıçısı Mehdi Hüseynin diqqətini çəkib. Xüsusilə onun Azərbaycanın cənub bölgəsinə həsr etdiyi “Araz əfsanəsi” povestini yüksək dəyərləndirib.
O, ömrünün ixtiyar çağlarında nəşr etdirdiyi “Dağlarda”, “Məhəbbət nişanəsi”, “Kənd ulduzları”, “Günlər dayanmışdı”, “Qaragilə”, “El oğlu” kitablarını Xalq Yaradıcılığı Evinə təqdim edib. Səttar Axundov 11 sentyabr 1994-cü ildə vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar