Dəryada gəmisi, biçəmmədiyi zəmisi, söndürəmmədiyi demisi qalan Qədir!..

Hər sözünün başında da “Elə yar, yar deyirlər, heç məni deməyirLƏR” deyən Qədir...
Hansı ki, hamı onu hər gün, hər zaman deyib, deyir və deyəcək! Bu zalimsə, qırx ildir deyir “...heç məni deməyirLƏR...”
“Məsələ” burasındadır ki, o bunu öz ilahi səs-avazıyla əbədən deyəcək...

O bunu əbədi olaraq deyəcək və hər dövrdə yandırıb-yaxacağı “bixəbər” nəsillərə də “elə gələcək” ki, bizim zəmanəmizdə bu səs-avaz Məcnununa könül verən bir yar olmayıb...
Belə də yanlış-yanıltmaclıqmı olar, ay mənim çağdaşlarım! Oxuduğu muğamların hər məqamına, hər təsnifinə, mahnılarının hər zənguləsinə vurulan minbir yar olduğu halda, bu nə rəydir yaradıb o, - öz dövrünün gözəlləri barədə? Öz Günəşi şəfəqlərilə görünüb-görsənmə imkanı vermədiyi “ulduz”lar “elə “Qədir-Qədir” deyirlər, heç bizi deməyirlər” iddiasında bulunmaqdansa, bu cavabdeh şikayətlənib-hekayətlənir ki, bəs, “heç məni deməyirlər”!..
Hə, bu qənirsiz səs-avaz sahibinin huşyar dinləyicisi olmuş və olası hörmətli oxucu-dinləyicilər! Yəqin bayaqdan motivləşdiribən böyük hərflərlə yazdığım şəhdi-şəkər “LƏR” şəkilçisinin də fərqinə varırsız...
Bəli, əslində, Qədirin bütün ifaları, bədii üyültü-ufultuları, bənzərsiz zəngulələri böyük hərflərlə yazılmalı, yazılmadığı təqdirdə, bunları oxucular özləri öz xəyallarında böyüdüb oxumalıdırlar. Yuxarıda seçkinləşdirdiyim “LƏR” isə özgə bir aləm, ayrıca bir mövzu! Axı mən yuxarıda Qədirin “huşyar dinləyicisi” ifadələrini də xüsusi vurğulamışam. Bu qəbil dinləyici-oxucular isə Qədirin həmin cəm şəkilçisini necə füsunkar sənətkarlıqla vurğuladığının fərqində olmamış olmazlar. “Dər-yada gə-mim qaldı, so-na bül-bül-LƏR...”

Bu mahnı...

Bu tutiya nəğmə xalq mahnısıdır və deməli, mətni də xalqındır. Zövqi-bəla, kəlami-ələm kimi vurğuladığım həmin “LƏR” şəkilçili misra da - oxuculardan tutmuş ifaçılara qədər - hamı üçün sıradanbir sətir, mütaliə və ifası hər kəs üçün suiçimi kimi bir şey. Amma elə bu an (və hər an) həmin çəkilçini qulaq “çəkic-zindan”ımızda ayrıcana səsləndirək. Bir də, bir də, bir də səsləndirək, qəlbimizdə övürüb-çevirək, sənət xəlbir-ələyimizdən keçirib-vizuallaşdıraq. Hə, görürsüzmü, tək bir şəkilçi içində neçə cür və necə tür şəkillər var! Görün, bu sənətkar ikinci misradakı “LƏR”də üçüncüdəki bədii “qarğış”a (“Gülün yarpıza dönsün”ə) necə ayaq verir. Bizi ayıqlayıb-duyuqlamaq üçün nətəər cəh-cəh cəhdləri edir. Hərflərin havasından bixəbərlərçünsə, kitab-kitab xitablar! Ayrıca bir əsər təsirli bu serial “LƏR”lərin vurğunluğundan ayılar-ayılmaz, - “elə yar, yar deyirlər”! İndi, bu ülfəti-xiffət dəryasına düşüb, “heç məni deməyirLƏR...” təəssüf-təəssüratından çıxın görüm necə çıxırsız, mənim əziz dinləyici-oxucu həmkarlarım!..
Siz bu vurğunluq burulğanında ikən biz də o kitab-kitab səs xitablısının ruhuna səslənək.

Qədir, ay Qədir...

Ay cəmadət bülbülü! Ərz edim ki, mənim təbiət gülkeş-“dilkeş”lərinə bir-iki agah-“segah”i sözüm var:
- Düz dörd ildir sənət çətirli Xan ağacların şah budaqlarına qonuban, yana-yana nə sızlarsız, nə bozlarsız, ay bülbüllər?! Əbədi və təbii “Cəh-cəh” ansamblınızdan ayrılmış bu bəşər üzvündən yanamı, ana bülbüllər? O “solo-bülbül”süzlükdənmi ötrü “fəsli-gül”ü gözləmədən, payız-qış demədən, “dil qəfəsə qoymadan” ötürsüz, sona bülbüllər? Sizin “gül dili”ndə deyəmmərəm, bizim el dilində “Qənirsiz Qədir”sizlik xiffətindənmi - avazınızdakı “cəh-cəh”lərə “ah-ah” xalları da düşüb?
Bir vaxtlar bizim “Cıdır düzü”ndə keçirilən mədəni-kütləvi tədbirlər içrə son festivalı da yad edirsizmi barı, ay köksləri altı sarı bülbüllər?! O günlərdən bəri oralara gedə bilməməyimizdən yana bizləri də öz ismi-şərifinə qoşmaqda haqqı olan “Xarı-bülbül”lər! Və beləliklə, innən belə (və ya hələlik) “sona bülbüllər”dən çox, “yana bülbüllər” çağırılması daha münasib səslənən ilahi müğənnilər! Təbiətin dahi bəstəkarları, cəmiyyətin ruhi nəğməkarları!..
Artıq - “Qoyma özgə budağa qona bülbüllər, Tək sənə yaraşır “Sona bülbüllər!”mi, ay xanəndə Qədirin şair çağdaşı olmuş rəhmətlik Hafiz Baxış?! Daha Qarabağ dərdinə qırx igid ömrü qədər səbirdən sonra, adına “son mənzil” deyilən qəbirmi, Qədir?!.
Ay Qədir, niyə bir elə qəribə idin, bütün məclislərdə qərib idin? Axşamların şəri qarışmamış kefsizləyən, səhərlərin gözü açılmamış qürub idin? Nədən bu ömür karvanına bu sayaq sarbanlıq etdin, ay səs-avaz bəzirganı?!.
Səni xatırlayanda adamın qulaqlarına bulaqların, çeşmələrin, şəlalələrin, çayların, bütün xoş hay-haraylı olayların səs-sədaları gəlir, göz önündə yurdun bütün milli mənzərələri cilvələnir!
Ay dəniz kimi fırtınalayıb, səhrasayaq tufanlayan Səs! Sənin bu zirvə guruna qulaq asa-asa adam öncə dəli olar, sonca da zəli olub yapışar ruhunun yaxasından ki, məni də apar (nə qorxu ki, sahibin oradakı qoşa məkanın bədində deyil ha, özünə yoldaş axtarsın; milyonlarla alxışçı, xeyir-duaçı, rəhmətoxuyan təltifləriylə cənnətdə bərqərardır)!..

Bir sevgili-öygülü Səs

Bu gəlimli-gedimli, səsli-küylü dünyadan o birinə - əbədi qalımlı, sirli-sükunətli dünyaya ölümsüz bir Səs verdiyimizdən dörd il ötür.
Şəxsiyyət vəsiqəsində səksən yaşa çatan bu şəxsin Səsi, dədə-babalıq rəmzi qədimdən-qədim, ləzizliyi şirindən-şirin, həzinliyi dərindən-dərin. Alovlu bəmləri oddan odluca, zilləri ucadan-uca, sal-salğarı qocadan qoca!
Bu Şəxsin özü də təkrarsız doğulmuşdu, Səsi də!
Bu Şəxsin özü bir az qılıqsız olsa da, Səsi ecazkar dərəcədə yapışıqlı idi.
Bu Şəxsin özü Ağdamlı idi, Səsi bütöv Azərbaycanlı, ərzi-Şərqli, tamam Turanlı!
Bu Səs-Adam, bu ayna qəlbli, “Qovğa” ləqəbli, “dayna” ləhcəli, qızıl külçəli sənətkar haqda daha nə? Toylarda ona verdikləri sifarişin ifasına nail olan cayılların öz qələbələrinə hayıl-mayıl olmaları, üzünə qarşı “sən böyük sənətkarsan” deyənlərə necə üz turşutması və sair və ilaxırlar haqda danışsaq, böyük bir “yazı dəsgahı” alınar, axı...
...Deyir, bir gecə küçədə bir ütülü sənətkarı tutub, ciblərini soyarkən, təkrar-təkrar: “Mən xanəndəyəm” deyə qışqırır. Quldurlar “onda oxu!” deyə əmr edirlər. O isə: “Əlim-qolum bağlıdır, necə oxuyum?” sözlərindən savay heç nə ifa edə bilmir. Daha birisini tutub deyirlər oxu, deyir mikrofonsuz necə oxuyum? Bir gecə də, Qədir, ay Qədir, səni tutub ciblərini axtarır, axtarır, axtarır və deyirlər: “Ə, bu zalım oğlunda səsdən başqa heç nə yoxuymuş ki!..”

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar