Azərbaycan

27 noyabr 1912 - Xalq artisti İsa Həsən oğlu Musayev (1912 - 8.2.1976) anadan olub. Naxçıvan Musiqili Dram Teatrında fəaliyyət göstərib.
27 noyabr 1934 - Əməkdar incəsənət xadimi, dirijor Kazım Ağalar oğlu Əliverdibəyov Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının professorudur, bir neçə il Türkiyədə (İzmir Konservatoriyası) dərs deyib.

28 noyabr 1852 - Şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794, Gəncə - 1852, Tiflis) vəfat edib. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada alman şərqşünas-səyyah Fridrix Bodenştedtlə tanış olub. Şair ona öz qəzəllərini hədiyyə edir. Bodenştedt onları tərcümə edərək öz imzası ilə nəşr etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf edir.
28 noyabr 1939 - Bəstəkar, Xalq artisti Sevda Mirzə qızı İbrahimova anadan olub. Müxtəlif janrlarda əsərlərin ("Vətən şəhidləri" kantatası, «Əhval-ruhiyyələr», «Azərbaycan təranələri» və s.) müəllifidir. Bakı Musiqi Akademiyasının professorudur.

29 noyabr 1920 - Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərləri: "Leyli və Məcnun məktəbdə", "Şairə Məhsətinin portreti" və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.
29 noyabr 1928 - Azərbaycanın, Rusiyanın, SSRİ-nin Xalq rəssamı Tahir Teymur oğlu Salahov Bakıda doğulub. SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi olub, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Moskva Rəssamlıq Akademiyasının professorudur. Məşhur əsərləri: "Bəstəkar Qara Qarayevin portreti", "Təmirçilər", “Səhər eşelonu”, “Abşeron qadınları" və s. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə «Heydər Əliyev» (2008), İstiqlal” (1998) ordenləri ilə təltif olunub.
29 noyabr 1965 - Əməkdar artist Almaz Hüseyn qızı Amanova Sumqayıtda anadan olub. Sumqayıt Dram Teatrında çalışıb. 1999-cu ildən Milli Dram Teatrında fəaliyyət göstərir. “Mənim ağ şəhərim”, “Əlavə təsir” və s. filmlərdə çəkilib.

30 noyabr 1934 - Tanınmış şair, tərcüməçi İlyas Tapdıq (İlyas Oruc oğlu Tapdıqov) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Arxalı dağlar”, “Meşənin mahnısı”, “Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.

1 dekabr 1940 - Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. 1906-cı ildə yaradılan Bakı Müsəlman Teatrının təşkilatçılarından olub. Kiçik pyes, vodevil və musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) və s. filmlərdə çəkilib.
1 dekabr 1940 - Nasir, publisist, tərcüməçi Rafiq Savalan (Rafiq İmanqulu oğlu Ağayev) anadan olub.
1 dekabr 1946 - Bəstəkar Azər İsmayıl oğlu Dadaşov anadan olub. "Şahid qız", "Yuxu", "Özgə vaxt" filmlərinə musiqi yazıb.
1 dekabr 2004 - Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933 - 2004) vəfat edib. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Kitabları: «Daş harayı», “Qayalara yazılan səs”, “Dünya düzəlmir”, “Yol ayrıcında söhbət” və s. Rus dilindən ədəbi tərcümələr edib. Azərbaycanın “İstiqlal” ordeninə layiq görülmüş (1995) ilk şairlərdən biridir.

Dünya

27 noyabr 1940 - Məşhur çinli (Honkonq) aktyor, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee, 1940-1973) anadan olub.
27 noyabr 1942 - Amerikalı rok musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix - James Marshall Hendrix, 1942-1970) anadan olub.
27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O"Neill, 16.10.1888 - 1953) vəfat edib. “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət” və s. pyeslərin müəllifidir.

28 noyabr 1757 - İngilis şairi və rəssamı Uilyam Bleyk (William Blake, 1757-1827) anadan olub.
28 noyabr 1820 - Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820 - 5.8.1895) anadan olub.
28 noyabr 1829 - Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829-1894) anadan olub.
28 noyabr 1880 - Rus şairi Aleksandr Blok (1880 - 7.8.1921) anadan olub. “Qisas”, “On iki” və s. poemaların müəllifidir.
28 noyabr 1881 - Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig, 1881 - 22.2.1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.

29 noyabr 1906 - Rus kinooperatoru, rejissor Roman Karmen (1906-1978) anadan olub. Çoxsaylı sənədli filmlərin, o cümlədən “Xəzər neftçiləri haqqında povest” filminin müəllifidir. Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür (Computer Security Day). 1988-ci ildə Amerika Kompüter Avadanlıqları Asossiasiyası tərəfindən kompüter virusları ilə mübarizə devizi altında təsis edilib.
30 noyabr 1667 - İngilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667- 19.10.1745) anadan olub.
30 noyabr 1817 - Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817-1903) anadan olub.
30 noyabr 1835 - Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens; 1835 - 21.4.1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.
30 noyabr 1937 - İngilis kinorejissoru Ridli Skott (Ridley Scott) anadan olub. Filmləri: “Əsgər Ceyn”, “Qladiator”, “Hannibal”, “Qara qırğı”nın düşməsi” və s.

1 dekabr 1935 - Amerika kinorejissoru, üç dəfə “Oskar” mükafatı laureatı Vudi Allen (Woody Allen - əsl adı Allen Stewart Konigsberg) anadan olub. Filmləri: “Enni Holl”, “Hanna və onun bacıları”, ”Manhetten”, “Qahirənin al qızılgülü” və s.

Hazırladı: Vüqar Orxan