Azərbaycan
2 dekabr 1929 - Şair, ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, teatr xadimi Həsənəli xan Qaradaği (28.1.1848, Şuşa - 1929) vəfat edib. Rus satirik şairi İvan Krılovun təmsillərini ilk dəfə dilimizə çevirib, Aleksey Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
2 dekabr 1938 - Şair-publisist Zeynal Vəfa (Zeynalabdin İsmayıl oğlu Zeynalov) Naxçıvan şəhərində anadan olub. Kitabları: "Mənim körpə çinarım", "Qəlbimin səsi", “Ömrün beşinci fəsli”, “Millətin xilaskarı” və s.
3 dekabr 1920 - Şair Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 -12.12.1999) anadan olub.
3 dekabr 1928 - Xalq rəssamı Rasim Həşim oğlu Xələfov (1928-2010) anadan olub. Dekorativ-tətbiqi və monumental işlərin, Bakı metrosunun "Gənclik", “Qara Qarayev” stansiyalarının, Bakı Dövlət Sirkinin bədii tərtibatının müəllifidir.
3 dekabr 2008 - Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» adlı konfransında “Bakı bəyannaməsi” qəbul olunub. Konfransda ilk dəfə Avropa və müsəlman ölkələrinin mədəniyyət nazirləri bir araya gəlib. Mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi”nin əsası qoyulub.
4 dekabr 1825 - Rəssam Mirzə Qədim İrəvani (1825-1875) anadan olub.
4 dekabr 1950 - Ədəbiyyatşünas, yazıçı, akademik, Əməkdar elm xadimi Kamal Mehdi oğlu Abdulla Bakıda anadan olub. Əsərləri: “Ruh”, “Unutmağa kimsə yox” (pyeslər), “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” (romanlar) və s. Bakı Slavyan Universitetinin rektoru olub. 2014-cü ildən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviridir.
Dünya
2 dekabr 1859 - Fransız rəssamı, neoimpressionizmin banilərindən biri Jorj Syera (Georges Seurat; 1859-1891) anadan olub.
2 dekabr 1888 - Türk yazıçısı, şair, teatr xadimi Namiq Kamal (21.12.1840 - 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən, yaxud Silistrə” və s.
2 dekabr 1891 - Alman boyakarı və qrafiki Otto Diks (1891-1969) anadan olub.
2 dekabr 1923 - Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas - Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.
3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır.
3 dekabr 1358 - Osmanlı imperatorluğunda məşhur sufi şeyxi və mütəfəkkir kimi ad çıxarmış Bədrəddin Mahmud Simavi (1358 - 1416/1420) anadan olub.
3 dekabr 1927 - Amerika estrada müğənnisi və aktyor Endi Uilyams (Andy Williams - Howard Andrew Williams; 1927-2012) anadan olub.
3 dekabr 1930 - Fransız rejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın banilərindən biridir. Filmləri: “Kiçik əsgər”, “Motsart - həmişəlik”, “Birnəfəsə”, “Ağılsız Pyero” və s.
4 dekabr 1131 - Dünya şöhrətli tacik (fars) şairi, filosof, riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 18.5.1048 - 1131) vəfat edib. 4 dekabr 1875 - Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke, 1875-1926) anadan olub.
4 dekabr 1896 - Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.
4 dekabr 1922 - Fransız aktyoru Jerar Filipp (Gerard Philipe, 1922 - 1959) anadan olub. Filmləri: “Fanfan-zanbaq”, “Böyük manevrlər”, “Monparnas 19”, “Təhlükəli əlaqələr” və s.
4 dekabr 2009 - SSRİ-nin Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (8.2.1928 - 2009) vəfat edib. “Baharın on yeddi anı” çoxseriyalı televiziya filmində Ştirlis obrazı ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan