Ankaradakı Marka muzeyindən təəssüratlar

Dünyada nadir hesab edilən muzeylərdən biri də Ankaradakı Marka muzeyidir. Şəhərin mərkəzində, Atatürk bulvarında yerləşən PTT (Türkiyənin Poçt Teleqraf Təşkilatı) Marka muzeyində təkcə cümhuriyyət dövrünün və Osmanlının deyil, dünyanın bir çox ölkələrinin marka nümunələri, eləcə də poçt və teleqrafın tarixini əks etdirən maraqlı eksponatlar sərgilənir.

Muzey 1926-cı ildə Türkiyə Cümhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürkün fərmanı ilə yaradılan Əmlak və Yetimlər Bankının (1946-cı ilədək fəaliyyət göstərib) 30-cu illərdə inşa edilmiş tarixi binasında yerləşir.
2013-cü ildə istifadəyə verilən muzeydə dünya, Osmanlı, Türkiyə Cümhuriyyəti markaları sərgilənir. Burada həmçinin poçt tarixi, İstiqlal müharibəsində PTT və digər bölmələr var.

Poçtalyon çantası, silah, damğa, möhür, telefon

Bəşər tarixində ünsiyyətə, rabitəyə hər zaman mühüm ehtiyac olub. Qədim insanlar bir-biriləri ilə səs, tüstü, fit və s. vasitəsilə xəbərləşirdilər. Sonralar yazı, məktub, qasid və s. meydana gəldi. XIX əsrin yarısına qədər xəbərləşmə əsasən hərbi-dövlət məqsədlərlə bağlı idisə, sonralar şəxsi məqsədli rabitəyə də ehtiyac yaranıb. İnsanlar məktub, teleqraf və telefon xidmətlərindən istifadə etməyə başlayıblar. Beləliklə, 1840-cı ildə İstanbulda Poçtane-i Amire adlı ilk poçt fəaliyyətə başladı və qurum 175 ildir ki, insanların xəbərləşmə ehtiyacını təmin edir. Dünyada ilk marka 1840-cı ildə İngiltərədə çap olunub. İlk türk markası isə 1863-cü ildə Sultan Əbdüləzizin əmri və dövrün poçt naziri Agah bəyin icraatı ilə dövriyyəyə buraxılıb. Markanın üzərində Sultan Əbdüləzizin rəsmi olub. Elə bu səbəbdən muzeyin girişində, birinci mərtəbədə sultanın böyük portreti asılıb. Burada 1863-cü ildən 2014-cü ilədək çap edilən markalar xronoloji şəkildə sərgilənir. Binanın 2-ci mərtəbəsində türk markaları 7 fərqli mövzulara ayrılıb: Atatürk, təbiət, idman, nəqliyyat, mədəniyyət, turizm və tarix.
Binanın digər mərtəbəsində poçtalyon çantası, silah, damğa, möhür, telefon və teleqraf aparatlarından ibarət 80-ə yaxın eksponat nümayiş etdirilir. Burada keçmişdən bu günümüzə qədər poçtalyonların istifadə etdikləri geyimlərin sərgisi, 3D film salonu, sensorlu sərgi salonu və elektron kitabxana yer alıb. Dünya Poçt Birliyinə üzv olan 192 ölkənin markalarından ibarət nümunələr isə muzeyin 3-cü mərtəbəsində sərgilənir.

Tarixin məktubları - markalardakı tarix

PTT fövqəladə zamanlarda da xəbərləşmə ehtiyacını gecikmədən davam etdirib. Qurtuluş savaşında teleqraf önəmli bir rol oynamışdı. Təsadüfi deyil ki, əcnəbi bir jurnalistin müharibədən sonra Mustafa Kamal Atatürkə verdiyi “Qələbəni necə qazandınız?” sualına, o, “Teleqrafın telləri ilə” - deyə cavab vermişdi.
“Markalarla 100 il” bölməsində 1900-cü ildən 2014-cü ilədək dünyada və ölkədə yaşanmış tarixi, siyasi, iqtisadi, mədəni və elmi inkişafla bağlı markalar toplanıb. Türk və ingilis dillərində hazırlanan bu bölmə tam mənası ilə bir məlumat xəzinəsi xüsusiyyəti daşımaqdadır. Holoqramlı kitabxanada yer alan tarixi nümunələrə isə Assur dilində məktublar, Hitit məktubları, Məhəmməd peyğəmbərin islama dəvət və təbliğ məktubları, Qurtuluş savaşı cəbhələrindən məktublar, Atatürkün məktubları və Osmanlı dövrünün məktubları daxildir. Poçt markaları meydana gələndən məktubların forması da dəyişir. Hər məktub zərfini üzərində bir tarix yaşadan markalar bəzəməyə başlayır.

İstəyənə şəxsi marka

Muzeydə maraqlı bir məqamla da rastlaşırsan: PTT dünyada az sayda ölkədə tətbiq edilən “Fərdi marka” xidməti göstərir. Belə ki, əgər istəsəniz, üzərində şəkliniz olan markaya sahib ola bilərsiniz. Muzeyin bu yeni xidməti həm də reklam və təbliğat məqsədi daşıyır. Məsələn, əlamətdar günlərdə kimisə təbrik etmək məqsədilə, həmin günə aid bir rəsm də təqdim edə bilərsiniz. Həmin rəsm marka formasına salınaraq sizə qaytarılır. Bu yolla muzey həm insanların istəyini yerinə yetirir, həm də özünü reklam edir.

Həm ziyarət, həm istirahət

Beşmərtəbəli binada müasir muzey işi və mədəni turizmin yenilikləri nəzərə alınaraq ziyarətçilərin bol təəssürat alması, istirahəti, o cümlədən uşaqların əylənməsi üçün şərait yaradılıb. PTT Marka muzeyi maraqlı bir mədəni istirahət məkanıdır. Muzeyi ziyarət edən qonaqlar tarixə yolçuluq edərkən türk və ingilis dillərində hazırlanan səsli bələdçi (məlumatlandırma) sistemindən də yararlana bilərlər. Buradakı kafe və istirahət guşəsi də qonaqların xidmətindədir.
Xüsusi sərgilərin qurulması üçün müvəqqəti sərgi salonu da var. Ziyarətçilər 3D poçt kartları, üzərində pul rəsmi olan fincanlar, filateliya məhsulları, şüşə sənəti nümunələri, qələm və digər hədiyyəlik əşyalar da ala bilərlər.

Mehparə Sultanova,
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar