Azərbaycan
9 dekabr 1918 - Yazıçı, ədəbiyyatşünas Cəlal Məmmədov (1918-1983) anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru işləyib.
9 dekabr 1963 - Rejissor, aktyor Lətif Bəşir oğlu Səfərov (1920, Şuşa - 9.12.1963) dünyasını dəyişib. “Sevil”, “Lətif” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub.
9 dekabr 1973 - Görkəmli aktyor Lütfəli Abdullayev (22.3.1914 - 1973) vəfat edib. Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Kinoda ilk işi 1945-ci ildə "Arşın mal alan" filmində Vəli rolu olub. "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
9 dekabr 1991 - İslam Əməkdaşlıq Təşkilatının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat idi.
10 dekabr 1918 - Tanınmış opera müğənnisi, Xalq artisti Gülxar İbrahim qızı Həsənova (1918-2005) Şəmkir rayonunda anadan olub. 1940-1980-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub.
10 dekabr 1924 - Xalq şairi, dramaturq, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 - 15.1.2007) Bakının Xırdalan kəndində doğulub. Kitabları: "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Ağ şimşəklər" və s. Televiziya və Radio Verilişləri Komitəsinin, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri olub. «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib.
10 dekabr 1935 - Xalq rəssamı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır!” və s.
10 dekabr 1943 - Xalq artisti Tamella İslam qızı Abdullayeva anadan olub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.
10 dekabr 1945 - Şair-publisist İsmayıl Səlim oğlu İmanzadə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olub.
10 dekabr 1996 - Şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay - 1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.
11 dekabr 1918 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (1918 - 9.11.1994) Ağdamın Şıxavənd kəndində anadan olub. "Xəzinə", “Yarpaqlar”, “Onun gözləri”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.
Dünya
9 dekabr 1048 - Böyük türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni Əbu Reyhan Məhəmməd ibn Əhməd Xarəzmi (4.9.973 - 1048) vəfat edib.
9 dekabr 1717 - Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann, 1717-1768) anadan olub.
10 dekabr Dünya İnsan Haqları Günüdür (Human Rights Day). 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyasında “Dünya insan haqları Bəyannaməsi”nin qəbul olunması ilə bağlı təsis edilib. 1950-ci ildən qeyd edilir.
10 dekabr 1821 - Rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 - 8.1.1878) anadan olub. “Rusiyada kim yaxşı yaşayır”, “Rus qadınları”, “Kəndli uşaqları” və s. poemaların müəllifidir.
10 dekabr 1890 - Müasir türk tarixşünaslığının banilərindən biri, görkəmli başqırd şərqşünası və türkoloq, ictimai xadim Əhməd Zəki Validi Toğan (1890 - 28.7.1970, Türkiyə) anadan olub.
11 dekabr 1803 - Fransız bəstəkarı Hektor Berlioz (Louis-Hector Berlioz, 1803 - 8.3.1869) anadan olub. Əsərləri: “Fantastik simfoniya”, “Benvenuto”, “Çellini” operaları və s.
11 dekabr 1890 - Argentina müğənnisi, aktyor, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel, 1890-1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.
11 dekabr 1913 - Fransız aktyoru, rəssam, heykəltəraş Jan Mare (Jan Alfred Villen-Mare, 1913 - 8.11. 1998) anadan olub. Filmləri: "Bəyaz gecələr", "Qraf Monte-Kristo", "Parisin sirləri", "Dəmir maska", “Fantomas” və s.
11 dekabr 1918 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsin (1918 - 3.8.2008) anadan olub. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya edilib, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "Arxipelaq QULAQ", "Qırmızı təkər" və s. romanların müəllifidir.
Hazırladı: Vüqar Orxan