20 noyabr 1975-ci il. Bu tarix mədəniyyət tariximizdə xoş xatirələrlə yaşamaqdadır. Həmin gün respublikanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi, dahi bəstəkar, publisist, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin Bakıda o vaxtkı Ketsxoveli (indiki Şamil Əzizbəyov) küçəsi 67 ünvanında - həyat və yaradıcılığının çox hissəsini keçirdiyi bir məkanda ev-muzeyinin təntənəli açılışı oldu.
Bəstəkarın Bakıda və Şuşada ev-muzeyi hələ 50-ci illərdə açılmalı idi. Üzeyir Hacıbəylinin ölümündən sonra Azərbaycan SSRİ Nazirlər Soveti onun adının əbədiləşdirilməsi haqqında 16 fevral 1949-cu il tarixli qərar qəbul etmişdi. Qərarın 4-cü bəndində deyilirdi: “Azərbaycan SSRİ Mədəniyyət Nazirliyi yanında İncəsənət işləri şöbəsinə tapşırılsın ki, Bakı şəhəri, Ketsxoveli küçəsi ev 67 ünvanında və Şuşa şəhərində Üzeyir Hacıbəyovun ev-muzeyi yaradılsın”.
Qərarda daha sonra göstərilirdi: Bakı şəhərində Üzeyir Hacıbəylinin abidəsi ucaldılsın; bəstəkarın həyat və yaradıcılığı haqqında monoqrafiya nəşr edilsin; bir çox təşkilatlara, o cümlədən, Azərbaycan Dövlət Konservatoriyasına, Bakı şəhərindəki Azadlıq küçəsinə, Naxçıvan Müəllimlər İnstitutuna və Şuşa şəhərindəki orta məktəbə Üzeyir Hacıbəylinin adı verilsin.
Üzeyir bəyin Bakıdakı ev-muzeyinin açılışı bir qədər geciksə də, Şuşada, böyüyüb boya-başa çatdığı ocaqda ev-muzeyi 1959-cu ildə açıldı. İlk vaxtlar bu muzey 4 otaqdan ibarət idi. Lakin bəstəkarın 100 illik yubileyi ilə əlaqədar olaraq muzey genişləndirildi: bir hissəsi ikimərtəbəli, digər hissəsi isə birmərtəbəli olaraq memorial evə çevrildi. Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatlardan, o cümlədən, Azərbaycan Tarixi Muzeyindən bir çox əşyalar həmin muzeyə verildi, Üzeyir bəyin gipsdən heykəli ucaldıldı.
Bəstəkarın 1975-ci ildə açılan Bakıdakı ev-muzeyi isə daha geniş və zəngindir. Üzeyir bəy ömrünün 1915-ci ildən 1942-ci ilədək olan dövrünü bu evdə keçirmişdir, bir sıra ölməz əsərlərini, o cümlədən “Koroğlu” operasını burada yaratmışdır.
Muzey 4 otaq, şüşəbənd və yaradıcılıq görüşləri salonundan ibarətdir. 1-ci və 2-ci otaqlar memorial xarakter daşıyır, buradakı eksponatlar Üzeyir bəyin sağlığında olduğu kimi qorunub saxlanılmışdır. Digər otaqların quruluşunda isə bəzi dəyişikliklər edilmişdir. Qeyd etmək lazımdır ki, sənətkarın həyat və yaradıcılığının bütün dövrləri muzeydə öz əksini tapmışdır. Ekskursiyalar muzey əməkdaşları tərəfindən Üzeyir musiqisinin xoş sədaları altında aparılır.
Muzeyə gələn qonaqlarımız yaradıcılıq görüşləri otağında Üzeyir Hacıbəyliyə həsr edilmiş sənədli filmə, eləcə də bəstəkarın ölməz komediyaları olan «O olmasın, bu olsun» və «Arşın mal alan» kimi filmlərə baxa bilərlər.
27 il ərzində neçə-neçə dahi şəxsiyyət - bəstəkarlar D.Şostakoviç, Q.Kiladze, M.Qliyer, T.Xrennikov, yazıçı və şairlər Ə.Haqverdiyev, M.S.Ordubadi, S.S.Axundov, H.Cavid, A.Şaiq, C.Cabbarlı dəfələrlə Üzeyir bəyin qonağı olmuş, duz-çörək kəsmişlər. Bu ev muzeyə çevriləndən sonra da həmişə qonaq-qaralı olub. Muzeyin xatirə kitabını vərəqlədikcə bir çox görkəmli insanların imzasına rast gəlirik. Onlardan ikisini diqqətə çatdıraq.
“Atamın dostu dahi Üzeyir bəyin evində keçirdiyim məmnunluq hissi həyatımın nadir hadisələrindəndir. İlk dəfə Üzeyir bəylə məni Moskvada atam tanış etmişdi. O vaxt 11 yaşım vardı. Lakin bu görüş bütün təfərrüatı ilə yadımdadır. Bu gözəl evin yaradıcılarına və qoruyucularına cansağlığı və uğurlar arzulayıram”.
Mstislav Rostropoviç
“Mən Azərbaycan musiqisinin, mədəniyyətinin ürəyi sayılan Üzeyir Hacıbəyovun ev-muzeyinə heyran oldum. Üzeyir Hacıbəyov bütün Şərqin musiqi mədəniyyətində parlaq ulduzdur. Bu evi elə bir mərkəzə çevirmək lazımdır ki, o Üzeyir Hacıbəyov musiqisinin qonşu Şərq xalqlarına göstərdiyi təsiri, Hacıbəyov ənənələri ilə sözün əsl mənasında əks etdirə bilsin. Mən Üzeyir Hacıbəyovu şəxsən tanıdığıma görə xoşbəxtəm. Vaxtilə mənə etdiklərinə görə ona minnətdaram”.
Tixon Xrennikov
Üzeyir Hacıbəylinin 120 illik yubileyi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin 28 fevral 2005-ci il tarixli sərəncamına əsasən muzey əsaslı təmir olunub, Üzeyirsevərlərin ixtiyarına verildi.
Qeyd etdiyimiz kimi, 40 illik tarixi olan bu muzeydə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının bütün dövrləri öz əksini tapmışdır. Bu illər ərzində Üzeyir irsinin qorunmasında muzey əməkdaşlarının da rolu az olmamışdır. Onlar təkcə öz peşələrinə bağlı insanlar deyil, həm də Üzeyir musiqisinin, Üzeyir şəxsiyyətinin pərəstişkarlarıdırlar. Muzeyin böyük elmi işçisi Sevinc Quliyevanın rəhbərliyi altında elmi axtarışlar davam etdirilir. Üzeyir bəyin 120 illik yubileyi ərəfəsində muzey əməkdaşlarının səyi ilə bəstəkarın 2 kitabı işıq üzü görmüşdür. Bunlardan birincisi «Komediyalar və yumoristik miniatürlər» kitabıdır. Üzeyir bəyin əsərlərinin ilk dəfə latın qrafikası ilə nəşr olunduğu kitabın tərtibçisi ev-muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovdur. S.Fərəcovun redaktorluğu ilə nəşr olunan «Vətən, Millət, Ordu» adlı kitab isə Üzeyir bəyin vətənpərvərlik mövzusunda yazdığı mahnıları əhatə edir. Kitabda bəstəkarın 1917-1942-ci illərdə yazdığı və ilk dəfə nəşr olunan mahnıları da yer alıb.
Bundan əlavə, muzey əməkdaşları tərəfindən Uzeyir bəyin irsini əhatə edən digər kitablar hazırlanaraq nəşr edilmişdir. “O olmasın, bu olsun” operettasının, “Leyli və Məcnun” operasının klavirləri, “Üzeyir işığında” kitabları da bu qəbildəndir.
Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi ölməz sənətkarlar arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. Üzeyir adı, Üzeyir sənəti bu gün hamı üçün əziz və doğmadır. O, Azərbaycan xalqının mənəvi qüdrətinin timsalıdır. Bu sənət korifeyinin irsini qorumaq, gələcək nəsillərə ötürmək 40 illik yubileyini qeyd edən muzeyin əməkdaşlarının öhdəsinə düşür.
Təranə Həsənova,
Üzeyir Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi