XIX əsrin ikinci yarısında Türkiyədə dövrünün qabaqcıl görüşlərinə yiyələnən bir çox ziyalılar yetişib. Onlardan biri də görkəmli şair, nasir və dramaturq, mətbuat xadimi Namiq Kamaldır. O, eyni zamanda tədqiqatçı-alim və ictimai xadim kimi də tanınıb.

Namiq Mustafa Asim oğlu Kamal 1840-cı ildə Türkiyənin Tekirdağ qəsəbəsində məmur ailəsində dünyaya göz açıb. İlk təhsilini atasından alıb. Səkkiz yaşında ikən anası Zəhra vəfat edir, ana babası Əbdüllətif paşa onu himayəsinə götürür. O, İstanbuldakı Bəyazid rüşdiyyə məktəbində təhsil alır. Ərəb və fars dillərini mükəmməl öyrənir, dünya xalqlarının ədəbiyyatı ilə yaxından tanış olur.
Namiq 13-14 yaşında ədəbiyyata dərindən bağlanır, ilk şeirlərini qələmə alır. 1856-cı ildə İstanbula gəlir. Burada 10 il tərcümə mərkəzində çalışır. Eyni zamanda gömrük idarəsində işləyir. Tərcümə mərkəzində Mehmet Mansur əfəndinin köməyi ilə fransız dilini də öyrənir. 1865-ci ildən başlayaraq mətbuatda məqalələr dərc etdirir. Osmanlının Şərq siyasətinə dair bir məqaləsi hökumət dairələrində narazılıq doğurur. Bu yazıya görə sıxışdırılır.
1867-ci ildən Namiq Kamalın həyatının Fransa dövrü başlayır. “Yeni Osmanlılar Cəmiyyəti”ndən Parisdə nəşriyyat açmaq dəvəti alır. Sultan Əbdüləzizin Fransaya səfərindən sonra Namiq Kamal burada da müəyyən təqiblərə məruz qalır. Ona görə də Londona köçməli olur. Orada da qəzetçiliklə məşğul olur, Avropada ən önəmli türk qəzeti olan “Hürriyyət”i nəşr etdirir və yeni Osmanlı və məşrutə ideyalarına xüsusi yer ayırır. Qəzetin 64 sayı onun rəhbərliyi ilə nəşr edilir.
1870-ci ildə İstanbula dönən Namiq Kamal baş vəzir Mehmed Emin Əli paşaya verdiyi sözə əməl edərək bir daha qəzet çıxarmır, mətbuat üçün məqalə də yazmır. Ancaq onun ölümündən sonra “İbrət” qəzetini nəşr etdirir. Burada dərc olunan məqalələrə görə o, yenidən diqqət çəkir. Bu da “İbrət” qəzetinin bağlanması ilə nəticələnir.
Namiq Kamal mərkəzdən uzaqlaşdırılmaq məqsədilə Geliboluya vilayət rəisi təyin olunur. Üç ay işlədikdən sonra İstanbula qayıdır və 1873-cü ildə Kiprə sürgün edilir. Sürgündə olduğu 38 ay ərzində yaradıcılığa daha çox vaxt ayırır. “Akif bəy”, “Gülnihal”, “Zavallı çocuq”, “Röya”, “İntibah” və s. pyes və romanlarını qələmə alır.
1876-cı ildə Sultan Əbdüləziz taxtdan salınır və hakimiyyətə V Murad gəlir. “Gənc türklər”in xahişi ilə sultan Namiq Kamalın İstanbula gəlməsinə icazə verir. Şair 1877-ci ildə Midilli adasına vilayət rəisi təyin edilir. O, 1884-cü ildə Rodos, 1887-ci ildə isə Saqqız adalarında rəis vəzifələrində çalışır. Ürəyi daim xalq, vətən sevgisi ilə çırpınan Namiq Kamal 1888-ci ildə, 48 yaşında Saqqız adasında vəfat edir.
Namiq Kamalı ədib kimi şöhrətləndirən əsərlərindən biri “Vətən, yaxud Silistrə” (1873) pyesidir. Əsər 1853-cü ildə Krım uğrunda ruslarla türklər arasında gedən müharibədən bəhs edir. Tarixdən məlumdur ki, türklər Silistrə qalasını 6 minlik qoşun ilə 41 gün müdafiə edib. Döyüşdə 3 min şəhid verib. Ruslar isə bu qala uğurunda 12 general, 15 min əsgər itirib. Silistrə döyüşündə igidlik göstərən, vətən uğrunda canından keçən türk oğul və qızlarının qəhrəmanlıqları əsərin əsas mövzusunu təşkil edir. Müəllif Qarsda olarkən nişanlısının ardınca müharibəyə gələn və şəhid olan bir qızın cənazəsini görür. Həmin qızın obrazını Zəkiyənin timsalında canlandırır.
Vətənin ağır günündə İslam bəy döyüşə gedir. Sonra sevgilisi Zəkiyə də kişi libasında Silistrəyə yollanır. Növbəti əməliyyatların birində İslam bəy, Abdulla çavuş, Zəkiyə, Sidqi bəy xüsusi qəhrəmanlıq göstərirlər. Əməliyyatdan sonra Zəkiyənin qolları arasında özünə gələn yaralı İslam bəy onu tanıyır. Sidqi bəy də Zəkiyənin onun qızı olduğunu öyrənir...
Ədib “Hürriyyət qəsidəsi” əsərində xalqın haqqını onlara verən şəxsləri təqdir edir və insanları xalqa xidmətə çağırır:

Usanmaz kəndini insan bilənlər xalqa xidmətdən,
Mürüvvətmənd olan, məzlumə əl çəkməz ianətdən.

Namiq Kamalın siyasi burulğanlar içərisində olan vətəni üçün arzuladığı günlərin hələ uzaqda olduğunu başa düşür və məyusluğunu belə ifadə edir:

Ölürsəm, millətimdə görmədim ümmid etdiyim feyzi,
Yazılsın səngi-qəbrimdə Vətən məhzun, mən məhzun.

Bu ümidsizlik və kədər motivlərinə rəğmən Namiq Kamal yaradıcılığında vətənin sabahına, onun gələcəyinə inam çox güclüdür.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar