Başa çatan 2015-ci il mədəniyyət tariximizdə itkilərlə də yadda qaldı. Bu il bir sıra tanınmış ədəbiyyat, incəsənət, elm xadimləri ömürlərini başa vurub əbədiyyətə qovuşdular. Onları xatırlayaq.
Xalq şairi Vaqif Səmədoğlu 75 yaşında bu dünyadan köçdü.
Xalq rəssamı Davud Kazımov ömrünün 89-cu ilində vəfat etdi.
Tanınmış şair Məmməd Aslan 75 yaşında ömrünü başa vurdu.
Şairə Zivər Ağayeva ömrünün 81-ci ilində dünyasını dəyişdi.
Xalq artisti, bəstəkar Ramiz Mirişli də dünyasını dəyişəndə 81 yaşında idi.
Bəstəkar, Xalq artisti Azər Rzayev ömrünün 86-cı ilində vəfat etdi.
Xalq artisti, bəstəkar Nəriman Məmmədov 87 yaşında əbədiyyətə qovuşdu.
Böyük kaman ustası, Xalq artisti Habil Əliyev 88 il ömür sürdü.
Xalq artisti Nuriyyə Əhmədova 64 yaşında vəfat etdi.
Xalq artisti İlham Əsgərov dünyadan köçəndə 57 yaşı vardı.
Əməkdar artist Tanilə Əhmərova 65 yaşında haqqa qovuşdu.
Əməkdar artist Ələsgər Məmmədoğlu 69 yaşında ömür yolunu tamamladı.
Bülbülün həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Adelaida Məmmədova 93 yaşında vəfat etdi.
Kinorejissor Nicat Feyzullayev 69 yaşında dünyanı tərk etdi.
AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev 77 yaşında, görkəmli dilçi alimlər, akademiklər Tofiq Hacıyev 79, Ağamusa Axundov 83 yaşında ömürlərini başa vurdular.
Filologiya elmləri doktorları Həsən Mirzəyev 87, Elməddin Əlibəyzadə 89 yaşında həyatdan getdi.