Milli teatr-səhnə sənətimizin ən çox xatırlanıb-sevilən keçmişlərindən...

Təəssüf ki, həm də dövrün antimilli repressiya girinə keçmişlərdən biri...
Haçan ki “ciddi teatr”, “əsl səhnə”, “müqtədir aktyor” kəlmələri dilə gəlir, xatirə-xəyala mütləq “Ülvi Rəcəb” ismi də gəlir. Başqa sözlə, milli dramaturgiyamızda Cəfər Cabbarlı kimdirsə, teatr-səhnə sənətimizdə Ülvi Rəcəb odur.
Və maraqlıdır; bunların hər ikisi otuz beşcə il yaşayıb...


Bu da maraqlı deyilmi ki, Cəfər də, Ülvi də yaddaşlarda, sənət tariximizdə hələ də yaşayır və hələ onları “öz əcəli” və “ideya cəncəli” ilə öldürənləri də “yaşadırlar”?!.
Gəlin, bu açıq-aşkar yaşayanlardan biri haqda real tarixi bir oçerk, “dosye”lərdə “yaşadılanlar”dan “birisi” barədə isə (adını gizlətməsi səbəbilə) “Kommunist” qəzetinin 30 sentyabr 1937-ci il sayı vasitəsilə tanış olaq: “Ülvi Rəcəb nəcib, ləyaqətli, saf amallı, həyat eşqli, bütöv xarakterli obrazları xüsusi bir şövq və məharətlə ifa edirdi. O, monumental quruluşlu romantik faciə surətlərinin səhnə təfsirində də həyatdan şirə çəkən poetik realizmə üstünlük verir, ifa üçün səmimiyyət, məlahət, ürəyəyatımlıq kimi - daha çox, aktyorun şəxsi “mən”indən qidalanan psixoloji məziyyətləri qabardırdı. Onun gur və yapışıqlı səsində ürəkçalan, qəlboxşayan bir lirizm vardı. Bu sənətkar “sifət-ifadə vasitələri” deyilən məziyyətlərdə xüsusilə zəngin, sirayətedici, son dərəcə xarakterial idi. Ülvi Rəcəb psixoloji pauzaların ən bacarıqlı, bənzərsiz yaradıcısı kimi tanınır, tərəf-müqabilləri (yöndaşları) ilə ünsiyyətdə, səhnədəki vəziyyətin psixoloji halına uyğun davranmaqda daim nümunə göstərilir, ifa etdiyi hər bir personajı dərindən duyan, onun həm məfkurəvi, həm psixoloji “rəsm”ini dəqiqliklə ölçüb-biçib ətə-qana gətirən aktyor kimi seçilirdi. Romantik ruhlu ehtirasa, emosional həssaslığa, dinamik plastikaya malik olan Ülvi Rəcəb Tanrının bəxş etdiyi istedadın cövhərli məziyyətləri ilə kifayətlənmir, axtarışlar aparır, tapıb cilaladığı və oynadığı obrazın mayə-qayəsinə hopdurduğu ifadə vasitələrilə tamaşaçıları məftun edir, onlara bədii-estetik həzlər verirdi...”
İndi də, yuxarıda “birisi” adı ilə xatırlatdığım o dövr “şərəfzadə”lərindən bir yazarın belə bir sənətkar haqda - Şaşıqzadə Ülvi Rəcəb barədə bir məqaləsindən: “Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam... respublikanın Əməkdar artisti kimi şərəfli bir ada “nail” olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Triniç, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reaksion qəzetlər oxumuş, patifonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur”...
Bu sözlər romantik və realist aktyor məktəblərinin poetik-dramatik səciyyələrini müqayisəedilməz bir inam və imanla zənginləşdirmiş bir sənətkar haqda yazılmışdı! Otuz beş illik ömrünün yarıdan çoxunu müxtəlif sənət ünvanlarında, son on üç ilini Milli Dram Teatrımızda Fərhadlıq etmiş, sonrakı teatr-səhnə nəsilləri üçün canlı məktəb ənənəsi yaratmış, zəngin və xüsusən orijinal yaradıcılığı ilə örnək-irs qoyub getmiş fenomen barədə uydurulmuşdu!..
“Gənc kadrların inkişafına mane olmuş” bu sənətkarın -

Gənclik dövründən...

...O nə ömür yaşayıb ki, mən bu “bölüm”ü işlətdim? Yəni, vur-tut “35” rəqəmi və “gənclik” dönəmi? Otuz beş yaşın özü başdan-ayağa gənclik deyilmi?!.
Görəsən, o özü bu barədə nə düşünürmüş? Görəsən, səhnələrdə o qədər obrazlar yaratmış bu sənətkar DTK zirzəmisindəki bu “rol”una necə yanaşırmış? Daim eşitdiyi alqışlar əvəzinə nələr eşidirmiş? O vaxtdan bu vaxta barəsində yazanların hər birinin xüsusi vurğuladığı kimi, həmişə haqq-ədaləti, ülvi düşüncələri ifadə edən obrazları oynamağa üstünlük vermiş, hətta “...tamaşaçıları, öz qeyri-adi sənətkarlıq məziyyətlərilə yaratdığı mənfi insan surətlərini belə sevməyə “məhkum” etmiş” bu mələktimsal adam oradakı iblis münasibətləri necə sinirirmiş? Dindirildiyi kabus-kabinetlərdə, “son mənzil” qoxuyan yolsuz otaqlarda o günədək keçib-gəldiyi yollar haqda da düşünüb-daşınmağa macal tapırmışmı?..
Milliyyətcə acar olan Şaşıqzadə Ülvi Rəcəb Molla oğlu 1903-cü il yanvarın 9-da Batum şəhəri (indi Batumi adlanır) yaxınlığındakı Canivri kəndində doğulub. Bütün Avropanı gəzib-dolaşmış, dünyanın gəlir-gərdişini yaxşı bilən atası Rəcəb bəy oğlu Ülvinin də gözaçıq, geniş dünyagörüşlü olmasına çalışıb. Elə bu da, on altı yaşında ikən atasını itirmiş Ülvinin özünü itirməməsinə, İstanbula gedərək təhsilini davam etdirməsinə, fəal həyat eşqinə stimul olub. Lakin I Dünya müharibəsi onu təhsilini atıb, gündəlik çörəkpulu qazanmaq məcburiyyətində qoyub.
Müharibə qurtaranda Batuma qayıdan Ülvi həmin il buraya qastrola gəlmiş Hüseyn Ərəblinski ilə tanış olur. Onun “Otello” tamaşasındakı baş rolu Ülvini necə məftun edirsə, həyatını teatra bağlamaq qərarına gəlir. Çox da uzun çəkməyən bu unudulmaz “Azərbaycan qastrolu” onun sənət taleyini həll edir. Bütün aktyorlarla səmimi ünsiyyət yaradır, bir neçə tamaşada epizodik rollar oynayır və hətta “Arşın mal alan” operettasında səhnəyə (qəflətən xəstələnmiş aktyorun əvəzinə) Soltan bəy rolunda çıxır. Bu qeyri-adi “debüt-istedad” elə həmin gündən onun Batum teatr truppasına qəbul edilməsinə səbəb olur. 1922-ci ildə həmin teatr Tiflisə qastrola gəlir və Ülvi burada Azərbaycan teatrının yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olur. Bu tanışlıq Ülvi Rəcəbin Tiflisdə qalmasına, o dövrün məşhur “Zubalov evi”ndə fəaliyyət göstərən “Azərbaycan dram cəmiyyəti”nə daxil edilməsinə səbəb olur. “Ölülər”, “Dağılan tifaq”, “Aydın” və s. tamaşalardakı çıxışları az sonra onu şəhərdəki Azərbaycan Dram Teatrına cəlb etdirir. Uca boylu, aydın diksiyalı, emosional və coşğun, lirik və ehtiraslı gənc aktyor müxtəlif operetta, dramatik və faciə rollarında uğur dolu sənət elementlərilə çıxış edir.

“Məşhur batumlu”nun Bakı dövrü

1924-cü ilin yayında Tiflisdəki Azərbaycan teatrının baş rejissoru Aleksandr Tuqanov Bakıya, Milli Dram Teatrına dəvət olunur. Ülvi Rəcəbin istedad-yaradıcılıq imkanlarına yaxşı bələd olan və gələcəyinə böyük ümid bəsləyən Tuqanov onu da Bakıya çağırır. 1925-ci ildən burada fəaliyyətə başlayan gənc tezliklə teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadənin dublyoru səviyyəsinə yetişir. Hətta çox keçmir ki, teatr mütəxəssisləri onun ifa etdiyi rolları şərti bölgülərlə təsnifatlandırırlar da; “Qəhrəman obrazları”, “Faciə qəhrəmanları”, “Dramatik surətlər”, “Məhəbbət aşiqləri”, “Lirik-psixoloji” və s.
Yazırlar ki, bir oyun-üslubdan digərinə çox sərbəst və professionallıqla keçid məsələsində Ülvi Rəcəbin tayı-bərabəri yoxmuş. “Onun Romeosu təkcə Milli Dram Teatrı üçün deyil, ümumən milli səhnə sənətimizin ən parlaq Romeosu kimi tarixiləşib. Azərbaycan aktyorları arasında “psixoloji teatr” formatının bünövrəsini qoyub-formalaşdıran ilkinlərdən biri Ülvi Rəcəbdir”. “Azərbaycan Milli Dram Teatrının müqtədir sənətkarlarından olan Ülvi Rəcəb milli teatr tariximizdə ilk aktyordur ki, realist-romantik oyun üslubuna geniş və yaradıcı bir psixologizm dərinliyi, lirik-dramatik ahəngdarlıq gətirib”...
...Tək elə Bakıda və Milli Dram Teatrındamı? Yox, bu böyük sənətkar bu baş sənət məbədimizdə işləyə-işləyə, xüsusi və təkidli dəvətlərlə Tiflis teatrında unudulmaz Şeyx Sənan, Yaşar və başqa rollar da yaradıb. 1931-ci ildə Bakı Türk İşçi Teatrının hazırladığı “Sevil” tamaşasında təkrarsız bir Balaş oynayıb. Rus Dram Teatrında hazırlanan “Otello” tamaşasında tamaşaçıların illərlə müzakirə və sevə-sevə bəhs etdikləri “Qeyri-adi Otello” yaradıb.
Ulu Tanrı onun cismi-timsalında həm də böyük bir sənətkar yaradıbmış...
O öz şəxsində bir-birindən maraqlı obrazlar yaratdı...
Adları ikrah doğuran “sənəd”çilər isə 1938-ci ilin 9 yanvarında tarixə daha bir şərəfsiz imza atdılar: on üç ildə saysız-hesabsız tamaşaçılara bənzərsiz sənət atəşləri saçmış bu azman aktyora güllə atəşi açdılar...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar