Zaman bu kəsiri bitirməliydi,
Vaqifi bu günə gətirməliydi,
Sazla şeirimizi öpüşdürməyə
Bir şair Zəlimxan yetirməliydi.
                          Xəlil Rza Ulutürk

Zəlimxan Yaqub! Bu imza bu gün təkcə Azərbaycanda deyil, türkün ruhu dolaşan hər yerdə sevilir. Ona bu sevgini möhtəşəm poeziyası ilə yanaşı, bənzərsiz nitq qabiliyyəti, fenomenal yaddaşı qazandırmışdı. “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur”, - deyən istiqlal şairimiz X.R.Ulutürk onu “poeziya hökmdarı” adlandırmışdı: “Mən Zəlimxanı şeirimizin, poeziyamızın başucalığı hesab edirəm”.
Bəs onu, unudulmaz şairimizin dediyi kimi, “poeziya hökmdarı”na çevirən nədir, onu zirvələrə aparan yol hardan başlanır? Bu şöhrətin mayasında, kökündə nə durur? Bu suallara cavab kimi, akademik İsa Həbibbəylinin fikirlərini bölüşmək istəyirəm: “Zəlimxan Yaqub Azərbaycan mühiti və şeiri üçün gərəkli olduğu bəlli olan Borçalı mühiti ənənələrini Kürün o tayından, bir regiondan - bölgədən ümumvətən mühiti səviyyəsinə çıxarmağı və yaşatmağı bacarmışdır”.
Bəli, ötən əsrin 60-cı illərinin sonunda Borçalıdan başlanan yol onu böyük türk dünyasına çıxardı. Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun fikirləri bu baxımdan səciyyəvidir: “Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı... Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı... Və öz içinə qapılmış, fərdi hisslərin məhbusuna çevrilməkdə olan ədəbiyyatı dar sinələrin məhbəsindən qurtararaq minlərin, milyonların mənəvi istifadəsinə verdi. Zəlimxan Yaqub Azərbaycanın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi o böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olmasaydı o, Zəlimxan Yaqub olmazdı!..”
O, çətin, məsuliyyətli, şərəfli bir yola çıxdığını yaxşı bilir, öz gücünə və işinə güvənir, “yalnız özümə güvənəndə bərəkət oluram, dözüm oluram” deyir və atasına söz verirdi ki, bu yolda inamla addımlayacaq, onun üzünü ağardacaq:

Necə saçlarını ağartmışamsa,
Elə də üzünü ağardacağam!

və elə həmin qətiyyətlə də deyirdi:

Yaşamaq istəyirəm, yüz il mənə bəs deyil,
Çünki mənim həvəsim ötərgi həvəs deyil.


Sonradan zaman göstərdi ki, doğrudan da, Z.Yaqubun ədəbiyyata gəlişi sadəcə ötəri gənclik həvəsi olmayıb. O deyirdi ki, “ucalmaq eşqinə hamı düşsə də, ucalmaq hamıya qismət olmayır”. Əməli xalqına yaraşıq olanlar, insanın, torpağın, havanın, suyun dərin qatlarına enməyi bacaranlar ucalır, hər kəsi özünün imzası yaşadır. Çünki yaxşı bilirdi ki:

Şöhrət qapısını döyən kəslərin,
Gecikməz, qisməti vaxtına düşər.
Hər əsrin əlçatmaz bir zirvəsi var,
O da bir şairin bəxtinə düşər.


Şair bu şeiri 1973-cü ildə - 23 yaşında yazıb. Nəğmə kimi oxunan, xalı kimi toxunan, həm nəğmədə, həm xalıda keçən günlərinin çoxu nur olan şair əlli yaşında isə belə yazırdı:

Mənim ömrüm birlə yüzün arası,
Bütövündən qalıb ancaq parası.
Əlli keçib, altmış hələ qabaqda,
Gətirmədim heç kəsə üz qarası!


“Qaş-qabağı qara bulud”, qapısı kilid görməyən, qəlbi zülmətdən uzaq olan, bəndəlikdən Haqqa doğru yol gedən, “kimə bəxt, kimə qismət, yazı” olan, həyatını Vətəninə, xalqına, millətə xidmətə həsr edən və bundan mənəvi zövq alan şair təkcə özü üçün yaşamadığına görə şükür edirdi:

Ömür yolu öz məsləkim, öz andım,
El dərdini sözə tutan ozandım.
Rahat ölmək xoşbəxtliyi qazandım,
Özüm üçün yaşamadım, çox şükür.


Z.Yaqubun, sözü ən müqəddəs halallıq bilən qələmi nə sükut bilib, nə lallıq, şirəsini dağdan, qayadan çəkib, kimsənin haqqını danan olmayıb. Borçalıdan qanadlanan şeir-sənət yolu səsli-küylü gündüzlərdən, sakit gecələrdən, zildən, bəmdən, sevincdən, qəmdən, alnının tərindən keçib, güvəndiyi zəhmət yolu onu yarı yolda qoymayıb:

Özbaşına ələnmir ki, başıma,
Göydən enir, yerdən çıxır sözlərim.
Gecə-gündüz əlimdəki qabardan,
Alnımdakı tərdən çıxır sözlərim.


“Dünyaya birgünlük gəlməmişəm mən”, - deyən şair yaxşı insanların qayğısını görüb, bir dərdi olanda həmdərd tapıb, onu “qala kimi qoruyan” yaxşı dostların əhatəsində olub, heç zaman yalqız qalmayıb, daim elin sevgisindən güc alıb:

Elin qəlbi bir dünyadır, bir cahan,
Şair üçün cahan sirdi, sirr-cahan.
El sevgisi qoymadı ki, bircə an,
Yalqız qalım, yasa batım, yaslanım.


Professor Qəzənfər Paşayev Z.Yaqubu poeziyamıza qaynar təbi, ənənəyə, ədəbi meyarlara yüksək bağlılığı və öz taleyi, bənzərsiz dəst-xətti ilə gələn şair kimi xarakterizə edirdi: “O, xalq ruhu ilə qaynayıb-qarışan, xalqın içində olan, xalq tərəfindən sevilən, poeziyası ilə xalqın qəlbini dilləndirən sənətkardır. Yaranışdan şair ömrü yaşayıb, yaza-yaza dünyanı, ən çox da türk dünyasını, el-obanı gəzib, gəzə-gəzə yazıb-yaradıb”.
Z.Yaqub ömür adlı bir yükü çiyinlərinə alıb, dən-dən olub dünyanın ələyindən keçib, Haqqın verdiyi haqqı-saya gəlmişdi. O, bir ovuc torpağın, bir qurtum suyun, bir əsim küləyin, bir əlçim buludun, bir udum mehin, bir çaxım şimşəyin, sünbülün, bir şirin diləyin yetirməsi idi. Nazını bərəkətli tarlalar, zəmilər, al-əlvan çiçəkli çəmənlər çəkib, bulaqlar könlünə süzülüb, ocaqlar közündən od vermişdi ona. Ruhu halal mayadan, mayası nurdan, ziyadan yoğurulan, Haqqın yaraşığı olan sözə tapınan Z.Yaqub İlahi səsdən, ələmdən, yasdan, Haqq adlı dostdan gəlmişdi. Gül kimi açılaraq gülüstan olub, “mənəm Haqqın aşığı” deyərək sinəsində türkün sazı, dilində dastan Füzulidən süzülüb, Yunusdan gəlmişdi...
Qəlbin xəstəliyi adlandırdığı qərəzi heç zaman yaxına buraxmazdı, bir çiçəyi vaxtsız solan görəndə xəzana dönərdi. Tale onu söz üstə kökləyib, qələmdən pay verərək yazı yazanlara qarışdırmışdı. Bir kök üstə şaxələnib min budaq olmuşdu. Qeybətdən, dedi-qodudan uzaq idi:

Otuz il əlimdə qələm işlədi,
Varağa bir kəlmə qeybət düşmədi.
Əsdi mən tərəfdən sevda yelləri,
Heç kəsin payına nifrət düşmədi.


“Yerdə mənəm, göydə mən, sonsuz kainatdayam”, - deyən şair onu duya bilməyənlərə, “Zəlimxan Yaqub hardadır?” - soruşanlara çox aydın cavab verirdi ki, “ey əsli olmayan kəs, duya bilməzsən məni”, mən soyda, kökdə, əsildə, zatdayam, Adəmdən, Nuhdan gələn yolların yolçusuyam, Haqqa çataçatdayam, “məndə məni görməyə səndə bir mənlik gərək”. Belələrinə həm də deyirdi ki:

Sən şeytan yoluyla qazandığını,
Mən Allah yoluyla çoxdan almışam.
Boynumda heç kəsin minnəti yoxdur,
Mənə nə verilib, Haqdan almışam.


Şairlik Allah vergisi, fitri istedad olmaqla yanaşı, həm də böyük zəhmət, yuxusuz gecələr deməkdir, təbiəti və insanları duymaq və sevməkdir, daim xalqın içində olmaq, onun dərdinə-sərinə qalmaq, sevincinə şərik olmaqdır. Z.Yaqubun da yolu xalq, insanlıq yolu idi... “Mən hardan bilərdim şairlik nədir?” şeirində deyir ki, torpaqdan, toxumdan, dəndən, Qurandan, dindən, dərdlinin göylərə səs salan ünündən, qopuzdan, Qorquddan gəlməsəydim, ana təbiətin yaratdıqları qəlbimi riqqətə gətirməsəydi, göylərdən süzülən pıçıltıları könül duymasaydı, mən hardan bilərdim şairlik nədir...
Professor Nizaməddin Şəmsizadə şairi “inadkar yolçu” hesab edirdi: “Şairlik Tanrıya qovuşmağa ən böyük cəhd, poeziya həmin cəhdi reallaşdıran vasitə, bu vəhdətə aparan yoldur. Zəlimxan bu yolun inadkar yolçusudur. Həmin yolu o, güclü istedadının işığında gedir”.
“Şair qələmiylə işin olmasın” şeirində şeir-sənət qədri bilməyənlərə, poeziyanı duymayanlara üz tutaraq deyirdi ki, “qələmin dünyası ocaqdı, pirdi”, mənim qələmim ustadların yoludur, ocağın, pirin yolunda can verib, şərin qarşısını kəsən hasara çevrilib. Bu qələm göydə mələkdi, yerdə pəridi, Koroğlu dəlisidi, dərvişdi, ozandı, zülmətlərə işıq saçandı. Dərviş Yunusdan dərs alıb ərənlər sözüylə vüsala çatan bu qələm “hər ulu kişiyə bir əsər yazıb”. Şair sözünə biganə olanları, ona şübhə edənləri Haqqın qəzəbindən qorxmağa çağırırdı. “Dünyaya gərəyəm” şeirində şair “gərəksiz, Allahın xoşuna gəlməz” inamını insanlarla bölüşürdü:

Yerin ləngəriyəm, göyün qatıyam,
Bir layla, bir qoşma, bir bayatıyam.
Duyan könüllərin havacatıyam,
Söz kimi gərəyəm mən bu dünyaya.


“Mən bu dünyaya niyə gəldim, faydalı bir iş görə bildimmi, savabımmı çox oldu, günahımmı?” - deyə özü-özünə sual edən Z.Yaqub 1977-ci ildə yazdığı şeirlərindən birində deyir ki, “elə arxalansa şair ilhamı, onu şimşəklər də yenəsi deyil”. Söz adamının qismətinə yazılan tale ilə barışırdı:

Şair olan öz ömrünü yaşamır,
Dərdin-qəmin bol ömrünü yaşayır.
Yolçuların yoldaşına çevrilir,
Cığır açır, yol ömrünü yaşayır.


Yazırdı ki, heç nə onun qarşısını kəsə bilməyib, çünki sözü ötkəm, inamı qəti olub. Elə buna görə də inamla deyirdi:

Məni qorxutmadı heç vaxt, heç zaman
Birinci olmağın məsuliyyəti.


Bəli, birinci olmağın məsuliyyəti onu heç zaman qorxutmadı, öz gücünə, zəhmətinə və istedadına arxalanaraq şöhrətin zirvəsinə aparan yolda inamla addımladı. “Üzü qaralmasa ağ varaqların, şairin həyatda üzü ağ olmaz”, - deyərək, qələm adamı kimi bir həqiqəti unutmadı: “Yazanlar qaldı yaddaşda, yatanlar şair olmadı”. Haqq əmək isə heç zaman yerdə qalmır:

Kitab çəmənindən gül dərə-dərə,
Kitablara döndü alnımın təri.
Bu gün də qaldırır məni göylərə,
Müəllim atamın öyrətdikləri.

Şairin yolunu bərəkət yolu hesab edib “dən-dən könüllərə səpələnən”, bir dağa söykənib “neçə min il yaşamağa heyi var mənim ömrümün”,- deyən, sərvəti “söz adlı zəmi” olan Z.Yaqub “haçansa bir insan gələr, əldə çıraq gəzər məni” pıçıldayır və haqlı olaraq əbədiyaşarlıq qazandığına inanırdı:

Daha gecdi, könüllərdə kitabım var,
Qat-qat olan qayaların qaşı qədər.
Daha gecdi, zaman məni dana bilməz,
Yaşamışam bu dünyanın yaşı qədər.

Ötən əsrdən 50 il alan görkəmli şairə Tanrı bu yüzillikdə 16-ca il ömür bağışladı. Ancaq Tanrının Zəlimxan Yaquba bəxş elədiyi əsl ömür rəqəmlərlə ifadə olunmaz... Allah rəhmət eləsin.

Musa Nəbioğlu
Əməkdar mədəniyyət işçisi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar