Vətənimizi bu sayaq şimşək misralarla yad edirdi Almas İldırım!..

Onu universitetdən yarımçıq “qovmuş”, səsini “almış”, neçə-neçə şeirini, kitabını sandıqda və ya nəşriyyatlarda dustaq, özünü iki kərə sürgün, İran-Turan yollarında əsir, gizli getdiyi karvanlarda yesir, qərib ellər kasıbçılıqlarında “bir həsir, bir Məmmədnəsir “etmiş” Azərbaycanı!..

Bütün bunlardan sonra o, heç də və ya o qədər də qərib olmayan bir ölkədə “...ölməyə Vətən yaxşı” bayatı-manifestli məmləkətinə xitabən yazırdı:

Nərdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, lay-lay balam, çağıran,
Azərbaycan, mənim bəxtsiz anam, oy!
Neçə ildir həsrətinlə yanam, oy!.

Azərbaycanın mühacir siyasətçiləri, qərib sənətkarları az olmayıb. Amma Almas İldırımzadə kimisi az olub. Bu şair çoxları kimi tək elə sözün, incə hislərin, obrazların deyil, Vətən azadlığının, vətəndaş üçün hər nəsnədən üstün milli istiqlal arzu-istəklərinin də carçısı olub.
Gələcəyin bu böyük istiqlal şairi hələ 18-20 yaşlarında ikən öz milli kimliyini dərk edir, milli mənliyini təsdiq və sübut etməyə çalışır. Bu onun bütün hərəkət və düşüncələrində, qol və iz qoyduğu işlərdə hiss edilirdi. O bunu “ailə quruculuğu”nda da sübut edib; 25 yaşında ikən (1932-ci ildə) yaxın ətrafının narahatlıq və narazılıqlarına baxmayaraq, Şamaxıdan sürgün edilmiş (əslən Güney Azərbaycandan olan) bir ailənin qızı ilə evlənir. Və yaxud, “hər üç misrasından biri antisovet” təhdidlərilə Aşqabada sürgün edilmiş bu adamın azadlıq mövzulu şeirləri elə ilk aylarda əldən-ələ gəzir. Burada da “sovet ideologiyasına zərərli” hesab edilən Almas İldırım təqib və təhriklərdən bezir və 1933-cü il iyunun 19-da “xalq düşməni” qızı Zivər xanımla üç aylıq körpəsi Azəri götürüb karvanla yola çıxır. Doğma və qərib sürgün ellərində çoxların şəxsi-ictimai suallarını cavablandırmış (və hələ çox cavablandırası) bu ziyalı-şair məşəqqətlərlə dolu “məxfi karvan səfəri”ndə “qəribə” bir sual üstə köklənir və onu nəzmə çəkir:

“Bilmirəm, yurdunu sevən bir şair
Neyçün cani kimi daim izlənir?..”


Təbii, Almas İldırım hələ elə o yaşında da bu sualın cavabını o karvandakıların hamısından və ümumbəşəri dünya karvanındakıların çoxusundan yaxşı bilirdi. Amma, görünür, cavabını bildiyin bəzi suallar da var ki, onları bu dünyanın vicdanına verməsən, olmur...
Almas İldırımın həyatı və yaradıcılığı... Bunları “əkizlər” də adlandırmaq olar. Əgər bu mümkündürsə, mən birincini - yəni onun həyatını “qardaş” adlandırardım, ikincini - yaradıcılığını “bacı”. Niyə? Ona görə ki, onun yaşadığı məşəqqət-məhrumiyyətlərə bu qədər dözüm, əsla bacılıq iş deyil! Amma bu dözülməz həyat, araşdırıcılarının da bəyan etdikləri kimi, bu mübariz şairin dilindən heç vaxt Vətən çağrılı, yurd ağrılı məşhur “oy!” hiss-həyəcanı qopara bilməyib.

O Vətən, o yurd...

O Vətənin Azərbaycan olduğu hamıya bəlli, yurd isə 1907-ci il martın 25-də doğulduğu Qala kəndi. O, 13 yaşında olanda, sonralar heç zaman barışmayacağı sovet hakimiyyəti, insanlıqdan başqa əllərindən hər şey gələn bolşeviklər Bakını, Qalanı, bütün Azərbaycanı tutdular. Ardınca bu Vətənin say-seçmə insanlarının, milli duyğularının, düşüncələrinin işğalına başladılar. Almas İldırım isə bəy nəslinə mənsubluğu bir yana, milli ruhlu əsərlərilə də “qılınca çapdı” və tezliklə totalitar rejimin həyata keçirdiyi müxtəlif cəza tədbirlərinin hədəfinə çevrildi. Əvvəlcə Azərbaycan Dövlət Universitetindən (Şərq ədəbiyyatı fakültəsi) xaric edildi. Şeirlərində ifadə etdiyi “bəzi məsələlər”ə - sovet sərhədlərini aşıb keçən bəşəri fikirlərə, Azərbaycan coğrafiyalı milli ismarıclara görə Dağıstana sürgün edilir. Lakin orada da nə dilini, nə qələmini dinc qoyur; “Dağlardan xatirələr”, “Ləzgi elləri”, “Krımda axşamlar”, “Günah kimdədir?” kimi “nadinc şeirlər” yazır. 1930-cu ildə “bir qədər yaddan çıxmış” hesab olunduğu Bakıya qayıdır. Lakin burada nəşr etdirmək istədiyi “Dağlar səslənərkən” şeirlər məcmuəsi onu yenidən dilə-dişə salır. Senzuradan keçməyən bu məcmuə şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına da səbəb olur. Üstəlik, yenidən sürgün! Bu dəfə daha uzağa - Türkmənistana...
...Türkmənistana “uzaq” dedim. Amma məncə, bu söz qərib şairimizin ruhunca olmaz. Nədən ki, doğma türk ellərindən biri idi ora. Elə Dağıstanın özü də doğma! Görəsən, onun məhz həmin ünvanlara sürgün edilməsi qansız taxt-tac sahiblərinin siyasi-etnik səriştəsizliyindəndimi, ya Almasın bəxtindənmi?
Almas bir müddət Türkmənistanda məktəb direktoru işləyir, yerli əhalinin doğması kimi tanınır, şəxsi keyfiyyətlərilə Azərbaycan xalqı barədə gözəl fikirlər oyadır. Lakin növbəti bir azərbaycanlının oraya gəlişinə, daha doğrusu, göndərilişinə qədər. Belə ki, Aşqabada göndərilən Ələkbər Ruhi adlı bir “QPU” agenti oradakı müşahidələrilə belə nəticəyə gəlir: “Almas İldırım ideolojimiz üçün zərərli bir insandır...”
Başıbəlalı şair bundan xəbər tutcaq, Türkmənistanda qalmağın çox çətin olacağını kəsdirir və yuxarıda dediyimiz tarixçədə ailəsilə birgə, İrana doğru gedən bir qaçaqmalçı dəvə karvanına qoşulur.
Sərhədçi və gömrükçülərin gözlərinə görünməməkçün çətin aşırım-sıldırımlar keçib İran torpağına çatan Almas İldırım dərhal həbs olunur. Bir aya qədər dustaq qalan şairi bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq su içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Həbsdən azad edilən şair Məşhəd şəhərinə göndərilir, ürəyincə iş tapa bilmədiyindən, çox yoxsul, acınacaqlı həyat sürür. Bu məhrumiyyətlərə dözə bilməyən Almas İldırım Türkiyəyə getməli olur. 1934-cü ildə o, Türkiyə vətəndaşlığına qəbul edilir, bir müddət katiblik, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün son 11-12 ilini isə “bucaq müdirliyi” (qəsəbə bələdiyyəsində) işlərində çalışır. 1952-ci ilin 14 yanvarında məlum “İran yadigarı”ndan - böyrək xəstəliyindən vəfat edir...
Bütün bu çətinliklər, ağrı-acılarla bərabər, bu şair -

Öz ölümsüzlüyünü də yaradırdı

Yorulmadan yazır, böyük milli gələcəkdən danışır, milli istiqlal ümidi ilə yaşayırdı, Azər, Araz, Orxan, Bakıxan adlı dörd oğul böyüdürdü. Türkiyədə keçən 17 illik həyatında qəzet-jurnallarda milli səs-nəfəsli şeirlər, “Boğulmayan səs”, “Azərbaycan mahnıları” adlı kitablar nəşr etdirir, milliyətçi-istiqlalçı şair kimi tanınırdı. Daha çox yaşadığı, Türkiyənin hər yerindən daha artıq sevdiyi Elazığda isə bu adamı el ağsaqqalı kimi qəbul edirdilər. Əvvəl müəllim, sonra nahiyə müdiri işlədiyi Elazığın bütün bölgələrində ümumən təhsillə bağlı böyük işlər görür, məktəblər açırdı...
Amma bütün iş-gücünün, dür-düşüncələrinin başında doğma Vətən, Vətən, Vətən! Hələ Türkiyəyə gedəndə yazırdı ki;

Aç qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam;
Eli, yurdu çalınmış bir qərib Qafqazlıyam.
Zənn etmə ki, yoxsulam, Kürlüyəm, Arazlıyam,
Bakıdan ayrılalı yaxın zamandır, Gölcük...


Yazımın sonunda bu bəndi elə-belədən xatırlatmıram; bu şair Elazığda tez-tez adsız bir gölün sahilinə gedib, o göl ilə dərdləşərmiş. Bir gün Atatürkə məktub yazır ki, qürbətdə böyük bir Xəzərim var... İzn verin, adı olmayan bu gölə “Xəzər” adı verim...
Böyük Atatürk bu kiçicik göllə bağlı bu “balaca” xahişi qəbul edir və o zamandan o gölcük Xəzər adlanır...

Tahir Abbaslı