Tanınmış maarif və teatr xadimi Ələkbər Süleymanov XIX əsrin sonu - XX əsrin əvvəllərində Naxçıvan bölgəsində təhsilin, mədəniyyətin inkişafına töhfələr verib, ziyalı nəslin yetişməsində yaxından iştirak edib.
Ələkbər Süleyman oğlu Süleymanov 15 mart 1862-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. İlk təhsilini şəhərdəki ibtidai məktəbdə alır. 1879-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə qəbul olunur. 1882-ci ildə təhsilini başa vurduqdan sonra Şərur qəzasında yeni açılan Yengicə kənd məktəbinə müdir təyin olunur, həmçinin rus dilini tədris edir.
1890-cı ildən Cəlilkənd ikisinifli kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirir. Burada Məhəmməd bəy Qazıbəyov, Əbülqasım Sultanov, Rəhim Rəhimov, Kərim bəy Səfiyev və başqa tanınmış ziyalılarla çiyin-çiyinə çalışır. 1894-cü ildə Naxçıvan şəhərinə gələn Ə.Süleymanov görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə” məktəbində rus dili fənnini tədris edir. 1897-ci ildə təhsil ocağının müdiri təyin edilir.
Ələkbər Süleymanovun Naxçıvanda teatrın təşəkkül tapmasında da xidmətləri olub. O, Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq “Müsəlman incəsənəti və dram cəmiyyəti”ni yaradır. Həvəskar aktyorlar tərəfindən Mirzə Fətəli Axundzadənin “Hacı Qara” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyaları əsasında tamaşalar göstərilir. Oynanılan hər tamaşadan toplanan pul “Tərbiyə” məktəbinin hesabına köçürülür. Həmçinin digər məktəblərin şagirdlərinin təhsil haqlarına ayrılır.
Tədqiqatçı Fəxrəddin Cəfərov araşdırmasında qeyd edir ki, Ə.Süleymanov həyata keçirdikləri işlər barədə mütəmadi olaraq İrəvan Quberniyası Xalq Məktəbləri direktoruna məlumat verib. Bildirib ki, bu il müsəlman gənclərindən ibarət dram incəsənəti həvəskarları tərəfindən göstərilən tamaşalardan ona həvalə olunmuş məktəbin hesabına 88 manat 70 qəpik pul daxil olub. Bu məbləğ məktəbin fəxri müdirinə ehtiyacın istifadə edilməsi üçün verilib. Məlumatda həmçinin tamaşaların hazırlanmasında iştirak edən gənc həvəskar aktyorlardan Bəhram xan Naxçıvanski, Böyük xan Naxçıvanski, Sərvər xan Naxçıvanski, Əkbər xan Naxçıvanski, Mirzə Kazım Qulubəyov, Böyük ağa Qullarağasıyev, Yaqub Paşa Kəngərlinski, Cəlil Mirzəyev, Sadıq Xəlilov, Mirzə Nəsrulla Əmirov, Məşədi Tağı Səfərov, Ələkbər Məmmədquliyev və başqalarının adları da qeyd edilir.
1906-cı ilədək “Məktəbi-tərbiyə”nin direktoru olan Ə.Süleymanov sonra bu təhsil ocağını Əli Abbasov adlı bir nəfərə təhvil verərək Qafqaz Təhsil Dairəsi müdirinin əmri ilə üçsinifli Naxçıvan şəhər məktəbinə dəyişilir. Məktəbdə Azərbaycan dili və ilahiyyat müəllimi işləyən Ə.Süleymanov burada da ictimai fəaliyyətini davam etdirir. “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasında Məstəli şah, “Hekayəti-Molla İbrahimxəlil kimyagər”də Şeyx Saleh, “Dağılan tifaq”da Nəcəf bəy, “Azərbaycan qızı”nda (E.Sultanov) Ağa Şərif rollarını ustalıqla oynayır. O, ümumilikdə 20-yə yaxın tamaşada müxtəlif rollarda çıxış edib.
Ələkbər Süleymanov 1914-cü ilin sentyabr ayınadək məktəb müdiri və müəllimi kimi fəaliyyət göstərdikdən sonra təqaüdə çıxır. Tanınmış ziyalı, maarif və teatr xadimi 1921-ci ildə Naxçıvan şəhərində vəfat edib.
Savalan Fərəcov