Hansısa müdrik deyib ki, dahilər öz dövrlərinin yetimləridir. Dərindən fikirləşəndə həmin müdrikə haqq verirsən. Amma o da var ki, dahiləri yetim qoyan elə dövrün özüdür. XX əsrdə indi postsovet məkanı adlandırdığımız nəhəng sovet imperiyası ərazisində xeyli dahi yetim dünyaya gəldi, amma dövr onları «həzm etmədi»...

Onlardan biri də məşhur rus şairi, nasir, tərcüməçi, ədəbi tənqidçi Osip (İosif) Mandelştam idi.
İosif Emiloviç Mandelştam 1891-ci il yanvarın 15-də Varşavada yəhudi ailəsində doğulub. O, uşaq ikən ailəsi Peterburqa köçür və XX əsrin əvvəlində Rusiyanın «mədəni kadr» adlandırılan Tenişev məktəbində təhsil alır. Sonra Fransada Sorbon və Almaniyada Heydelberq universitetlərində təhsilini davam etdirir.
Ailəsinin müflisləşməsi üzündən Avropada təhsilini yarımçıq qoyan gənc şair Peterburqa qayıdır və yəhudilər üçün qoyulan kvotadan yayınmaq niyyətilə xristianlığı qəbul edir. 1910-cu ildən çap olunmağa başlayan Mandelştam Anna Axmatova, Nikolay Qumilyov, Aleksandr Blok kimi görkəmli şairlərlə tanış olur, akmeist şairlər qrupuna qoşulur.
Maraqlıdır ki, Mandelştamın «Daş» adlı ilk kitabı 1913, 1916, 1923-cü illərdə təkrar nəşr edilir. Lakin şair kitabın adı dəyişmədən nəşrə daxil edilən şeirləri təzələyir. Bu kitabın sayəsində gənc şair tanınır, sevilir.
Oktyabr inqilabından (1917) sonra O.Mandelştam bir çox azad ruhlu sənətkarlar kimi yaradıcılıq üçün ən gözəl dövrün başladığını zənn edərək ictimai həyata atılır. Qəzetlərdə, mətbuat komissarlığında çalışır, kütləvi tədbirlərdə, görüşlərdə alovlu şeirlər söyləyir. Gələcək həyat yoldaşı Nadejda Xazina ilə tanış olur. Vətəndaş müharibəsi dövründə həyat yoldaşı ilə Rusiyanı, Ukraynanı, Gürcüstanı dolaşır. Krımda ağ qvardiyaçılara qoşulub Türkiyəyə qaçmaq fürsəti olsa da, o, sovet Rusiyasında qalmağa üstünlük verir.
Şairin I Dünya müharibəsi və inqilab dövrünə (1916-1920) aid şeirləri 1922-ci ildə «Tristia» adı altında Berlində çapdan çıxır.
Ardıcıl kitabları nəşr olunan O.Mandelştam nəsr əsərləri yazmağa başlayır, poetik tərcümələr edir. 1928-ci ildə onun son «Şeirlər» toplusu və seçilmiş məqalələrindən ibarət «Poeziya haqqında» ədəbi tənqid kitabı çapdan çıxır. O dövrün poeziya xiridarlarının fikrincə, Mandelştamın poetikası məhz 30-cu illərdə zirvəyə çatır, lakin onun şeirləri çap olunmurdu. Əvəzindəsə ədəbi nəşrlər şairin əsərlərini darmadağın edən tənqidi məqalələrə bol-bol yer verirlər.
1933-cü ilin noyabrında azad ruh, azad sənət ümidləri puça çıxan Mandelştam Stalin əleyhinə «Yaşadığımız ölkədə ayağımızın altından torpaq qaçır» misrası ilə başlayan «Kremldəki dağlı» adlı həcv (epiqram) yazır. Yazır və ehtiyatsızlıq edərək onu 10-15 nəfərə oxuyur.
Mandelştamı dəfələrlə təqiblərdən qorumuş Boris Pasternak onun bu hərəkətini intihar adlandırır. Rus ədəbi mühitində Pasternakın bu həcvə münasibəti, onu şeir hesab etməməsi və bu xüsusda Stalinlə telefon danışığı barədə rəvayətə çevrilmiş onlarla fərziyə dolaşır.
Amma fərziyyələr öz yerində, Mandelştam bu həcvi ilə öz həyatına balta çalır. 1934-cü ilin mayında şair həyat yoldaşı ilə birlikdə Permə sürgün edilir. Lakin dövlət xadimi Buxarinin köməyilə sərbəst yaşayış yeri seçir. Az qala dilənçi kökündə yaşayan şair arabir yerli qəzetdə və teatrda redaktə ilə məşğul olmaqla dolanır. Onun məşhur «Voronej dəftərləri» silsilə şeirləri də burada yazılır. 1937-ci ili mayında sürgün müddəti başa çatan şair həyat yoldaşı ilə birlikdə Moskvaya qayıdır. SSRİ Yazıçılar İttifaqının katibi V.Stavski daxili işlər üzrə xalq komissarı N.Yejova yazdığı məktubda «Mandelştamın məsələsini həll etməyi» təklif edir, onun şeirlərini «iyrənc və böhtan» adlandırır.
Ya bu məktub öz işini görür, ya da şairin dili yenə dinc durmur. 1938-ci ilin yazında Moskva vilayətindəki bir sanatoriyada səhhətini bərpa edən Mandelştam həbs olunur və Uzaq Şərqə düşərgəyə göndərilir. Osip Mandelştam ondan bezənləri, onun poeziyasından qorxanları çox da gözlətmir. 1938-ci il dekabrın 27-də şair yatalaq xəstəliyindən vəfat edir. Lakin dekabr ayı Uzaq Şərq üçün şaxtalı-buzlu keçdiyindən şairin cəsədi qış fəslində ölən digər «düşərgəlilər» kimi yalnız baharda, buzlar əriyəndən sonra ümumi “qardaşlıq məzarlığı”nda torpağa tapşırılır.
1956-cı ildə Osip Mandelştama ölümündən sonra bəraət verilir. 1987-ci ildə isə qərar çıxarılır ki, 1934-cü ildə şair nahaq həbs edilibmiş. Sağ ikən rəsmi ədəbiyyat dairələrində “üçüncü dərəcəli şair” hesab edilən Osip Mandelştamın yaradıcılığı vəfatından sonra bir çox ədəbiyyatçının tədqiqat obyektinə çevrilir, şeirləri xarici dillərə tərcümə edilir. Bir həcvin vaxtsız bitirdiyi şair ömrü sevilən şeirlərində davam edir.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar