Şairlərin sözlərinə yazdığı musiqilər kimi, öz sözləri də şairanə - Şəfiqə Axundova...

Deyirlər, qadınların özləri də bir musiqidir. Fakturaca hərəsi bir formada olsa da, taktca - hamısı gözəllik “janr”ında. “Simfoniya”, “opera”-“operetta” tutumlularının sayı azsa da, hər biri bir nəğmə, mahnı, şərqi timsalında. Bu canlı sənət dünyalarının qəlb sərhədlərinə qəlp müdaxilələr etməsən, özləri rübablanar. Könül sərvətlərinə kəm baxmazsansa, özləri mizrablanıb-çalınar...

İndi gəl gör, bu anadangəlmə nəğməli varlıqların peşəcə musiqiçi olanları necə olar...
Necə olacaq, - Şəfiqə xanım Axundova kimi! Şərqdə ilk opera yazan qadın-bəstəkar Şəfiqə Qulam qızı Axundova...
1924-cü ildə Şəki şəhərində anadan olub. Musiqi aləminə gəlişi üçün nəinki həyat, hətta ailə, ata çətinliklərilə də üzləşib. Yazımın sonunda bir az geniş toxunacağım bu “incident”dən bir parça: “Bir gün atam Konservatoriyaya getdiyimdən xəbər tutub məni cəzalandırdı; evə buraxmadı. Qonşuda gecələməli oldum. Anam ağlayıb, o isə deyib, dəymə, qoy ağlı başına gəlsin, özünə düz-əməlli sənət seçsin”.
“Düz-əməlli sənət” seçmək istəməyən bu “tərs” qızcığaz 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində, son nəfəsinədək hamıdan çox sevdiyi, öydüyü, haqqında yorulmadan danışdığı Üzeyir bəy Hacıbəylidən dərs alıb. 1956-cı ildə, həmin dahilər dahisinin adını daşıyan Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə (B.Zeydmanın sinfini) bitirib. 1998-ci ildə Xalq artisti adına layiq görülüb, 2004-də “Şöhrət” ordeni ilə təltif edilib.
İrsi - yəni yaradıcılıq sözü həddən çox olduğu üçün, özü haqda hələlik bu qədər.
Yaxın Şərqdə baş verən daha bir böyük mədəniyyət “ilk”ində daha bir -

Azərbaycanlı imzası...

Böyük Cəfər Cabbarlının məlum ədəbi qəhrəmanlarının bədii-dramaturji təsirlərilə Azərbaycan qadınları bir sıra mental çala-çuxurlardan çıxıb, dini çadralarını “daloy”lasalar da, hələ “hesab”larında xeyli “geridəqalmışlıq” yarlıqları qalırdı. Əsrinin böyük şairi Səməd Vurğun onları “Adın şərəflidir sənin, ey qadın, “Dahilər anası” çağrılır adın!” misraları ilə öysə də, oğulları Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar etsə də, bu zəriflərimizin ad-sanları ev-eşikdən, mər-məhəllələrdən çox uzağa çıxmırdı. İyirminci yüzillik isə yarıdan keçirdi. Elə bu çağlarda radiodan eşidilən şirin nəğmələrin, gözəl mahnıların müəlliflik imzalarında Ağabacı Rzayeva və Şəfiqə Axundova adları da çəkilməyə başladı.
Bu hələ harası idi, - tezliklə Şəfiqə xanımın adı Şərqin opera yazan ilk qadın bəstəkarı kimi də səslənəcəkdi! Amma hələ onun biri-birindən gözəl mahnıları, könüllər əzbəri nəğmələri...
O, hələ ilk not təcrübələrilə dinləyicilərin ürəyində zərif qadın sədaları oyadacaq, “Leyla”, “Bəxtiyar ellər” və başqa mahnılarıyla xalqın sənət Leylisinə bənzədiləcək, “nəğməkar el qızı” çağırılacaqdı. “Ev bizim, sirr bizim” operettası, “Aydın”, “Əlvida, Hindistan!”, “Nə üçün yaşayırsan” və digər dramatik səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və s. kimi uşaq tamaşalarına yazdığı musiqilərilə real tamaşaçılar tərəfindən də əyani tanınacaq, simli kvartet üçün pyeslərilə professional musiqi personalından olduğunu göstərəcəkdi. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl, son dərəcə duyğusal, lirik mahnı və romanslarının xalq arasında məşhurluğu haqda geniş danışmağa isə, zənnimcə, ehtiyac yoxdur.
Amma, fikrimcə, Şəfiqə xanımın mahnılarından bir neçəsi haqda, habelə onların məhz hansı sənətkarlar tərəfindən ifa edilməsi barədə ayrıca bəhs etmək, belə demək mümkünsə, vacibatdandır. Onun mahnılarını oxuyanların hamısı bu xalqın lətif-lətafətli Xalq artistləri olub və hələ belələri çox olacaq. Onun nəğmələrini səsi bütün Azərbaycan kimi sədalanan Şövkət xanım Ələkbərova səsləndirib, Rübabə Muradova, Elmira Rəhimova, Flora Kərimova, Gülağa Məmmədov, Anatollu Qəniyev, Gülyaz və Gülyanaq Məmmədova bacıları və başqaları oxumuş və oxumaqdadırlar. O ifaçıları gözlərimiz önündə bir daha canlandırmaq, o mahnıları xəyallarımızda yenidən səsləndirməkçün hər birinin ifasında səslənən neçə-neçə mahnıdan müvafiq sıralama ilə bir-ikisinin adını çəkmək kifayətdir: “Yaşatdın elləri”, “Şəki”, “Nədən oldu”, “Həyat, sən nə şirinsən”, “Ötür illər”, “Sənin nəğmən”, “Bu torpağa borcluyam”, “Mehriban olaq”... Onun musiqi dünyasındakı tək elə mahnılardan ibarət bu “üç yüzdən çox”u sayıb-sadalamaq mümkünmü? Hələ neçə-neçə romans və süitalarını demirəm...
Şəfiqə xanımın öz mahnıları və digər janrlı əsərləri üçün seçdiyi mətnlər də xüsusi diqqətə layiqdir. Bununçün onun vətənpərvər şairimiz B.Vahabzadə yaradıcılığına müraciətlərindən bircəsini xatırlayaq:

Mən gah odam, gah suyam,
Bu torpaqdan yarandım -
Bu torpağa borcluyam.
Xoşbəxtəm ki, vətənim
Azərbaycandır mənim...


Mən bu an, uzun ömrü boyu çox sözlərə nəğmə qoşmuş bu bəstəkarın öz sözlərini də xatırlayıram. Beləliklə, onun özümə və televiziya ekranlarında -

Dediklərindən

- Təvəllüdünüz Leninin vəfatı gününə təsadüf edir...
- Hə. Mən bu dünyaya düşdüyüm anlarda anamın yan-yörəsində çox qohum-əqrəba varmış. Anam bir də onda gözlərini açır ki, yanında bircə qohumumuz qalıb. Səbəbini soruşur, əmizadəmiz deyir, ay Züleyxa, bilirsən, dahi rəhbərimiz ölüb, bunlar da hamı kimi getdi mitinqə. Anam isə çevrilib mənə baxa-baxa deyib: “Can ay bala, nə pis gündə doğuldun...”
- Atanız Sizin musiqi yoluna düşməyinizə razı deyilmiş...
- Hə, atam istəyirdi ki, həkim olum. Çox ciddi adam idi. Evimizdəki pianonu qıfıllı saxlayardı ki, mən çalmayım. Deyirdi, bu sənətdə çörəkpulu yoxdur. Sən elə istedadlısan ki, həkim kimi də məşhur olarsan...
Anam isə mənə çox dəstək oldu. Amma sonralar atam da bu seçimimlə barışdı. Mahnılarımı eşitdikcə çox sevinirdi...
- İlk müəlliminiz Üzeyir bəy olub...
- Həə! Onun kimi adamlar yüz ildən bir doğulurlar! O, dahi bəstəkar, dahi şəxsiyyət, dahi müəllim idi! Yüzlərə, minlərə olduğu kimi, mənə də dəstək olub. Şəxsən evində olmuşam, mənə hərtərəfli yardım edib. Qızıl kimi vaxtından kəsib bizim kimi... (gülümsünür) adi gümüşlərə sərf edirdi. Hətta bir kərə - teatr məşqləri gərginliyindən az qala öz yadımdan da çıxdığı halda, ad günümü təbrik etdi. Hamıya bütöv xalq qədər əziz olan o Kişi haqda xatirələrim çoxdur. 1944-cü ildə Tiflisdə Zaqafqaziya musiqi baharı keçirilirdi. Çox tarixi hadisə idi. Ağabacı Rzayeva ilə mənə dedi, sabah yaxşı-yaxşı geyinib gəlin görüm, Tiflisə necə görkəmdə gedəcəksiniz? Elə də etdik, amma Bəyimizin xoşuna gəlmədi. Dərhal köməkçisi Ramazan Xəlilovu çağırtdırdı, dedi, Ramazan, bunları apar anbara. Elə paltarlar seçin ki, əsl bəstəkar-xanımlar olsunlar...
Bir gün də, ilk işlərimdən olan, Mirvarid Dilbazinin sözlərinə yazdığım “Beşik başında” adlı mahnımı, çəkinə-çəkinə Üzeyir bəyə göstərdim. Yeri behiştlik iki-üç kəlməsilə mənə qol-qanad verdi: “Şəfiqə, səndə yaxşı orijinal keçidlər var. Bu çəkingənliklərinin öhdəsindən gələ bilsən, yaxşı bəstəkar olacaqsan...”
“Həyat çox gözəldir. Bu haqda mənim mahnılarım da var: “Həyat, sən nə şirinsən! Kim səndən doydu getdi? Gedənlər də qəlbini, Dünyada qoydu getdi...”
...Şəfiqə xanımın belə bir mahnısı da var:

Yandı ürək, kabab oldu,
Gül bağçamda xəzan oldu,
Mən ki səndən ayrılmazdım, -
Bu ayrılıq nədən oldu?..


Allah rəhmət eləsin...

Tahir Əhmədalılar








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar