Azərbaycan

23 yanvar 1927 - Xalq artisti, tanınmış rəqqas Böyükağa Mircəfər oğlu Məmmədov anadan olub. Filarmoniyanın Mahnı və Rəqs Ansamblının solisti olub. Milli rəqs sənətimizin inkişafında xidmətlər göstərib, “Arşın mal alan” (1965) filmində rəqslərin quruluşunu (Əminə Dilbazi ilə) verib.
23 yanvar 1945 - SSRİ Xalq Komissarları Soveti Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar qəbul edib. 1925-ci ildə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyəti yaranmış, 1929-cu ildə onun əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdi. 1932-ci ildə institutun bazasında SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi, 1936-cı ildə qurum SSRİ EA-nın Azərbaycan Filialına çevrildi. Filialın bazasında Azərbaycan Elmlər Akademiyası yaradıldı. 1945-ci ilin martında akademiyaya ilk üzvlər seçildi.
23 yanvar 1946 - Əməkdar incəsənət xadimi, bəstəkar Həsənağa Əfrasiyab oğlu Adıgözəlzadə anadan olub.
23 yanvar 1949 - Tanınmış tarzən, Əməkdar artist, professor Həmid Şamil oğlu Vəkilov Bakıda anadan olub.
23 yanvar 1951 - Kamança ifaçısı, sənətşünaslıq doktoru, professor Rafiq Hüseyn oğlu İmrani anadan olub.
23 yanvar 2011 - Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (12.5.1935 - 2011) vəfat edib. Azərbaycan televiziyasının ilk futbol şərhçisi idi.

24 yanvar 1905 - Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. ADU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. «Azərbaycan ədəbiyyatı» və s. kitabların müəllifidir.
24 yanvar 1909 - Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri Əşrəf Həsən oğlu Həsənov (1909 - 9.8.1983) anadan olub.
24 yanvar 1941 - Xalq artisti, məşhur qarmon ifaçısı Aftandil Eynulla oğlu İsrafilov anadan olub.
24 yanvar 1961 - Əməkdar artist Sabir Novruz oğlu Məmmədov Qazax rayonunun Poylu kəndində doğulub. 1989-cu ildən Milli Dram Teatrında çalışır.

25 yanvar 1984 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (4.8.1915, Gəncə - 1984) vəfat edib. “Bəxtiyar”, “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.
25 yanvar 2001 - Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Avropa Şurasına üzvlük mədəniyyətimizin dünyada təbliği üçün də əlavə imkanlar açdı. Azərbaycan təşkilatın mədəniyyətlə bağlı proqramlarında iştirak edir.

26 yanvar 1863 - Maarifçi alim, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib, 1906-cı ildə seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. 1920-ci ilin mayında Gəncədə antisovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.
26 yanvar 1971 - Xalq artisti, müğənni Aygün Kazımova Bakıda doğulub.
26 yanvar 2006 - Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934 - 2006) vəfat edib. Dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini təmsil edib. Bir sıra mahnılar (“Gəl, inad etmə”, “Dağlar başı” və s.) bəstələyib. Muğam Teatrının yaradıcısı və 20 ilə yaxın bədii rəhbəri olub. “Şöhrət” ordeni ilə təltif olunub.

Dünya

23 yanvar 1783 - Fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle - Stendhal, 1783-1842) anadan olub. “Qara və qırmızı”, “Parm sakini” və s. romanların müəllifidir.
23 yanvar 1832 - Fransız rəssamı, impressionizmin banilərindən biri Eduard Mane (Edouard Manet, 1832-1883) anadan olub.
23 yanvar 1903 - Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Aleksandrov (Mormonenko; 1903-1983) anadan olub. Sovet kinosunda ilk musiqili komediyaları (“Şən uşaqlar”, “Volqa-Volqa”) çəkib.
23 yanvar 1989 - Dünya şöhrətli ispan sürrealist rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali i Domenech; 11.5.1904 - 1989) vəfat edib.

24 yanvar 1732 - Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.
24 yanvar 1776 - Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub. Əsərləri: “Şeytan eliksiri”, “Birələr hökmdarı” romanları, “Qızıl qazan” povesti, “Şelkunçik (findıqqıran - red.) və siçanlar kralı” nağılı (P.İ.Çaykovski nağıl əsasında balet yazıb).
24 yanvar 1848 - Rus rəssamı Vasili İvanoviç Surikov (1848-1916) anadan olub. Əsərləri: “Strelets edamının səhəri”, “Suvorovun Alp dağlarını aşması”, “Stepan Razin” və s.
24 yanvar 1901 - SSRİ Xalq artisti, görkəmli kinorejissor Mixail Romm (1901-1971) anadan olub. “Lenin Oktyabrda” bədii, “Adi faşizm” sənədli filmlərinin müəllifidir.

25 yanvar 1759 - Məşhur şotland şairi Robert Berns (Robert Burns; 1759-21.7.1796) anadan olub. Bernsin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram günü kimi qeyd olunur.
25 yanvar 1832 - Rus rəssamı, peyzaj ustası İvan Şişkin (1832-1898) anadan olub. Məşhur əsərləri: “Ağcaqayın meşəsində səhər”, “Çovdar tarlası” və s.
25 yanvar 1874 - İngilis yazıçısı Uilyam Somerset Moem (William Somerset Maugham, 1874-1965) anadan olub. “Ehtiraslar yükü”, “Ay və quruş” romanlarının, “Teatr”, “Ülgücün tiyəsi” povestlərinin müəllifidir.
25 yanvar 1882 - İngilis yazıçısı Virciniya Vulf (Virginia Woolf, 1882-1941) anadan olub. Romanları: “Missis Delloey”, “Mayaka doğru”, “Orlando” və s.
25 yanvar 1938 - Məşhur rus şairi və müəllif mahnılarının ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938 - 25.7.1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Kiçik tragediyalar”, “İntervensiya”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib.

26 yanvar 1921 - SSRİ Xalq artisti, kinorejissor Yuri Ozerov (1921-2001) anadan olub. Böyük Vətən müharibəsinə həsr olunmuş kinoepopeyaların (“Azadlıq”, “Moskva uğrunda döyüşlər”, “Stalinqrad”) müəllifidir.
26 yanvar 1925 - Amerika aktyoru, rejissor Pol Nyuman (Paul Leonard Newman: 1925-2008) anadan olub. Filmləri: “Fırıldaqçı”, “Soyuqqanlı Lük”, “Pulların rəngi” (“Oskar” mükafatı, 1986) və s.

Hazırladı: Vüqar Orxan