Böyük sənətin “Qatarda” kimi neçə-neçə gözəl nümunəsində əbədi qalan Hamlet Xanızadə

Mən bu insan haqda düşünəndə hər dəfə öncə kövrəlir və hər dəfə də elə aktyorun öz təsirilə - zəhmli, “qəddar” obrazlarının (xüsusən, Topal Teymur!) xəyali təlqini ilə özümü yığışdırıram. Ardınca da “Hamlet Xanızadə böyük aktlar aktyoru idi”, “özgələri özündən çox yaşatmış müqtədir aktyor...” kimi fikirlərə qərq olub, keçirəm bu gidi dünyanın digər gərdişlərinə...

Hə, o, “özgələr”ə özündən yaxşı baxdı, onları özündən qat-qat uzunömürlü etdi, bəzilərinəsə əbədi həyat verdi. O obrazları, belə demək mümkünsə, onların “hər nazıyla” oynaya-oynaya oynadı. Nəticə: başqalarına həmişəyaşar mənəvi olum saçımı, özünə cismani ölüm cəzbi ilə məşğulluq...
Hamlet Xanızadə bu cəzb-cazibə zərbələrinə qırx səkkizcə il tab gətirə bildi. Gəncliyində bir sıra filmlərdə yaratdığı obrazlar indi onunla həmyaşdırlar. Hələ qırx ildir kino-teleekranlarda baxıb-vurulmaqdan doymadığımız Gizir, Topal Teymur, Talıbov obrazlarını demirəm. Hələ bu obrazların özlərinə də “filmin sonu” kimi yox, qısa Hamlet Xanızadə ömrünün istedad və qabiliyyət “avans”ı kimi baxılmalıdır. Bu qənaətin davamı olaraq, o dövrün sənət yönləndiricilərinə belə bir xitabda da bulunmalıyıq ki; “sizlər onun yaradıcılıq potensialının heç yarıbayarısının da reallaşmasına nail ola bilmədiniz”...
Amma nə deyirik deyək, nə yazırıq yazaq - artıq gecdir, qatar gedib...

Bəs “Qatarda”?..

Bəli, onun ömür qatarı getsə də, sənət “Qatarda”sı qalıb. Həmin teletamaşada böyük həyat tamaşası yaradanlardan biridir Hamlet Xanızadə. Burada yaratdığı “KamAz” sürücüsü personaj-rolu ilə o, bəzi məqamlarda, yol getdikləri qatarın, oynadıqları süjetin “rul”unu belə idarə edirmiş kimi təsir bağışlayır. Buradakı Dadaşova - deməli, dadaşovçuluğa bu qədər bədii, bu qədər həyati, bu qədər xəlqi nifrət bəsləyib, öz dil və sir-sifət nitqi ilə ikrah yaratmaq, maddəsiz-hökmsüz cəzalandırıb islah etmək - nə hər hansı bir qoluzorlunun, nə də handa bir hüquq-mühafizə “yurist”inin işidir.
Bax beləcə - özünü “ona-buna” xərcləyə-xərcləyə, “yad”lar yerinə duyğulana-duyğulana, müxtəlif janrlı əsərlərə, növbənöv obrazlara can verə-verə, nəhayət, “20 Yanvar” adlı milli faciə “tamaşa”mıza sıradanbir siyasi-ictimai seyrçi olmağı bacarmadığına görə, qırx səkkiz yaşında canını tapşırdı. Məşhur Moşunun “xoşbaxtlıq” qafiyəli, “quş qanadlı illər”, “bahar ömrü” motivli yazı-pozulardakı qəhrəmanlardan fərqli olaraq, ömrün anti-baharında - qırx doqquzuncu qışında getdi...

Bioloji olumu

1941-ci il iyunun 5-də Bakının Şağan kəndində doğulub. Onu dünyanın baş dramaturqunun baş obrazı ilə adlandırsalar da, aktyor olmasını istəməyiblər. Lakin olmazın əziyyətlər çəkə-çəkə, qonşu uşaqlarla min cür “teatro”lar çıxara-çıxara, 18 yaşında Teatr İnstitutuna, 20 yaşında isə Akademik Dram Teatrına gedib çıxıb.
Yenicə düşdüyü teatr ailəsində isə ona “canlı Hamlet” kimi baxanlar da olub - hərəkətlərindəki dirilik-dinamikliyə, nitqindəki əsər-kəsərə, səsindəki cingiltilərə, baxışlarındakı dramatizmə görə. Deyirlər, bu kompleks aktyor-adam öz şəxsində sənət-səhnəçilərə sabahın suflyorsuz-yanlışsız bir monoloq-dialoq ustası, kinematoqrafçılara “dubl”a-qayçıya ehtiyac duyulmayan bir kadr vəd edirmiş. Hələ ali məktəbin aşağı kurslarında ikən adı sənət məbədinin yuxarı pillələrində hallanan Hamlet isə özünü yenə “Tədris teatrı”nın müdavimi hesab edib, böyük tərəf-müqabillərinin (H.Qurbanova, A.Gəraybəyli, İ.Osmanlı, Ə.Ağayev və b.) hər birindən bir universitet qədər təlim mənimsəyə-mənimsəyə püxtələşib.
Deyirlər, onun ilk təltifatı teatr və kino ictimaiyyətinin rəylərindən ibarət olub: “Ən az vaxtalan” (səhnə məşqlərində) və “ən az lentkorlayan” (kinoçəkilişlərdə).

Sənət olumu

O, yaşadığı qırx səkkiz ilin iyirmi səkkizini bu OLUMa həsr edib. Bu illərdə yaratdıqları isə bir yazılıq yox, bütöv bir kitablıqdır. Özü də tək elə qalın kitablıq yox a, qalan kitablıq. Səhnə obrazlarının sayı-hesabı yox, filmoqrafiya faktları-fakturaları yüzə yaxın. Onun, bəzən “gəldi-gedər” iş kimi qiymətləndirilən “adi” televiziya tamaşalarında yaratdığı surətlər “köklü-köməcli” hesab edilən kinofilmlərdəki obrazlarından qətiyyən geri qalmır. Yazının əvvəlində birindən (“Qatarda”) ötəri söhbət açdıq, ikinci və üçüncüsü barədə isə bir qədər ətraflı.
“Topal Teymur”. O, ekranda necə zühur edir!? İnanmıram, kimsə bu nida-suala onun tamaşaçıya verdiyi emosional-rasional mənzərəyə adekvat cavab verə bilsin. Nə qədər dərinə getsən də, onun gözlərinin içindəki dərinliklərə baş vurmaq müşkül. Ətrafındakı teatral quramalar, əlbəsələr, başqa tanış aktyor sifətləri, ən müasir musiqi alətlərinin çıxardığı ultral sədalar nə qədər şərtilik saçsa da, Hamlet Xanızadənin yaratdığı real qədimliyin yanında çox zəif. Onun sənət “iç”indən orta əsrlərin psixologiyası, şahlıq ehtirasları, rəyasət taktikaları, tiran strategiyaları püskürür. Bu “lava”nın axarında “düz” yol tutub getməkdə olan tamaşaçı hərdən “büdrəməli” olur. Çünki bu əzəmətli sənətkar o həşəmətli Teymurun çox padşahları düzdə qoyan qüsur ayamasını - topallığını təqlid edir. “Təqlid”?! Yox! İnanmıram, Teymurləng özü bu sayaq yerimiş, bu gözəllikdə, bu vahimə-həngaməlikdə ləngər vurmuş olaydı. Onun hər cümləyə dair yaşadığı surəti-hallar, suallarında belə hiss etdirdiyi nidalar, ədalarındakı vurğular, qəzəbli qəhqəhələrindən qalxan qılınc-qalxanlar isə bayaq vurğuladığım kitablıqdır.
“Arxadan vurulan zərbə” (İmaş), “Axırıncı aşırım” (Talıbov), “Qətl günü” (Sədi Əfəndi) və digər filmlərin, habelə yüzlərlə teatr tamaşasının az qala hər birində ayrıca, seçkin, yeni ampluada çıxış etmiş Xanızadə “Yeddi oğul istərəm”dəki Gizir obrazı ilə, məncə, bir sənət generallığına nail olmuşdur. Həmin filmdə kulminasiya nöqtələrindən biri: “Qan çanağı”nda gərgin halda var-gəl edən Gəray bəy: “Belə-belə işlər, Gizir!” - deyə, “vuran əli”, “tədbirli başı” hesab etdiyi silahdaşına müraciət edir. Ortada yeddi patron var. Obyekt fokusdan çıxarılır və əvvəlki hala qayıtdıqda müsahiblərin patrondan da qorxulu gözləri də görünür. Və Hamlet-Gizirin bəy-xan qanına susamış səsi: “Məndən olsa... - baş barmağıyla patronlardan birini vurub aşırır, - elə birinci Şəkər bəyin oğlunu aradan götürərdik, bəy!”.
Sonra nə? Çox şey, çox halət və əlamət. Amma onun son işi - ölüm aktı ayrıca bir görəcək, film tamında filmin şamı təsiri bağışlayan aləm! Ölüm səhnəsini deyirəm. Başqalarının həyatına “uf” demədən qıyan bu adam, güllə dəycək, tək qolu ilə böyründəki ağaca necə sarmaşmaq istəyir! Bu alınmadıqda, əliylə gövdə aşağı - ağacdan həyat diləyə-diləyə torpağa sərilir. O bu təkrarsız, sənətkaranə halətlə “həyat”da ölür, sənətdə isə əbədən dirilir...
Onun heç bir rolda çətinlik çəkmədiyini söyləyənlər də var. Xüsusən, Sədi Əfəndi obrazından söz düşəndə belə deyirlər. Lakin bunu da əlavə edirlər ki, niyə də əziyyət çəkməliymiş, - axı o, bu rollara qədər həyatda çox Sədi Əfəndilər görüb-müşahidə etmiş, məşqlərdə isə az əziyyətlər çəkməmişdi.
Bu böyük sənətkar bütün sənət rollarını bütöv oynadı, “ömür rolu”nu isə yarımçıq...
Allah rəhmət eləsin...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar