Ömrünü xalqının maarif və mədəniyyətinin inkişafına həsr edənlər gələcək nəsillər üçün sönməz işıq yandıranlardır. Onların ziyası bütöv bir ulusun yolunu işıqlandırır. Görkəmli maarif xadimi, tərcüməçi, publisist Muxtar Əfəndizadə də çətin və əzablarla dolu ömründə bu yolda yorulmadan çalışıb.

Muxtar İsmayıl oğlu Əfəndizadə 1880-ci ilin yanvar ayında Ağdaş rayonunun Şəmsabad kəndində ziyalı ailəsində dünyaya göz açıb. Altı yaşında atasını itirib. Anası onun təlim-tərbiyəsi ilə məşğul olub. İlk təhsilini mədrəsədə alıb.
M.Əfəndizadə 1904-1905-ci illərdə Qubada yeni üsullu məktəbi açır. Bir il sonra Ağdaşa qayıdır, məktəb açır, qiraətxana təşkil edir. O, xatirələrində bu barədə yazır: “Qiraətxana açmaq haqqında fikrimi Azərbaycan cəmiyyət iclaslarının birində üzvlərə danışdım. Fikrim çox razılıqla qarşılandı və açılmasına qərar verildi. Bir müddət sonra ərəbcə Misirdən, farsca İrandan, türkcə İstanbuldan, Krımdan, Bolqarıstandan, tatarca Orenburqdan, Kazandan və rusca Rusiyadan onlarca qəzet və məcmuələr aldıq. Bu da qiraətxananın zənginləşməsini təmin etdi”.
M.Əfəndizadə 1908-1909-cu illərdə yoxsul ailələrin uşaqları üçün bir neçə bölgədə kimsəsiz uşaqlar evi açmağa nail olur. Bu xeyirxah işə bir neçə imkanlı şəxs də qoşulur. Xeyriyyəçilik haqqında Hacı Zeynalabdin Tağıyev də xəbər tutur. M.Əfəndizadəyə xeyir-dua verir, məktəblərə 100 qızıl pul göndərir.
Araşdırmalardan bəlli olur ki, M.Əfəndizadənin “Darül-irfan” beşillik oğlan məktəbində dünyəvi elmlər tədris olunub. Dərslərin Azərbaycan dilində aparıldığı təhsil ocağında dövrünün görkəmli maarifçiləri Şərif Əfəndiyev, Qori Müəllimlər Seminariyasının məzunu Səməd Muradov, Məhəmməd bəy Əfəndiyev və Əhməd Əfəndi dərs deyib.
M.Əfəndizadə Ağdaşa tərcüməçi vəzifəsində işləməyə gələn tanınmış bəstəkar Zülfüqar Hacıbəyovla görüşür. Onlar burada teatrın əsasını qoyurlar. Teatrda Rəşid bəy Əfəndiyevin “Qan ocağı” (1908) əsəri tamaşaya qoyulur. Ömrünün çoxunu Ağdaşda yaşamış aktrisa Almaxanım və görkəmli yazıçı Maqsud Şeyxzadənin anası Fatma Şeyxzadə yaradıcılıq qəhrəmanlığı göstərərək ilk dəfə səhnəyə çıxırlar. O daha sonra şəxsi təşəbbüsü ilə 1909-cu ildə “Səadət” qız məktəbinin açılmasına müvəffəq olur. Təhsil ocağına “Bakı qızlar məktəbi”ni bitirmiş Hədiyyə Məmmədova müdir təyin edilir. Quran, qiraət, hesab, hesabi-zehni və s. fənlərin tədris olunduğu məktəb 1920-ci ilə qədər fəaliyyət göstərir.
M.Əfəndizadənin maarifçilik sahəsindəki mühüm xidmətləri xalq arasında böyük rəğbət oyadır. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv seçilir. Parlamentdə “Əhrar” (“Azadlıq”) partiyasının üzvü kimi fəaliyyət göstərir. Bolşeviklərin işğalından sonra siyasətdən uzaqlaşır. Parlamentdəki fəaliyyəti onu çətinliklərlə üz-üzə qoyur. Bir neçə il həbs və sürgün həyatı yaşayır.
1930-cu ildə maarif nazirinin təklifi ilə Gürcüstana göndərilir. İki ilə qədər Tiflisin ali tədris müəssisələrində dil və ədəbiyyatdan dərs deyir. Eyni zamanda Tiflisdə nəşr olunan “Yeni kənd” qəzetinin redaktoru olur və “Dan ulduzu” məcmuəsi ilə əməkdaşlıq edir. Səhhətində yaranan problemlə bağlı Bakıya qayıdır. Maarif nazirinin əmri ilə Baş Mətbuat Müdirliyində və Tarix İnstitutunda tərcüməçiliklə məşğul olur. Burada bir çox tanınmış ziyalıların əsərlərini tərcümə edir.
1944-cü ildə Azərbaycan Dövlət Universitetinə dəvət olunur, Şərq dilləri fakültəsində dərs deyir, üç il sonra professor İbadulla Qarayevin tapşırığı ilə “Miftahül-lisan ül ərəb” (“Ərəb dilinin açarı”) adlı dərslik yazır. Ali məktəblər üçün nəzərdə tutulan dərsliyi yüksək qiymətləndirən dünya şöhrətli ərəb dili mütəxəssisi, akademik İ.Kraçkovski müəllifi ərəb və fars dillərinin mükəmməl bilicisi adlandırır.
M.Əfəndizadə 1939-1944-cü illərdə məşhur şərqşünas, tərcüməçi İsgəndər Münşinin “Tarixi-aləm-arayi-Abbasi”, İbn əl-Əsrin “Əl-kamil it-tarix”, Sədi Şirazinin “Gülüstan” əsərlərini Azərbaycan dilinə çevirir. Böyük vətənpərvər, yorulmaz maarifçi 19 oktyabr 1975-ci ildə vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar