Azərbaycan

27 yanvar 1806 - Tanınmış ədib, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Fransız dilində yazdığı "Rəşid bəy və Səadət xanım" povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyası ordusunda qulluq edib, general rütbəsinədək yüksəlib.
27 yanvar 1906 - Görkəmli tarixçi Sara Aşurbəyli (1906 - 17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
27 yanvar 1912 - Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912 - 7.9.1990) anadan olub.
27 yanvar 1939 - Ustad saz ifaçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Məmmədəli oğlu Nəsibov (Aşıq Ədalət) Qazax rayonunda anadan olub.

28 yanvar 1848 - Şair, ədəbiyyatşünas, tarixçi, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradaği (1848 - 2.12.1929) Şuşada doğulub. Rus şairi İvan Krılovun təmsillərinin dilimizə ilk tərcüməçisi olub. Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə azərbaycanlı şagirdlər üçün “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
28 yanvar 1923 - Yazıçılar Birliyinin (1934-cü ildən) orqanı olan “Azərbaycan” jurnalının ilk sayı çapdan çıxıb. Nəşrin ilk redaktoru Tağı Şahbazi Simurq olub. Jurnal 1923-1927-ci illərdə "Maarif və mədəniyyət” adı ilə nəşr edilib. Sonrakı illərdə "İnqilab və mədəniyyət", "Revolyusiya və kultura" və s. adlarla çıxıb. 1953-cü ildən “Azərbaycan” adlanır.
28 yanvar 1938 - Kinooperator Zaur Məhərrəmov Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Gözlə məni” və s. filmlərin operatorudur.
28 yanvar 1925 - Şair, dramaturq Adil Qafar oğlu Babayev (1925 - 19.8.1977) anadan olub.
28 yanvar 1944 - Xalq artisti Məzahir Həbulla oğlu Süleymanov Zərdab rayonunda anadan olub. “Mənim ağ şəhərim”, “Yük”, “Cavid ömrü” filmlərində çəkilib.
28 yanvar 1985 - SSRİ Xalq artisti, rejissor, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918, Şuşa - 1985) vəfat edib. Milli Dram Teatrında rejissor işləyib. Quruluş verdiyi tamaşalar teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya) çəkilib.
28 yanvar 1980 - Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929 - 1980) vəfat edib.

29 yanvar 1926 - Sirk ustası, jonqlyor, illüzionist, Xalq artisti Xosrov Abdulla oğlu Abdullayev (29.1.1926 - 31.3.1980) Şamaxıda anadan olub. “Uşaqlığın son gecəsi”, “O qızı tapın”, “Sirk meydançası” və s. filmlərdə çəkilib.
29 yanvar 1927 - Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927 - 20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, bu tədris ocağına rəhbərlik edib.
29 yanvar 1950 - Yazıçı-publisist, dramaturq Xeyrəddin Qoca anadan olub. “Hərənin öz payı...”, “Düzü-düz, əyrini-əyri”, “Toy olacaq...” və s. pyeslərin müəllifidir.

30 yanvar 1920 - Kinooperator Teyyub Axundov (1920 - 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.
30 yanvar 1936 - Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 - 4.11.1990) anadan olub. “Vaqif”, “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyalarının müəllifidir.
30 yanvar 1992 - Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (1995-ci ildən ATƏT adlanır) üzv qəbul olunub.
30 yanvar 2006 - Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında” fərmanında əsasən Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilərək Mədəniyyət və Turizm Nazirliyi, habelə Gənclər və İdman Nazirliyi yaradılıb.

31 yanvar 1879 - Satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879 - 3.1.1927) Bakının Əmircan kəndində doğulub. "Molla Nəsrəddin", "Şeypur" və s. jurnallarda şeirləri dərc edilib. “Səfa” cəmiyyətinin yaradıcısı olub, cəmiyyətin nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.
31 yanvar 1884 - Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884 - 6.3.1955, Ankara) Bakının Novxanı kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisidir, Cümhuriyyətin süqutundan sonra mühacirətə gedib. Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. Bakıda "Açıq söz" qəzetini, mühacirətdə "Azəri türkü", "Odlu yurd", "Qurtuluş" jurnalları, "Bildiriş”, "İstiqlal" qəzetlərini nəşr etdirib. “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və s. əsərlərin müəllifidir.
31 yanvar 1915 - Xalq artisti Vera Karlovna Şirye (1915-2003) anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
31 yanvar 1924 - Əməkdar incəsənət xadimi, şair Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924 - 26.2.1996) Bakıda anadan olub.
31 yanvar 1963 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov, 26.3.1910 - 1963) vəfat edib. Teatr tamaşalarında (“Vaqif”, “Otello” və s.), kinoda (“Fətəli xan”, “Qara daşlar”, “Uzaq sahillərdə”, “Böyük dayaq”) unudulmaz obrazlar yaradıb.

1 fevral 1935 - Yazıçı-publisist Nazim Sadiq oğlu İbrahimov Bakıda anadan olub. Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir. “Dərs” filmində çəkilib.
1 fevral 2004 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927 - 2004) vəfat edib. Onlarla televiziya tamaşasına quruluş verib. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.

2 fevral 1891 - İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 - 22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.
2 fevral 1912 - Xalq artisti, rejissor Məhərrəm Kazım oğlu Haşımov (1912 - 2.5.1969) anadan olub. Gənc Tamaşaçılar Teatrında, Dövlət Rus Dram Teatrında baş rejissor işləyib.
2 fevral 1932 - Dilçi alim, professor, AMEA-nın həqiqi üzvü Ağamusa Ağası oğlu Axundov (1932 - 5.9.2015) Kürdəmirdə doğulub. AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik katibi işləyib. “Şöhrət” ordeni ilə təltif edilib.
2 fevral 1936 - Əməkdar mədəniyyət işçisi, bəstəkar Rəşid Rza oğlu Məmmədov anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşalara musiqi yazıb.
2 fevral 1951 - Əməkdar mədəniyyət işçisi, kino xadimi Yusif Mənsur oğlu Şeyxov Bakıda anadan olub. "Arxada qalmış gələcək" bədii, bir neçə sənədli filmin, "Mozalan" kinojurnalı üçün süjetlərin ssenari müəllifidir. “Sehrli xalat” filmində çəkilib.
2 fevral 1996 - Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda Prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

3 fevral 1900 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Mövləvi (20.2.1900 - 1962) vəfat edib.
3 fevral 1990 - Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 - 1990) vəfat edib. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə çəkilib. Televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Dünya

27 yanvar 1756 - Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart, 1756-5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yaşından musiqi bəstələməyə başlayıb. Alman dilində ilk operanın (“Hərəmxanadan qaçırılma”), müxtəlif alətlərlə orkestr üçün 40-a yaxın əsərin müəllifidir.
27 yanvar 1775 - Alman filosofu Fridrix Vilhelm Şellinq (Friedrich Wilhelm Joseph von Schelling, 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.
27 yanvar 1826 - Rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin (1826-1889) anadan olub. Əsərləri: “Quberniya oçerkləri”, “Bir şəhərin tarixi”, “Nəcib nitqlər” “Həyatın təfərrüatı” və s.
27 yanvar 1832 - İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll - əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Alisa möcüzələr ölkəsində”, “Alisa əyri güzgülər ölkəsində”) müəllifidir.

28 yanvar 1897 - Rus-sovet yazıçısı Valentin Petroviç Katayev (1897-1986) anadan olub. “Vaxtdır, irəli”, “Tənha yelkən ağarır”, “Alay oğlu” əsərləri əsasında eyniadlı filmlər çəkilib.
28 yanvar 1912 - Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock, (1912-1956) anadan olub.

29 yanvar 1860 - Görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 - 1904) Taqanroq şəhərində (Rostov vilayəti) doğulub. Əsərləri: “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, ” Üç bacı” (pyes), “Çöl”, “6 nömrəli palata”, “Mujiklər” (povest), “Buqələmun”, “Unter Prişibeyev”, “Qılaflı adam” (hekayə) və s.
29 yanvar 1866 - Fransız yazıçısı, musiqişünas, ədəbiyyat üzrə Nobel mükafatı (1915) laureatı Romen Rollan (Romain Rolland; 1866 - 30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton” pyesləri və s.

30 yanvar 1923 - Məşhur kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923 - 19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Sportloto-82” və s.) müəlliflidir.
30 yanvar 1928 - Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown, 1928-2006) anadan olub.

31 yanvar 1797 - Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert, 1797-1828) anadan olub. Musiqidə romantizmin banilərindən biridir. “Alfonso və Estrella” operası, 9 simfoniya, çoxsaylı mahnı və romansların müəllifidir.
31 yanvar 1921 - Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza - əsl adı Alfredo Arnoldo Cocozza; 1921-1959) anadan olub.
31 yanvar 1924 - Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Yalvarış”, “Arzu ağacı”, “Tövbə” və s.
31 yanvar 1935 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1994) Kendzaburo Oe anadan olub. Əsərləri: “Şəxsi təcrübə”, “Müasirlərin oyunu”, “Həyatın qohumları”, “İkiyüzyaşlı uşaq” və s.

1 fevral 1895 - Amerika kinorejissoru Con Ford (John Ford - John Martin Feeney; 1895-1973) anadan olub. Rejissorlar arasında ən çox (4 dəfə) “Oskar” mükafatına layiq görülüb.
1 fevral 1999 - Məşhur türk musiqiçisi, bəstəkar Barış Manço (2.1.1943 - 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. 200-dən çox mahnı yazıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.

2 fevral 1873 - Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.
2 fevral 1882 - Məşhur irland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.

3 fevral 1809 - Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809 - 4.11.1847) anadan olub. “Toy” marşının müəllifidir.

Hazırladı: Vüqar Orxan