Hər bir görkəmli şəxsiyyəti özündən sonra xatırladacaq izi olur. XIX əsrdə yaşayıb-yaradan kitabşünas və xəttat Əbdülqəni Nuxəvi də gələcək nəsillər üçün böyük mənəvi miras yadigar qoyub.
Əbdülqəni Məhəmməd oğlu Nuxəvi (Əfəndi) 1817-ci ildə Şəki şəhərində dünyaya göz açıb. Molla yanında və mədrəsədə təhsil alır, türk, ərəb və fars dillərini öyrənir. Bu dillərdə olan ədəbi nümunələrin tədqiqatı ilə məşğul olur. Xalqın maariflənməsi yolunda böyük səy göstərən Ə.Nuxəvi minlərlə əlyazma və qədim çap kitablarını əhatə edən zəngin kitabxana yaradır.
Hazırda Ə.Nuxəvinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda iki mindən çox əlyazması saxlanılır. “Müxtəsər əl-Qüduri”nin burada mühafizə olunan 28 əlyazma nüsxəsinin üçünün azərbaycanlı katiblər tərəfindən üzünün köçürüldüyü müəyyən edilib. Onlardan biri Ə.Nuxəvi olub. Araşdırmalarda göstərilir ki, o, ərəb dilini mükəmməl bildiyi üçün bu dildə yazılan məntiq, fəlsəfə, dil, ədəbiyyat nəzəriyyəsi və başqa elm sahələrinə aid əsərlərdən səmərəli surətdə istifadə edib.
Onun hazırladığı “Müxtəsər əl-Qüduri” əlyazmasının üzərindəki müxtəlif qeydlərin tədqiqi maraq doğurur. Əlyazma tam oxunaqlı və keyfiyyətli vəziyyətdə dövrümüzə qədər gəlib çatıb. Nəstəliq elementli nəsx xətti ilə köçürülüb. Bəzi qeydlər qırmızı mürəkkəblə yazılıb. Şərti işarələrin yazılışında qara və qırmızı rəngli mürəkkəbdən istifadə olunub. Bütün bunlar əsərin iki və daha artıq nüsxədən müqayisə edilərək köçürüldüyünü göstərir.
Əlyazmalar İnstitutu tərəfindən Ə.Nuxəvinin “Qazıxana dəftəri” kitabı nəşr olunub. Kitabda göstərilir ki, o, “dəftər”i 1866-1879-cu illərdə Şəkinin baş qazısı olarkən tərtib edib. Kitabda həmin dövrdə nikah müqaviləsi bağlayanlar və vəfat edənlər qeydə alınıb. Bu “dəftər” respublikanın şimal-qərb bölgəsinin keçmişi, insanların mədəni səviyyəsi və dünyagörüşü, ailə hüquqlarının öyrənilməsi baxımından dəyərli qaynaqlardan hesab edilir.
O, 40 illik elmi axtarışları nəticəsində Şərqin məşhur elm və mədəniyyət xadimlərinin əlyazmalarını, əsərlərini toplayaraq üzünü köçürüb. Bəzilərini müxtəlif mətnlər əsasında şərh edib. Mütəxəssislər Azərbaycan kitab mədəniyyətinin əlyazma şəklində inkişaf etməsində Ə.Nuxəvinin xidmətlərini yüksək qiymətləndirirlər.
Ə.Nuxəvinin farsca-Azərbaycanca danışıq kitabçası, orta məktəb şagirdləri üçün nəzərdə tutulan “Ruznamə” adlı əsəri var. Günümüzə gəlib çatmış dəyərli bir əlyazması isə Ummu İsa adlı şairin XIV əsrə aid “Mehri və Vəfa” məsnəvisidir. Bu əsər də tədqiq olunaraq nəşr edilib.
Bəzi mənbələrdə qeyd edilir ki, tanınmış fransalı yazıçı Aleksandr Düma (ata) 1858-1859-cu illərdə Qafqaza səyahəti zamanı Şəki şəhərinə gəlir. Şəhərin tanınmış ziyalılarından Ə.Nuxəvi ilə də görüşür. A.Düma onun dillər əzbəri olan kitabxanası ilə tanış olur, burada toplanan kitabların zənginliyinə heyran qalır. O, qonağa X.Şirvani, N.Gəncəvi, Ş.M.Şəbüstəri, Ş.İ.Xətai, N.Tusi, A.Bakıxanov, Ə.Nəvai, Ə.Firdovsi, C.Rumi, Ş.Təbrizi, İbn Sina və digər görkəmli şair, yazıçı və mütəfəkkirlərin kitabxanada olan əlyazma əsərləri haqda məlumat verir. A.Düma bəzi kitabları ondan satın almaq istədiyini bildirir.
Əlyazmalar İnstitutu Ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Kamandar Şərifli araşdırmasında yazır ki, “Dədə Qorqud” dastanı da o kitabların arasında olur. O, fransız yazıçının xahişini qəbul etmir. Qonaq kitabları pulla ala bilməyəcəyini başa düşür və Şəki tacirlərinə müraciət edir. Tacirlər öz adlarından ona təsdiqlənmiş rəsmi sənəd verərək kitabların qaytarılması məsuliyyətini öz üzərlərinə götürürlər. Bundan sonra o, “Kitabi-Dədə Qorqud” əlyazmasından başqa A.Dümaya istədiyi kitabları verir. Düma vədinə əməl etmir, apardığı kitabların heç birini geri qaytarmır...
Azərbaycanın orta əsr əlyazmalarının qorunub gələcək nəsillərə çatdırılması yolunda fədakarlıqla çalışan Əbdülqəni Nuxəvi 1879-cu ildə dünyasını dəyişib.
Araşdırmalardan məlumdur ki, onun topladığı əlyazmaların hamısı günümüzə gəlib çatmayıb. Belə ki, 1920-ci ildə Azərbaycan rus-bolşevik işğalına məruz qaldığı zaman görkəmli kitabşünas-xəttatın illərlə əldə etdiyi dəyərli kitabların bir qismi yandırılıb. Kitabların bir çoxu da sakinlər tərəfindən gizlədilərək sonralar üzə çıxarılıb.
Savalan Fərəcov