Ayrıca bir “bədii bəşər” yaradıcısı - Fyodor Dostoyevski...

Öz fövqəlistedadı, obrazlı təfəkkürü, füsunkar laübalılığı, cəzbedici müəmmalılığı ilə özündən sonrakı bütün dahiləri heyrətə gətirmiş və gətirəsi düha!
Sonralar heyrətamiz ədəbi məhsulları ilə bütün dünyanı özünə mənəvi borclu salacağı halda, bütün ömrünü maddi borclar, “orijinal məşəqqətlər”, qeyri-adekvat sevgi və müsibətlər yaşamış bəşəri Bəndə...

Mən bu azman ədəbi Psixoloq haqda düşünüb-daşınarkən, onun bədii qarabasdısı qarşısında tab gətirməkçün, həmişə sözümün əvvəlində və ya axırında belə bir ifadə də işlətməli oluram: lənət şeytana!..
Dostoyevskiyə mükəmməl bələd olanlar bu ifadənin məndə həyəcandan doğulduğunu tutmamış olmazlar. Gümanımca, Dostoyevski aləminin müasir “dəli”ləri onun yaratdığı psixo-situasiyalardan tibbi-bioloji dəliolma dərəcəsinə çatanlardan da xəbərdardırlar. Belədirsə, oxucuda bu qədər hiss-həyəcan, melanxolik qorxu, anatomik vahimə, nəticə etibarilə fantastik feyz, “seysmik” həzz yaradan Dostoyevski surətlərinin - həyati prototiplərindən daha sirli, daha real, canlı, cazibədar obrazların yaranmasında, lənətlənməsi Allahdan buyurulub-başlanmış bu abstrakt obrazın - şeytanın da rolu olmayıbmı? Əks təqdirdə - yəni, məsələ yalnız Allah-bəndəliyə qalmış olsaydı, bu Qələm-peyk ümumbəşəri fantaziya orbitindən bu qədər qırağa çıxa, ədəbiyyat-sənət dəryasının bir belə dərinliyinə enə, təxəyyül səmasının bir bunca yüksəkliyinə qalxa bilərdimi?..

Gəlişmə...

Heyf ki, Tarix olasıları, “ola bilər”ləri yox, yalnız olmuşları yaza bilir. Yaxşı ki, bu gələcək dahinin uşaqlıq, ilk gənclik illərinə göz yumub, qulaq verməmiş həmin “yazar” balaca Fyodorun on iki yaşındaykən tay-tuşlarından birinə dediyi və iyirmi ikinci ad günündə böyük qardaşına yazdığı sözləri qeydə alıb: “Yox, mən səndən qorxub-çəkindiyimə görə deyil, savaşmaq kimi kişi işini urvatdan salmamaq üçün, təklikdə mənə bulka, böyük qardaşlarının yanında isə yumruq uzadan bir cahil qarşısında olduğuma görə susuram!” və “Əsgərliyə - kartofa etdiyim qədər nifrət edirəm!”
Bu ədibin təxəyyül sferası o dərəcədə geniş, üslub-təhkiyə atmosferi o qədər oksigenli, sosio-psixoloji təbəqələri o səviyyədə zəngindir ki, onu ayrıca bir canlı planet də adlandırmaq olar. Bu Qələm bunca dinamik-dramatik, bu obrazlar o şkalada canlıdır ki, adam hərdən - bu azman sənətkarın məşhur şünaslarının, tənqidçilərin böyük fikirlərinə qüvvət olaraq, “onlardan qan analizi götürmək olar” qənaətinə də gəlir. Və elə bir nisyə tibbi əməliyyatdan sonra belə bir nəqd nisbi nəticəyə də gəlmək olar ki, onların ən qeyri-adilərilə müəllifin qan qrupu eynidir...
Ərəfə əsrlərədək daha çox “mujik”liyilə fərqlənən Rusiyanı bütün dünyaya böyük ədəbi Rusiya kimi tanıtdırası Fyodoru dühalığa aparan -

Dahiyanə məşəqqətlər

Dünyanın dəyişilməz gərdiş-vərdişi ərz edir ki, bütün ərzi-hallar, böyük yazıçılıq, şair-şüəralıqlar da “alın yazısı”ndan başlanıb. Pozu olmayan yazılardan!..
Yəqin, Dünyanın özünün də alın yazısı olmamış deyil. Və çox güman - bunları yazan qüdrət sahibi öz müqəddəs səmavi kitabları ilə bahəm, zaman-zaman böyük sənətkarlar da yaradır ki, onlar da öz yerkürəvi kitablarıyla bu çox dərin mətləb-mənaları bala-bala şərhi-bəyan etsinlər...
Tanrı belələrindən birini - Fyodor Mixayloviç Dostoyevskini 1821-ci il noyabrın 11-də Moskvada yaratdı. Onun alın yazısı “süjet”i, təbii, içki düşkünü atasının, vərəmli anasının, xarab ətraf mühitinin alnındakılardan bünövrələnibmiş. Ata - hərbi cərrahlıqdan təqaüdə çıxıb “şərab əsiri” məşğuliyyətinə qurşanmaqla, qızlarını küçəyə çıxmağa qoymamaqla, əzazil çavuş kimi davrandığı oğullarına qorxudan siçan deşiyi axtartdırmaq və öz idiot xəsisliyilə bu “kişi qırnıqlarını” tay-tuşları yanında geyim-keçim, cib xərcliyi xəcilliklərinə qərq etdirməliymiş. Uzun illər “qayda güdüb, nizam sevən”, ərinə son dərəcə itaətkarlıq edən, bütün bunların bir fayda vermədiyini görüb, taleyinə boyun əyən vərəmli ana, nəhayətdə, heç nəyi vecinə almamaq qənaətinə gəlib, onsuz da əsəbi kişisini daha da hirsləndirmək höcətilə yaşamalı imiş. Uşaq-yeniyetmə-gənc Fyodor isə bu “möhtəşəm əzablar”dan sarsılmalıymış. Bu sarsıntı-sarsılmaların nəticəsi olaraq, gah ədalı, gah vəfasız, vərəmli, bədxərc, gənc qadınlarla tapışmalardan, izdivaclardan, boşanma-ayrılmalardan zinhara gəlməliymiş. Başdan-başa epik təbiət, kifayət qədər lirik qəlb sahibi ola-ola, mühəndis ixtisasına yiyələnib hərbi istehkam sahəsində çalışmalıymış. Sağ əli əsl və əbədi çörək ağacına çatar-çatmaz, haray-həşir naşirlərin, tənqidçilərin solaxay baryerlərinə dirənib, siyasətə meyllənməli, gənc liberallar (“Petraşevskilər”) qrupuna qoşulmalı, 28 yaşında yatağındaca həbs olunmalı, bir neçə an tüfəng lüləsindəki güllə ilə üz-üzə dayanmalı, ruhən “o dünyada” ikən çar çaparının gətirdiyi əfv sərəncamını eşitməli, ölüm cəzasının on il sürgünlə əvəz edilməsinə sevinməli, dörd il kürək cəzası, altı il zəruri hərbi xidmət məhkumiyyəti çəkməliymiş...
Lakin “sadəcə Fyodor”luqla bağlı bu alın yazısı böyük sürətlə “mürəkkəbcə Dostoyevski”liyə doğru sətirlənib-gedirmiş. Özü də fiziki-xronoloji sarıdan çox ləng irəliləsə də, irfani cəhətdən, təfəkkür-təxəyyül baxımından çox layiq-ləngərlə, özündən əvvəlki əsrlərin ildırım, sonrakı əsrlərin raket sürətilə gəlirmiş...
Bu sürət hələ vur-tut iyirmi bir yaşlı Fyodorun “uşaq” addımlarından iti, çox üstün idi. Get-gedə Sankt-Peterburqdan çıxıb Rusiyalaşmağa, Avropalaşmağa, dünyəviləşib-bəşəriləşməyə doğru yürüyən addımlar idi. “Siz problemin ruhunun ən dərinliklərinə gedərək bir neçə xətdə böyük bir gerçəyi ortaya qoymuşsunuz”, “Bu əzablı, lakin heyrətamiz üslub yolunu davam edə bilsəniz, böyük, dahi bir yazıçı ola bilərsiniz!” kimi ədəbi-tənqidi rəylərə ürcah gələn qədəmlər idi. Ən əsası isə, artıq, dahi Belinskinin də diqqətini çəkmiş bir gəliş idi...
İndi bircə problem qalırdı; bütün zamanlar və bütün bəşəriyyət üçün yonulmuş tanrısal Dostoyevski karandaşını “Yoxsul insanlar”, “Ev sahibəsi”, “Bəyaz gecələr”, “Netoçka Nezvanova” kimi çox maraqlı, amma həm də bir qədər lokal, haradasa, Fyodor avtobioqrafiyalığı çərçivəsindən xilas etmək...
Alındı. Etno-taleyindən “mujik”liyin də qırmızı xətt kimi keçdiyi Rusiyanı bütün dünyaya ədəbi-bədii kübarlıq, müdrik zadəganlıq assosiasiyası ilə təqdim edən misilsiz bir isim yarandı -

Dostoyevski!..

Daha “Fyodor”, “Mixayloviç” adlarına ehtiyac yox idi, sadəcə, Dostoyevski!
Məncə, belə bir fikrə şərik tapılar ki, Dostoyevski qələmi əlinə sadəcə yazmaq üçün yox, həm də insanların, kütlələrin, hadisələrin, təbiətin gizli saxladıqları hiss-həyəcanları faş edib, qaib duyğular sehr-sirlərindən intiqam almaq üçün götürürmüş. Deyim ki, bizim bu qənaətimizə tutarğanı müəllif özü verib; axı o, anasına zülmlər yaşadan atasının ölüm xəbərini eşidəndə, bunu çoxdan istədiyini düşünmüş və bu şüuraltı istəyin müdhişlik dərəcəsindən depressiyaya düşmüşdü! Bu gizlinini “Karamazov qardaşları” romanında Dmitri Karamazovun dilindən açmışdı: “Atamın ölümündə mənim heç bir günahım yoxdur, amma bu qətlin cəzasını çəkməyə hazıram! Çünki içimdən onu öldürmək keçirdi...”
Bəs, belə bir müddəaya da şərik olan tapılarmı ki, Dostoyevskinin bədii (mülki) hökmləri bütün hüquq-mühakiməvi cəzalardan, edamlardan, sürgünlərdən daha sərt, daha əzazildir. Məncə, onun təsvir əzablarını yaşamış Raskolnikova sonradan “buyur, istixarə et; edam, güllə, gilyotin, yoxsa Dostoyevski qələmi?” - deyə, təklif edilsəydi, birinciləri seçərdi...
Bir balaca huş-guşlanaq: sirli-sehrli və maraqlı olduğu qədər də əzablı dünya, sevib-vurulduğumuz, darılıb rədd etdiyimiz insanlar, gah istisinə qızındığımız, gah tüstüsündən kor olduğumuz təbiət, gözümüzdən sevinc və kədər yaşları axıdan hadisələr... Bunlar barədə nə qədər atalar sözü, analar qarğışı, zərb-məsəllər, dastan-qəzəllər də yaradılıb: “fani”, “gidi”, “vəfasız”, “iblis”, “vəhşi”, “daşqəlbli”... Sadaladıqca tükənməyəsi bu ifadələrin ən universal-ümumiləşdirilmiş obrazını Dostoyevski yaratmayıbmı? Bəli, “İdiot”! Bu romanı, yumru yumurtayabənzər bu dünyanı bir çox əsərlərilə (“Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evindən qeydlər”, “Cinayət və cəza”, “Gizlindən qeydlər”, “Qumarbaz”) dişinə vurmuş müəllifin bəşəriyyətə açıq məktubu da adlandırmaq olar, məncə.
Bəs səmavi kitabların, dinlərin, ruhanilərin, böyük mömin bəndələrin tarixən təlqin və təbliğ etdikləri əbədi qardaşlıq fəlsəfəsinin ədəbi durum, psixoloji qurum, qaçılmaz uçurum mənbəyi? Bu da Dostoyevski mülkünə mənsub deyilmi? Əlbəttə, “Karamazov qardaşlar”ı! Burada şəritdən asılmış məlum paltar bütün bəşəriyyətə mənsub namus elementi kimi ehtiva olunmurmu? Buradakı qohum-əqrəba münasibətləri, sevgi, məhəbbət, iqtisadi-güzəran ehtirasları dünyanın hər nöqtəsində eyni formatda qalxıb-düşmürmü, yek “dil”də danışıb-anlaşmırmı, bütün stomatoloji-psixoloji dişlər vahid beynəlmiləl iştahla qıcanmırmı!?.
Toxunduğu hər detalın, xarakterin, situasiyanın iç-içalatına qədər varan bir ədibdən bəhs edildiyi üçün, yazımın bu odacığında belə bir jarqon da işlədim ki, “acı bağırsaq” kimi uzanan bu mövzunu nəhəngliyi haqda heç bir frazaya ehtiyac olmayan Albert Eynşteynin sözləriylə tamamlayıram: “Mən kəşflərə nə qədər səy göstərsəm də, Dostoyevskinin tapdıqlarını tapa bilmədim...”
Yox, daha bir “tamamlama işi”nə ehtiyac duydum. Belə ki, bu ədib yazıçı yox, şair olsaydı, növbəti yarımbaşlığım tamamilə yerinə düşmüş olardı:

“Heyrət, ey büt!..”

Dostoyevski həyatı, Dostoyevski dövrü ilə əlaqədar nəyə, nələrə, hansı qaranlıq məqamlara təəssüflənsəm də, onun dövrünü bizə əyani göstərəsi kino-kamera texnikasının olmamasına heç vaxt darılmamışam. Çünki onun yaratdığı bütün digər elementlər bir yana, elə təkcə Sankt-Peterburq, o şəhərin çiskinli küçələri, dalanları, nərmənazik qızların, gülərüz “babuşka” və “deduşka”ların başlarına tutduqları çətirlər, bəyaz gecələr, o balta, miskin polis, zavallı Netoçka... hər şey, hamı kinofilmlərdə, telekanallarda gördüyüm bütün Rusiyalıqlardan daha vizual, daha virtualdır. O, ədəbi söz və fikirləri, ənənəvi arxaizm və sillogizmləri əbədi qaydalar məhvərindən çıxarıb, orijinal bir Rusiya, yeni psixo-etnoloji, filoloji, bəzi nüanslarda patoloji rus yaratmışdır...
O, Rusiya ordusunun işğal etdiyi və etmək istədiyi bütün ərazilərin ins-cinslərinin könüllərini zəbt etmiş və etməkdədir. Ümumdünya qəlblərinin bu bədii imperatoruna qarşı yeganə müxaliflik bu ola bilər ki, hər şeyin bir əndazəsi olduğu halda, nədən sənin təsvir-təsəvvürlərinin, psixo-ekskursiyalarının bir sonu, duyğu-düşüncələrimizin dərk dədəsini yandıran alovlu üslubunun, “su kimi lətafəti”, “yoxdan var olması” çoxdan təsdiqlənmiş sözünün bir hədd-səddi olmasın!?.
Bunlar onun yazılarında olmasa da, gərəkdir ki, onun haqqında olan bu yazıda olsun...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar