bu TV bir sir-sehrli “pəncərədir” - hər gələn baxar, sevər...

1926-cı il noyabrın 6-da “Danışır Bakı!” səslənişilə ümummilli SƏSimiz eşidilməyə, 1956-cı il fevralın 14-də “Göstərir Bakı!” söylənişilə ümummilli SİFƏTimiz görünməyə başladı. İndi rəsmi və xəlqi tribunamızdan eşidilən SƏSimizin 90, görü-görsənişimizin 60 yaşı var.
İndi, sözügedən o səsin ilkini eşidənlərdən bu günə sağ qalanlar ya bir olar, ya iki, sifətimizi görənlər isə bir-iki faiz ola, ya olmaya...

Deyək ki, indi durub bu yığcam yazıda televiziyamızın “qədim”liyindən danışmaq, “nə yaxşı ki, bizim də televiziyamız var!” eyforiyasına qapılmaq fikrində deyilik. Heç bu baş TV-mizin otuz ildən çox yarı milli-yarı lilli, bir sözü ağ, biri qırmızı, “doğdu günəş qırmızı” fəaliyyətinə mətbu “panoram” etmək cəhdindən də uzağıq. Amma bunları demək gərəkdir ki, həmin illərdə Azərbaycan xalqını verilən imkanlar daxilində göstərmiş Azərbaycan Televiziyası özünü öz istedadlı texnomütəxəssisləri, reportyorları, aparıcıları, diktorları və başqa görəvliləri sayəsində İttifaq miqyasında da göstərə bilmişdir. Ölkənin kütləvi elektron-informasiya məkanında ən yaşlı və başlı olan bu TV-nin “filmoteka” adlanan zəngin “kitabxana”sında neçə-neçə dahilərin, ədiblərin səs və görüntü imzaları, “aldanmış kəvakib” taleli əmək qəhrəmanlarının “surət” yadigarları vardır.
Hə, bir qədər də bizim bu ən keçmiş və müasir canlı Həmsöhbət-vizual Müsahibimizin -

Tarixçəsindən...

Öncə (bir vaxtlar televizyonçu olmuşlardan biri olaraq) deyim ki, haqqında yazmaqda olduğum bu aləm, sözün həqiqi mənasında özgə bir aləmdir! Bütün ətrafa və dünyaya güzgü olan bu obyektə “aləmi bəzər, özü lüt gəzər” zərb-məsəlindən də baxmaq olar. Yəni, bir az keçmişdə diktorlarından, indilər aparıcılarından başqa, hər şey və hamı görünməz - kadr arxasında. Üstəgəl, uğurları haqda adətən susular, qüsurları barədə isə “tutuquşu”lanar. Əksəriyyət nəzərə almaz ki, bu fağır obyekt ümumölkəvi-bədənnüma Güzgüdür və biz necə varıqsa, o da onu göstərir...
Əlqərəz.
Bakı televiziyası binasının inşasına 1954-cü ildə (sonralar “Mehdi Hüseyn küçəsi -1” adlanacaq ünvanda) başlanıb, 1955-ci ilin sonunda təhvil verilib. İlk veriliş günü ekranda görünən gənc aktrisa Nəcibə Məlikova “Göstərir Bakı!” kəlməsilə sözə başlayıb, tamaşaçıları Azərbaycan televiziyasının fəaliyyətə başlaması münasibətilə təbrik edib, ardınca “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Növbəti ilin fevralınadək buradan yalnız sınaq verilişləri yayımlanıb.
Telemütəxəssis qıtlığı ucbatından həftədə iki-üç dəfə 2 saatlıq proqramla efirə çıxan Bakı studiyasına radio, qəzet və teatr əməkdaşları dəvət edilir və onlar hər gün toplaşaraq tamaşaçılara “hansı keyfiyyətdə” məsələsi üzərində yox, “nə və necə göstərmək” dilemmaları üzərində düşünürmüşlər. Seçim, təqdim “ədava”ları çox qıt imiş; klassik və estrada musiqiləri, muğam və xalq mahnılarından ibarət konsertlər, bədii film, tamaşalar, ictimai-siyasi mövzuda müsahibələr, “xarüqələr yaradan” əmək qabaqcıllarının çıxışları, diktorların qəzetlərdən oxuduqları 10-15 dəqiqəlik “xülasə” və... vəssalam.
İki il sonra həftədə 5 dəfə efirə çıxmağa başlayan bu televiziyanın gündəlik yayımı 2 saat 20 dəqiqəyə, 1962-ci ildən 7, 1970-dən 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə ana televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçdi.
İlk iki ilə yaxın müddətdə ayrıca fəaliyyət göstərən “Bakı televiziya studiyası” 1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq “Radioinformasiya” İdarəsi ilə birləşdirildi və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırıldı. 1970-ci ildə bu qurum Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı. 1991-ci ildə komitə şirkətə çevrildi. 2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti”nə çevrildi.
Hörmətli oxucularımızın (onlar həm də tamaşaçıdırlar) statistik “maraq şkalası”nı nəzərə alıban, Azərbaycan Televiziyası Yolunun saysız cığırları haqda xronikal məlumatlardan yan keçərək, seçmə-özək faktlara toxunaq. Məsələn;
- sonradan AzTV meydanına çıxan istedadlı (və yaradıcı) diktorlar nəslinin bir neçə nümayəndəsi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofeliya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlim, Rafiq Həşimov və başqaları.
- yaddaşlarımızda retrolaşmaqda olan maraqlı verilişləri: “Odlar diyarı”, “Zaman və biz”, “Tələbə klubu”, “İnsan və qanun”, “Şən və hazırcavablar klubu”, “Sizinlə birlikdə”, “Karvan”, “Ədəbiyyat və zaman”, “İncəsənət”, “Palitra”, “Hekayə axşamı”, “Yumoristik novellalar”, “Kamillik”, “Arzular”, “Səhər görüşləri”, “Dalğa”, “Komediyalar aləminə səyahət”, “Publisist studiyası”, “Dünyamıza misra-misra baxıram”, “Çay dəstgahı”, “Caz aləmində”, “Evrika”, “Qoşma”, “Retro”, “Bayatı”, ünlü televiziya tamaşalarından “Ötən ilin son gecəsi”, “Mən, sən, o və telefon”, “Şur”, “Dindirir əsr bizi”, “Topal Teymur”, “Ordan-burdan”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz”, “Qatarda”, “Kökdən düşmüş piano” və s. Bu televiziyanın indiki maraqlı proqramlarının hamısı haqda yazmaq qəzet “xronometraj”ındankənar məsələ olsa da, “Turan elləri”, “Poeziya” və “Klassik irsimizdən” verilişlərini qeyd etmək məmnuniyyətindəyəm.
- və nəhayət, 60 ildir xalqın göz yetirdiyi, ümummilli əxlaq, həya, tərbiyə, ağırbatmanlıq özgürlüyünü saxladığına görə, bəzilərinin, xüsusən, nəvə-kanalların “söz” yetirdiyi bu “qoca”, “dədə-baba” AzTV-nin sədrləri: Ənvər Əlibəyli, Teymur Əliyev, İmran Mirzəyev, Qurban Yusifzadə, Elşad Quliyev, Qeysər Xəlilov, Məmməd Murad, Məmməd İsmayıl, Babək Məmmədov, Nizami Xudiyev və Arif Alışanov.

Son “titr”:

“Xəbərlər”i... sözün kosmetik anlamında yox, həqiqi mənasında dəqiq, ədəbi-bədii, musiqi, mədəniyyət, idman proqramları savadlı, başqa kanalların “moltanı” leksikonlarından fərqli olaraq - saf, ədasız Azərbaycan dilində, reportyorları mordagöstərmək hərisliyindən uzaq, aparıcıları reklamoqrafiya iddiasından uzaq və bütün bunların harmoniyasında xalqa çox yaxın bir TV...

Tahir Abbaslı








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar