Arxeoloji tədqiqatlar qədim tarixə işıq salır

Paleolit abidələrinin öyrənilməsində mərhələlər

Qazax-Ağstafa rayonları ərazisində daş dövrünə aid ilk materiallara 1950-ci illərin əvvəllərində Avey dağında rast gəlinmişdir. Burada Damcılı mağarasında mustye, son paleolit, neolit-mezolit və orta əsr materialları qarışıq halda tapılmışdır. Qazıntı materialları içərisində dördüncü dövr faunası (maral, ceyran, sayqak, at, keçi və s.) ayırd edilmişdir. 1961-ci ildə Şıxlı kəndi yaxınlığında maili düzənliyin şimalında Qədirdərə, Çaxmaqlı, Marallı açıq paleolit abidələri aşkar edilmişdir.
Hələ 1957-ci ildə tarix elmləri doktoru M.Hüseynovun rəhbərliyi ilə paleolit ekspedisiyası Avey dağının şimalında Daşsalahlı mağara düşərgəsini açmışdı. Sonrakı illərdə İncə çayının yuxarı axarı və Kəkil dağ ətrafında yeni daha qədim paleolit emalatxana və yaşayış yerləri açılmışdır. 1961-1965-ci illərdə Həsənsu çayı hövzəsində Köçəsgər, Şiş quzey aşel-mustye yaşlı yaşayış yerləri qeydə alınmışdır. 1980-ci illərdə Kür çayının sol sahilində Keşik dağın cənub ətəyində Ağgöl ətrafında aşel və mustye dövrlərinə aid Qaraduz, Qarabığ, Sarıburun kimi abidələr aşkar edilmişdir.

Abidələrin yerləşdiyi ərazilərdə geoloji-coğrafi şərait

Geomorfoloqların müşahidələrinə görə, dördüncü dövrün əvvəllərində Ağstafaçay - Sınıq körpü arasında böyük göl mövcud olmuşdur. Abidələr də bu hövzə ətrafında yayılmışdır. Qismən hündür terraslar ətəyində yerləşən yaşayış yerləri daha qədim yataqlarla əlaqədardır. Kür çayının sağ sahili II Şıxlı və Köçəsgər kəndləri arası alçaq dağlıq ətəyi zolaqda yayılmışdır.
Bu zolaqda yuxarı aşel abidələri ilə Xəzər dövrü terrasları, maili düzənliyin ətəyindəki abidələr Xəzər-Xvalın dövrünə uyğun gəlir. Son paleolit abidəsi isə Xvalın dövrü səkilərlə bağlıdır. Kür çayının sol sahilində isə Ağgöl ətrafı horizontal terraslarda Keşik dağı ətrafında aşel-mustye dövrlərinə uyğun gələn sırf andezit daşından hazırlanmış yaşayış yerləri və emalatxana yerləri mövcud olmuşdur.
Geoloqların müşahidələri göstərir ki, Abşeron Ağçaqıl ərəfəsində Xəzər dənizi Poylu-Saloğlu stansiyaları yerinə kimi gəlib çıxırmış. İndiki tirə və düzənliklərin yarğan və qobularla şimal-cənub istiqamətində parçalanması dördüncü dövrün ortalarından intişar etməyə başlamışdır. Ceyrançöl ərazisinin daha qədim geoloji dövr kəsilişlərində heyvan və bitki qalıqları tapılmışdır.

Düşərgə materiallarının texniki-tipoloji təhlili

Qayalı abidəsində texniki özül orijinaldır. Düzbucaqlı qabarıq üzü, iki qütblü nüvələr bu abidə üçün xarakterik üçbucaqlı və aşel tipli nüvələrə də rast gəlinir. Şiş quzey abidəsində qısa qalın qəlpə və lövhələr üzərində mükəmməl işlənmiş yan qaşovu, uc qaşovu, iri dimdikli və biz burun alətlər rol oynayır. Çaxmaqlı abidəsində də bu inkişaf yollu təsərrüfat meylli materiallara rast gəlinir.
Köçəsgər düşərgəsində nüvələr üçbucaq və dördbucaq olub bir-iki qütbdən bir üzlü işləniblər. Alətlər itiuclu və müxtəlif qaşovlardan ibarətdir. Qədirdərədə diskşəkilli, üçbucaq və dördbucaqlı bir üzlü nüvələrə rast gəlinir. Alət tərkibi çoxnövlü və çoxsaylıdır.
Ceyrançöl abidələri xammalı, texniki əsası, alət tipləri, təsərrüfat yönümü Azərbaycan abidələrindən köklü surətdə fərqlənir və yeni mədəniyyət ocağı yaradır.
Kolleksiyaların müqayisəli təhlili göstərir ki, Şıxlı qrupu abidələrindən Qayalı düşərgə emalatxanası ilə Köçəsgər qrupu abidələrindən Şiş quzey düşərgəsi materialları bir texniki səviyyədədir. Bu texniki inkişaf xətli abidələrdən Çaxmaqlı, Damcılı mustye düşərgəsi də bu texniki davamın sonrakı mərhələsi kimi görünür.
Qədirdərə düşərgəsi çox təsərrüfat sahəli rəngarəng tipologiyalı, Kür yaşayış qalıqları bəzi alət tipləri ilə qəlpələmə texnikası, hazırlıqları, Daşsalahlı və Köçəsgər düşərgələrinin müəyyən mərhələsinin alətləri ilə sıx yaxınlıq yaradır.
Ceyrançöl abidələrində nüvələr diskşəkilli, tək-tək isə bir və iki qütblüdür. Qaraduz emalatxana-düşərgədə kobud çapma aləti, kolun (balta) tipli alət, tək-tək bir və iki yanlı qaşov, uc qaşovu, çoxvəzifəli alət, bıçaqlar vardır. Qarabığ abidələrində gur yaşayışdan zəngin alət tərkibi qalmışdır. Kiçik çox işlənmiş nüvələr uc və yan qaşovları, bütün kənarları işlənmiş qəlpələr, biz burun, gəzli-dişli alətlər və bıçaqlar vardır. Sarıburun yaşayış yerində əl çapacaqları, kolun (balta), enli qaşovlar, iskənə tipli alətlərə rast gəlinir.

Daş dövründə mədəni ocaqlar və onların xüsusiyyətləri

Abidələrdə qəlpələmə üsulları, nüvə formaları, texniki səviyyə, alət növləri və kəsər, ağız hissələrinin dişəkləmə üsullarına görə fərqli və ümumi cəhətləri tutmaq olur. Kəkil (Qayalı), Şiş quzey, Ceyrançöl (Qaraduz, Sarıburun) abidələri Qərbi Azərbaycanda qədim paleolitin orta (aşelin orta və üst) mərhələsində uyğun gəlir. Birincilər müxtəlif arxaik nüvəli, üc qaşovu, burun uclu alətləri, iskənə şəkilli kəsərləri ilə seçilən abidələrdir.
Hələlik məlum olan qədim paleolit qatının əvvəlini təşkil edən abidələrdən digəri Ceyrançöl paleolit yaşayış yeridir. Texniki əsas xammal alət tipləri dişək növləri Kiçik Qafqaz ətrafı aşel abidələrindən köklü fərqlənir. Kolun (balta), dəhrə formalı alətlər uc qaşovları, bıçaqlar yeni formadadır. Ceyrançöldə yeni aşel mədəniyyəti özünü göstərir.
Müstye dövrü abidələrindən Qədirdərə, Köçəsgər, Daşsalahlı tipik müstye tərkibli tipologiyaya malik abidələrdir. Bu yaşayış yerlərinin əsas alətləri itiuclu, qaşov, buruncuqlu-gözlü xarakterdədir. Yataq yeri isə yuxarı paleolitin orta mərhələsinə uyğun gəlir. Əgər son paleolitin ilk rüşeymlərini Tağlarda görürüksə, birinci pilləsi Zarda, son mərhələsi Damcılıda nəzərə çarpır.

M.Mənsurov
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Ə.Dadaşzadə
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı

M.Mursaquliyev
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar