Azərbaycan

27 fevral 1901 - Görkəmli nasir, Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (1901 - 2.2.1983) Yelezavetpol quberniyası Zəngəzur qəzasının (indiki Ermənistanın Sisyan rayonu) Ağudi kəndində anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. Bir sıra mətbu orqanlarda məsul vəzifələrdə çalışıb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Narahat adam”, “Ötən günlər” və s. kitabların müəllifidir.
27 fevral 1950 - Musiqişünas, sənətşünaslıq doktoru, professor AMEA-nın müxbir üzvü Rəna Azər qızı Məmmədova-Sarabskaya anadan olub. “Azərbaycan muğamı”, “Musiqili türkologiya” və s. kitabların müəllifidir.

28 fevral 1894 - Xalq artisti, görkəmli aktyor Mustafa Həşim oğlu Mərdanov (1894 - 28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Tiflisdə Azərbaycan teatrında, Bakıda Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Həsən bəy), “Əhməd haradadır?” (Məmməd), “Qanun naminə” (Murtuzov) və s. filmlərdə çəkilib. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.
28 fevral 1918 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918 - 4.1.2000) Kazan şəhərində doğulub. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.
28 fevral 1952 - Xalq artisti, bəstəkar Eldar Bəhram oğlu Mansurov anadan olub. Populyar mahnıların, bir neçə simfoniya, simfonik muğam və s. musiqi əsərlərinin müəllifidir.
28 fevral 2004 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (9.2.1925 - 2004) vəfat edib.

29 fevral 1913 - Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Qafar oğlu Məmmədxanlı (1913 - 19.12.1990) Göyçayda anadan olub. "Şərqin səhəri", "Od içində", "Şirvan gözəli" pyeslərinin, nəsr əsərlərinin müəllifidir. "Fətəli xan", “Leyli və Məcnun", "Babək" filmlərinin ssenarisini yazıb.

1 mart 1920 - Azərbaycanın ilk rəsmi informasiya qurumu - Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib. 2000-ci ildən yenidən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.
1 mart 1928 - Rus dilində nəşr olunan “Vışka” qəzetinin ilk sayı işıq üzü görüb.
1 mart 1945 - Şair, tərcüməçi Dilsuz (Mustafayev Dilsuz Murtaza oğlu) Tərtər rayonunun Buruc kəndində anadan olub.
1 mart 1952 - Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Ərşad oğlu Dadaşov Ağdamda doğulub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Dünya

27 fevral 1807 - Amerika şairi Henri Uodsuort Lonqfello (Henry Wadsworth Longfellow, 1807-1882) anadan olub.
27 fevral 1902 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck, 1902 - 20.12.1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.
27 fevral 1932 - Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932 - 23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.

28 fevral 1533 - Fransız filosofu və yazıçısı, İntibah dövrünün məşhur mütəfəkkiri Mişel Monten (Michel de Montaigne; 1533-1592) anadan olub.
28 fevral 1823 - Tanınmış fransız tarixçisi, yazıçı və şərqşünas Jozef Ernest Renan (Joseph Ernest Renan, 1823-1892) anadan olub. Peyğəmbərlər haqqında kitabların müəllifidir.
28 fevral 1926 - Türk aktyoru Erol Taş (1926-1998) anadan olub. Filmlərdə yaratdığı mənfi tipajlarla tanınıb.

29 fevral 1796 - Belçikalı sosioloq, elmi statistikanın banilərindən biri Adolf Ketle (Lambert-Adolph-Jacques Quetelet, 1796-1874) anadan olub.
29 fevral 1792 - Görkəmli italyan bəstəkarı Coakkino Rossini (Gioachino Antonio Rossini, 1792-1868) anadan olub. Məşhur “Sevilya bərbəri” və 40-dək başqa operanın müəllifidir.
29 fevral 1860 - Amerika ixtiraçısı və mühəndisi, ilk elektron hesablama maşınının (tabulyator) yaradıcısı Herman Hollerit (Herman Hollerith; 1860-1929) anadan olub. İBM kompüter korporasiyasının yaradıcılarından biridir.
29 fevral 1920 - Rus opera müğənnisi, aktyor, SSRİ Xalq artisti İvan İvanoviç Petrov (Krauze), 1920-2003) anadan olub. “Başsız atlı” filmində Zeb Stamp rolunda çəkilib.

1 mart 1445 - Məşhur italyan rəssamı Sandro Bottiçelli (Botticelli; əsl adı - Alessandro di Mariano di Vanni Filipepii, 1445 - 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” və s. əsərləri İntibah incəsənətinin məşhur nümunələridir.
1 mart 1888 - Ukrayna yazıçısı, pedaqoq Aleksandr Sergeyeviç Makarenko (1888-1939) anadan olub. Əsərləri: “Pedaqoji poema” (roman), “30-cu ilin marşı” (povestdə müəllifin Bakıya səfəri, neftçilərin həyatı da təsvir edilib).
1 mart 1892 - Yapon yazıçısı Ryunoske Akutaqava (1892-1927) anadan olub.

Hazırladı: Vüqar Orxan